Çar imperiyasının köçürmə siyasəti nəticəsində Osmanlı və İran imperiyalarının erməni əhalisi XIX əsrin əvvəllərində Azərbaycanın şimalında, əsasən, Qarabağ, İrəvan, Gəncə və Naxçıvanda yerləşdirilmişdir ki, bu da bu bölgələrdə demoqrafik vəziyyətə kəskin təsir etmişdi. Çar imperiyasının köçürmə siyasətinin əsas məqsədi I Pyotrun 10 noyabr 1724-cü il tarixli fərmanında da nəzərdə tutulmuş Azərbaycanın bu hissəsində erməni dövləti yaratmaq vədinə əməl etmək idi.[1] 1828-ci və 1848-ci illərdə Rusiya imperiyası tərəfindən “Erməni vilayəti” və İrəvan quberniyasının yaradılması siyasi hədəflər, eləcə də Cənubi Qafqaz və qonşu ölkələrə genişlənmək məqsədilə ermənilərdən istifadə etmək niyyətində olan Rusiya imperiyasının Şimali Azərbaycanda erməni dövləti yaratmaq vədinin həyata keçirilməsində mühüm addım oldu. Beləki, XIX əsrin son rübündə xaricdə yaşayan ermənilər arasında terrorçu milli qrupların yaradılmasına başlanıldı. Bu terror təşkilatları ilkin olaraq xeyriyyə təşkilatları kimi formalaşmış və fəaliyyət göstərmişlər. Hınçak və Daşnakstyun komitələri XIX əsrin son rübündə ən tanınmış və ən fəal erməni təşkilatları idi.
Hınçak (Zəng səsi) komitəsi Rusiya erməniləri tərəfindən 1886–1887-ci illərdə İsveçrədə qurulmuşdur. Komitənin əsas məqsədi Azərbaycanda, Osmanlı və İran torpaqlarında yaşayan erməniləri birləşdirərək “Böyük Ermənistan” yaratmaq idi. Komitəni rus erməniləri İsveçrədə yaratsalar da, sonradan onun mərkəzi İsveçrədən Londona köçürülmüş və Britaniya imperiyasının təsiri altına düşmüşdür.
Erməni Milli Daşnaksütyun Komitəsi 1890-cı ildə Tiflisdə yaradıldı. Bu komitənin əsas məqsədi fəaliyyət göstərən bütün erməni dərnəklərini birləşdirərək türklərə qarşı üsyanlar qaldırmaq idi.[2] Daşnaksütyun Komitəsinin yaradılmasından sonra Osmanlı və Azərbaycan ərazisində müsəlman türk əhaliyə qarşı qanlı hadisələr törədilməyə başlanmışdır. Bu iki təşkilatın fəaliyyətinə nəzər saldıqda, müsəlman türk əhalinin yaşadığı bölgələrdə onların dəstəyi ilə çox saylı təxribat və üsyanların qaldırıldığını görürük. Hınçak təşkilatının törətdiyi ilk qanlı hadisə 1890–1892-ci illər arasında Osmanlı dövlətinin cənub-şərq vilayətlərində 65000 günahsız müsəlmanın (türklər və kürdlər) öldürməsidir. Bunun ardınca da, 1894-cü ildə başlayan Sasun üsyanları da bu komitələr tərəfindən təşkil edilərək on ildən çox davam etmişdir.[3] Erməni terrorist təşkilatları tərəfindən belə qanlı hadisələr 1905–1906-cı illərdə Azərbaycanda həyata keçirilmişdir.[4]
Tarixdə ilk dəfə erməni-azərbaycanlı qanlı toqquşması 1905-ci ilin yanvarında Rusiya burjua inqilabının başlaması ərəfəsində ortaya çıxmışdır. Ermənilər inqilabi şəraitdən istifadə edərək 1905-ci ilin fevral ayında Bakıda törətdikləri qanlı hadisələri qısa bir zamanda Azərbaycanın digər bölgələrinə də yaydılar. 1905–1906-cı illərdə Qarabağ qanlı hadisələrin ən qaynar nöqtəsinə çevrildi. Qarabağdakı hadisələrdə ermənilərə ən çox yardım edənlər Qarabağ və Tiflisdə yerləşən rus hərbi qarnizonları oldu. Erməni vəhşiliyinin əksər qurbanları Şuşada olmuşdur, ermənilər burada şəhər əhalisinin təxminən yarısını təşkil edən minlərlə azərbaycanlını qətlə yetirmişlər.[5]
Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində 1905–1906-cı illər erməni-azərbaycanlı qanlı hadisələrindən aydın bir şəkildə bəhs edir. Müəllif, hadisələrə bir başa şahid olduğundan, dövrün mətbuat xəbərləri, rus zabitlərinin protokol yazılarından və zərər çəkənlərin şikayət məktublarından faydalanaraq qələmə aldığı əsərində, bu hadisələrin əsas başlama səbəbi olaraq dörd arqumenti göstərməkdədir:
1. Daşnaksütyun Komitəsinin terror fəaliyyətləri və Azərbaycanın müxtəlif bölgələrində 400-dən çox qanlı hadisənin çıxarılmasında bir başa iştirak etmələri;
2. Çar Rusiyasının erməniləri açıq aşkar dəstəkləməsi və dövlət məmuarlarının erməni silahlı dəstələrinin əməllərinə göz yummaları;
3. Müsəlman əhalinin bilgisizliyi, təhsilsizliyi və cərəyan edən siyasi proseslərdən və hadisələrdən xəbərsizliyi. Bu arada müsəlman əhali silahsız, hazırlıqsız və baş verən beynəlxalq proseslərdən xəbərsiz idi;
4. Ermənilərin bölgədə avtonom-müstəqil erməni dövləti yaratmaq istəmələri və bu işdə xarici ölkələrdən (Rusiya, İngiltərə, Fransa və ABŞ) dəstək almalarıdır.[6]
Bütün bunları nəzərə alaraq, Qarabağ ərazisini, sonra isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini əhatə edən Şuşa qəzasında XIX əsrdə dəyişən demoqrafik vəziyyətin tədqiqi sonrakı qanlı hadisələrin baş verməsini izah etməyə kömək edir. Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində ermənilərin Osmanlı və Qacar imperiyalarından Azərbaycana köçürülməsi və məskunlaşdırılması Qarabağ əhalisinin etnik tərkibinə kəskin təsir göstərmişdir. Artıq Şuşa qəzasına gətirilib yerləşdirilən ermənilərin sayı 1886-cı ildə buradaki əhalinin 58%-ni təşkil edirdi. 1897-ci ildə aparılan siyahıyaalmaya görə Qarabağın ümumi əhalisinin 415721 nəfərdən ibarət olduğu və onların da 59.5%-i azərbaycanlılara, 39.5%-i ermənilərə və 1%-i isə ruslara aid olmuşdur.[7]
Yuxarıda qeyd edilən 1897-ci il rusların həyata keçirdiyi siyahıyaalmaya görə Cənubi Qafqazda cəmi 900 min erməninin yaşadığı görülür. On il sonra Rusiyalı tarixçi Şavrovun verdiyi məlumata görə isə 1911-ci ildə ermənilərin Qafqazdakı sayı artıq 1.3 milyon idi. Beləliklə, təxminən 15 il ərzində ermənilərin sayı 400 min (45%) artdı ki, bu da onlara Cənubi Qafqazda öz milli maraqlarını xeyli siyasiləşdirmək şansı verdi. Nəticədə ermənilər Cənubi Qafqazın siyasi proseslərində həlledici rol oynayan üç əsas etnik qrupdan biri kimi Rusiya imperiyasının Dövlət Dumasına öz nümayəndələrini göndərmək hüququ qazandılar.
[1] Nəcəfli, G. Qarabağın xristian məlikləri və ermənilərin Qarabağda dövlət yaratmaq cəhdləri // Renessans. – 2006. № 3–4. – s. 64–68.
[2] a.k.ə. Sakarya, İ. Belgelerle Ermeni Sorunu. – s. 73–92. Həmçinin bax: a.k.ə. Uçarol, R. Siyasi Tarih (1789–1994). – s. 377. Həmçinin bax: Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri. XIX–XX əsrlər: müxtəsər xronoloji ensiklopediya. – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. – 2003. – s. 13–18.
[3] Rusiyanın Erzurumdakı Baş Konsolu Mayevskinin qeydləri / tərcümə edən: Vasif Quliyev. – Bakı: “Azərbaycan” nəşriyyatı. – 1995. – s. 6–10. Həmçinin bax: a.k.ə. Sakarya, İ. Belgelerle Ermeni Sorunu. – s. 93–127.
[4] a.k.ə. Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə: [3 cilddə] . – c. 2. / tərtibçi müəlliflər: T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov. – 2010. – s. 38–109, 456–559.
[5] Yenə orada, s. 38–109, 456–559. Həmçinin bax: Ordubadi, M.S. Qanlı illər: 1905–1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. – Bakı: “Qafqaz” nəşriyyat evi. – 2007. – s. 42–52. Həmçinin bax: Nəvvab, M.M. 1905–1906-cı illərdə erməni-müsəlman davası. – Bakı: “Azərbaycan” nəşriyyatı. – s. 36–37–40–41.
[6] a.k.ə. Ordubadi, M.S. Qanlı illər. – s. 5–11.
[7] a.k.ə. Кавказский календарь Российской империи 1897. – c. 230–233.