1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri qırğınlar Rusiya imperiyasında Oktyabr inqilabından sonra Bakı Xalq Komissarları Sovetinin Bakını mühasirəyə alması ilə bilavasitə bağlı idi. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyan idi. Belə ki, Oktyabr inqilabından sonra S.Şaumyan Rusiya Xalq Komissarları Sovetinin sədri V. İ. Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuşdu. 1917-ci ilin dekabrında S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi Bakıdakı siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Rusiya İmperiyasının Birinci Dünya müharibəsindən çəkilməsi nəticəsində Qafqaz cəbhəsindən geri qayıdan əsgərlərin bir hissəsi vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplanmağa başladılar. Bu əsgərlərin Bakıda saxlanılmasında S.Şaumyan böyük fəallıq göstərirdi. Bunun nəticəsi olaraq 1917-ci ilin sonu və 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin Azərbaycan milli qüvvələrinə qarşı açıq mübarizəsi başlamış oldu.[1]
Azərbaycanda milli qüvvələrə başçılıq edən “Müsavat” partiyasının getdikcə artan nüfuzundan qorxuya düşən bolşevik-daşnak qüvvələri Bakını inqilabla əksinqilab arasında mübarizə meydanına çevirdilər. Bakı Xalq Komissarları Sovetinin Bakı Soveti Qırmızı Ordu bayrağı altında toplanmış 20 min silahlı əsgəri var idi. Bu ordunun əksəriyyəti daha əvvəl Anadoluda qırğınlar törətmiş erməni quldur dəstələrindən ibarət idi. 1918-ci ilin martında Bakıda siyasi vəziyət son dərəcə gərginləşdi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevik və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın müstəqilliyi uğrunda inamla mübarizə aparırdı. Beləliklə, Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Şaumyana yaxşı məlum idi ki, Bakıdakı Azərbaycan milli qüvvələri sayca az və əsasən zəif silahlanmışdırlar. Ona görə də bu fürsətdən istifadə edərək Azərbaycan əhalisinə qarşı qırğınlar törətməyə başladı.[2]
1918-ci il mart ayında Lənkəranda hərbi xidmətdə olduğu zaman silahla ehtiyatsız davrandığı üçün Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev həlak oldu. Mərhumun cənazəsini Bakıya gətirən 48 əsgərdən ibarət kiçik müsəlman diviziyası bolşevikləri təşvişə saldığı üçün onlar müsəlman diviziyasından silahlarını təhvil vermələrini tələb etdilər. Lakin müsəlman əsgərləri bolşeviklərin tələbini rədd etdilər və nəticədə bolşeviklər tüfəng və pulemyotlardan atəş açdılar. Martın 29-da Məhəmməd Tağıyevin cənazəsini daşıyan “Evelina” gəmisinin tərksilah edilməsi ermənilərin Bakının müsəlman əhalisinə qarşı qırğınlara başlamaq üçün yaxşı bəhanə oldu. Belə ki, Talışinskinin rəhbərliyi ilə fəaliyyət göstərən müsəlman diviziyasının qərargahına hücum edildi. Daşnak-bolşevik qüvvələri Şaumyanın əmri ilə qərargah üzvlərini tərksilah edərək həbs etdilər. Onlardan Bakını tərk edərək “Evelina” gəmisində Lənkərana gedilməsi tələb olundu. Lakin “Evelina” şəhəri tərk etməyə başlayanda ermənilər onu atəşə tutdular. Bu hadisələr Bakının müsəlman əhalisinin qəzəbinə səbəb oldu və onlar daşnak-bolşevik qüvvələrinin şəhərdə törətdikləri vəhşiliklərə etiraz etməyə başladılar. Onlar müsəlman diviziyasına silahların qaytarılması və heyətin azad edilməsini tələb etməyə başladılar. Müsəlman əhalinin bu hərəkətini daşnak-bolşevik qüvvələri siyasiləşdirərək, onları qətlə yetirmək üçün bəhanə olaraq istifadə etdi. Onlar martın 30-da Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsini yaratdılar. “Daşnaksütyun”partiyasının və Erməni Milli Şurasının üzvləri gedən proseslərdə fəallıqla iştirak edirdilər. Məsələni milli problemə çevirən Şaumyan və onun həmfikirləri Azərbaycan xalqına qarşı soyqırımı hərəkatına başladı. “Evelina” gəmisindəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissələrində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak və Erməni Milli Şurasının hərbi dəstələri azərbaycanlılara ilk atəşi açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. Həmin məhəllələri dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Buna görə də şəhərin müsəlman məhəlləsi də Rusiya hərbi gəmiləri tərəfindən dənizdən bombalandı. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Bu arada daşnak-bolşevik qüvvələri şəhərin müsəlman məhəlləsində öz vəhşiliklərini davam etdirirdilər. Daşnak-bolşevik qüvvələri müsəlman əhaliyə mərhəmət göstərməmiş, onları yandırmış, hamilə qadınları dözülməz işgəncələrlə qətlə yetirmiş, evlərini qarət etmişlər.[3]
Daşnaklar Bakı Sovetinin adından istifadə edərək azərbaycanlılara qarşı millətçi-şovinist siyasətlərini həyata keçirirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin 15 iyul 1918-ci ildə qırğınları araşdırmaq üçün qurduğu Fövqəladə Təhqiqat Komissiyasının[4] sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin Mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək azərbaycanlı öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiş, uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığını incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.
Mart soyqırımı və ya Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində törədilmiş qırğınlar idi. Daha sonralar isə 1920-ci ilin baharına qədər Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qərbi Azərbaycan torpaqlarında da ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar davam etmişdir. Bakıdan sonra dəhşətli qırğın hadisələrindən biri də Şamaxıda törədilmişdi. Şamaxıya S. Lalayanın başçılığı ilə 3 minə qədər erməni əsgəri göndərilmişdi. Bundan xəbər tutan yerli müsəlman icraiyyə komitəsi, Şamaxı qəzasının rəisi Hacımalıbəyov və qəza qazısı Abdulxalıq Əfəndini erməni yepiskopunun yanına göndərdilər ki, Şamaxıya erməni hərbi müdaxiləsinin qarşısını almaq və erməni əsgərlərini geri qaytarmaq üçün işə qarışmasını xahiş etsinlər. Lakin erməni yepiskopunun cavabı qəti oldu: “Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək…”.[5] Şamaxıdakı qırğınlarda şəhərin 13 məhəllə məscidi və eyni zamanda 743-cü ildə tikilmiş və Azərbaycanın ilk məscidi olan Cümə məscidi də yandırılaraq talan edildi. Ermənilər Şamaxı qəzasının 53 kəndində 4190 kişi, 2560 qadın və 1277 uşaq olmaqla toplam 8027 nəfər azərbaycanlını soyqırıma məruz qoydular.[6]
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Qeyd etmək lazımdır ki, o dövrdə bölgədə ən böyük qırğın məhz Quba qəzasında həyata keçirilmişdir. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün azərbaycanlıları məhv etmək əmri verilmişdir”.[7] Hamazaspın komandanlığı altında olan daşnak qoşunları Quba qəzasının 122 kəndini yandırmış, əhalisini qətlə yetirmiş və çoxlu vəhşiliklər törətmişlər. Ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəldirdilər. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan qətlə yetirilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox Azərbaycan türkü və müsəlman tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Martın ortalarında Lənkəranda olan “Vəhşi diviziyası”nı tərk-silah etmək üçün dəniz vasitəsilə bolşevik-daşnak dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik-daşnak əsgərləri yolda qabaqlarına çıxan bütün müsəlman kəndlərini dağıdırdılar. Güney Azərbaycanın Astara şəhəri bolşeviklərin açdığı atəş nəticəsində dağıdıldı. Müsəlman əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı kəndlər “Aleksandr” hərbi gəmisi tərəfindən top atəşinə tutuldu. Bu qırğınlar zamanı bolşevik-daşnak dəstələri tərəfindən Azərbaycanın Cənub bölgəsində 2 mindən çox insan öldürüldü.[8]
Erməni quldur dəstələri Qarabağa da soxuldular. Bu dövrdə Gəncə quberniyasının tərkibində yer alan Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarında yerli əhalinin kütləvi soyqırımları həyata keçirildi. Erməni hərbi komandiri Andranik Qarabağın azərbaycanlı əhalisini məhv edərək buranı yeni qurulmuş Ermənistan Respublikasına birləşdirmək istəyirdi. O, 1918 və 1919-cu illərdə Qarabağ bölgəsinin 150-dən çox kəndində minlərlə insanın qətlə yetirilməsi əmrini vermişdir.[9]
1918-ci ilin martına qədər İrəvan qəzasında 200-ə qədər azərbaycanlı kəndi yerlə-yeksan edilmişdi. 1919-cu ilin sentyabrına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycan kəndi yerlə yeksan edilmişdi. Zəngibasar (İrəvan qəzası) və Vedibasar quberniyalarının bir neçə kəndi istisna olmaqla, hamısı dağıdıldı, əhalisi amansızcasına öldürüldü. Sağ qalanlar isə sığınacaq axtarmaq üçün ərazini tərk etdilər. Qaçan ailələr İran və Osmanlı imperiyalarına, eləcə də Azərbaycanın digər vilayətlərinə sığındılar.[10]
1918–1920-ci illərdə ermənilər tərəfindən ən çox zərər çəkmiş bölgələrdən biri də Zəngəzur olmuşdur. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə Ermənilər Zəngəzur qəzasında 115 müsəlman kəndini xarabalığa çevirmiş, həmin kəndlərdən ümumilikdə 10068 nəfər qətlə yetirilmişdir.[11]
Onu da qeyd etmək lazımdır ki, Osmanlı imperiyası həmin çətin vaxtlarda öz hərbi qüvvələrini Azərbaycana dəstək üçün göndərmişdi. Bu hərbi dəstək Azərbaycanın bəzi rayonlarında erməni vəhşiliyinin qarşısını almışdı. Osmanlı imperiyası və Azərbaycanın hərbi qüvvələrinin birləşməsindən yaranan Qafqaz İslam Ordusu Azərbaycanın Gəncə ilə Bakı arasında olan bütün ərazilərini azad etdi. Sentyabrın 15-də Bakı daşnak-bolşevik birləşmələrindən azad edildi. Oktyabrda Şuşa, eləcə də bütün Qarabağ tamamilə Qafqaz İslam Ordusunun nəzarətinə keçdi.[12]
Lakin sonradan hadisələr başqa məcrada cərəyan etdi. 1918-ci il oktyabrın 30-da Osmanlı imperiyası Birinci Dünya Müharibəsində iştirak edən Antanta dövlətləri ilə Mudros müqaviləsi imzaladı. Müqavilə Osmanlı imperiyasını Qafqaz İslam Ordusunu Qarabağdan, eləcə də Azərbaycandan çıxarmağa məcbur etdi ki, bu da ermənilərə Qarabağda öz vəhşiliklərini və vandalizmlərini davam etdirmək şansı verdi.[13]
Ümumiyyətlə, 1918–1920-ci illər arasında Azərbaycanın şimalında, cənubunda və qərbində müsəlman dinc əhalinin erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilməsinə dair çoxlu sənədləşdirilmiş sübutlar mövcuddur. Bütün qeydlər içərisində Fövqəladə Təhqiqat Komissiyasının həmin illərdə tərtib etdiyi sənədlər xüsusilə aktualdır. Komissiya tərəfindən 3500 səhifədən ibarət otuz altı cild mətn hazırlanmışdı. Bu, ermənilərin kütləvi qırğınlarından sağ çıxanların şahid ifadələridir. 1918 və 1920-ci illər “Mart hadisələri” zamanı daşnak-bolşevik qüvvələrinin qanlı qırğınlarında ümumilikdə 50 min azərbaycanlı qətlə yetirilmişdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlara hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
[1] İsgəndərov, A. 1915–1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar // M.Süleymanov, M.Rıhtım (red.). Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. – Bakı: Qafqaz Universiteti nəşri. – 2008. – s. 76. Həmçinin bax: Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи. – Баку: Turxan. – 2013. – c. 13–14.
[2] Arzumanlı, V., Həbiboğlu, V., Muxtarov, K. 1918-ci il qırğınları. – Bakı: Öyrətmən. – 1995. – s. 3–4. Həmçinin bax: Abışov, V. Azərbaycanlıların soyqırımı: 1917–1918-ci illər. – Bakı: Nurlan. – 2007. – s. 33–34. Həmçinin bax: a.k.ə. İsgəndərov, A. 1915–1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar – s. 77.
[3] a.k.ə. Arzumanlı, V., Həbiboğlu, V., Muxtarov, K. 1918-ci il qırğınları. – s. 8–10.
[4] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: [2 cilddə]. – Bakı: Lider nəşriyyat. – c. 1. – 2004. – s. 32.
[5] Azərbaycan Respublikasının Milli Arxiv Fondu. 1061, siy. 1, vər. 85.
[6] a.k.ə. İsgəndərov, A. 1915–1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar. – s. 78–81.
[7] Qaraca, B. Məqsəd Azərbaycanı məhv etmək idi // Azərbaycan. – 2013, 31 mart. – s. 2. URL: http://www.anl.az/down/meqale/azerbaycan/2013/mart/300324.htm (İstifadə tarixi: 1 dekabr 2022).
[8] a.k.ə. Arzumanlı, V., Həbiboğlu, V., Muxtarov, K. 1918-ci il qırğınları. – s. 23–25. Həmçinin bax: a.k.ə. İsgəndərov, A. 1915-1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar. – s. 82–86.
[9] a.k.ə. Uçarol, R. Siyasi Tarih (1789–1994). – s. 485–491. Həmçinin bax: a.k.ə. Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri. XIX–XX əsrlər: müxtəsər xronoloji ensiklopediya. – s. 42–100. Həmçinin bax: a.k.ə. Arzumanlı, V., Həbiboğlu, V., Muxtarov, K. 1918-ci il qırğınları. – s. 25–30. Həmçinin bax: Məmmədova, H. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağ ərazisində vəziyyət: erməni terrorizminin güclənməsi (1918–1920). – Bakı: Nağıl evi. – 2006. – s. 28–41. Həmçinin bax: Süleymanov, M. Nuri Paşa və silahdaşları. – Bakı: Nurlar. – 2014. – s. 211.
[10] a.k.ə. İsgəndərov, A. 1915–1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar. – s. 89.
[11] a.k.ə. Arzumanlı, V., Həbiboğlu, V., Muxtarov, K. 1918-ci il qırğınları. – s. 31–38.
[12] Osmanlı Belgelerinde Karabağ. – İstanbul: T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü. – 2009. – s. 240–241. Həmçinin bax: Karabağ // Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi. – İstanbul. – c. 6. – 1971. – s. 917. Həmçinin bax: Süleymanov, M. Qafqaz İslam Ordusu və Azərbaycan. – Bakı. – 1999. – s. 72–83–139. Həmçinin bax: Ağayev, Y., Əhmədov, S. İstiqlal yürüşü – 1918. – Bakı: Altun Kitab. – 2009. – s. 109–167. Həmçinin bax: a.k.ə. Abışov, V. Azərbaycanlıların soyqırımı: 1917–1918-ci illər. – s. 126–130. Həmçinin bax: a.k.ə., Süleymanov, M. Nuri Paşa və silahdaşları. – s. 216–223.
[13] a.k.ə. Süleymanov, M. Nuri Paşa və silahdaşları. – s. 224–225.