Hansı siyasi amillər Azərbaycan Xalq Cümhuriyyətinə İrəvanı Ermənistana paytaxt şəhəri kimi güzəştə getməyə vadar etdi?

İlk növbədə İrəvan, yəni, indiki Yerevan tarixi keçmişi ilə erməni şəhəri yox, tam əksinə, XX əsrin 20-ci illərinə qədər bir Türk-Azərbaycan şəhəri olmuşdur. İrəvanın yerləşdiyi bölgə isə coğrafi ərazi baxımdan hündür dağlarla əhatələnmiş çökəkdə yerləşdiyindən orta əsrlərdə yaşamış türk tayfa başçısı Səədin şərəfinə “Çuxur-Səəd” bölgəsi olaraq adlanmışdır. Çuxursəəd ərazisi də Səfəvi imperiyasının 13 əsas bəylərbəyliyindən biri idi.[1]

XVII əsr Osmanlı səyyahı Övliya Çələbinin qeyd etdiyi kimi, Hicri 915-ci ildə yəni 1509–1510-cu ildə Şah İsmayıl öz vəzirlərindən biri olan Rəvanqulu xana 1501-ci ildə fəth edildikdən sonra strateji əhəmiyyətli yerə çevrilmiş bu bölgədən axan Zəngi çayının sahilində müdafiə məqsədli bir qala tikdirməsini tapşırır. Qala müdafiə məqsədi ilə olmalı idi. Təxminən 7 ilə tikilən bu qala sonralar xalq arasında Rəvan qalası kimi tanınmağa başlanmışdır. Sonrakı illərdə bu qalanın ətrafına başqa qala və tikililər artırılaraq bura şəhər-qala şəklinə salınmışdır. Burada 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşa[2] və 1605-ci ildə naxçıvanlı sərdarlar tərəfindən tikilən əlavə qalalar şəhər qalasının mühüm tərkib hissələrinə çevrilmişdir.[3] Çuxursəəd Bəylərbəyliyinin mərkəzi olan İrəvan XVII əsrdə bölgənin ən böyük şəhərinə çevrildi. Bura həm də XVIII əsrdə İrəvan xanlığının paytaxtı olmuşdur.

İrəvanın orta əsrlərdəki etnik tərkibinə gəlincə isə, mənbələrin verdiyi məlumata görə Səfəvi, Osmanlı və xanlıq dövründə bölgə əhalisinin əksəryyəti etnik azərbaycanlılardan ibarət olmuşdur. Belə ki, Osmanlı dövlətinin tərtib etdiyi 1590 və 1728-ci il İrəvan əyalətinin müfəssəl dəftərlərinin statistik nəticələrinə görə bölgənin ümumi əhalisinin XVI əsrin sonlarında 67,5%-i, XVIII əsrin ikinci rübündə isə 78%-i azərbaycanlılardan ibarət olmuşdur.[4] Bunlardan başqa, 1672–1673-cü illərdə İrəvan əyalətinə səyahət edən fransız səyyah Jan Şarden, İrəvan qala-şəhərində əhalinin sayını təxminən 4 min göstərərək onların hamısının “təmizqan səfəvilər”, yəni azərbaycanlılar olduğunu qeyd etmişdir.[5] Bu göstəricilər, demək olar ki, istər toponomik, istərsə də etnik baxımdan İrəvan xanlığı dövründə də davam etmişdir. Bu bölgədə azərbaycanlıların ermənilərə nəzərən açıq say çoxluğunda olması o dövrün bütün mənbələrində öz əksini tapmışdır.[6]

1828-ci ildə Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan xanlığı süqut etdi. 1848-ci ildə Çar Rusiyasının yeni inzibati qaydalarına əsasən əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvan əyaləti yaradıldı. Lakin Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində 1828 və 1829-cu illərdə Qacar ​​imperiyasından Şimali Azərbaycana təxminən 6949 erməni ailəsi, 35560 erməni yerləşdirilmişdir.[7] Azərbaycanın tarixi ərazilərində ermənilərin məskunlaşdırılması daha sonra 1829-cu ildə Rusiya və Osmanlı imperiyaları arasında Ədirnə sülh müqaviləsi imzalandıqdan sonra da davam etmişdir. Nəticədə 1829–1830 illərdə Osmanlı imperiyasından da əlavə olaraq 14,000-dən çox erməni ailəsi və ya 85,000 erməni Azərbaycanın şimalında məskun­laşdırıldı.[8]

Köçürülən ermənilərin əksəriyyəti Qarabağ, Naxçıvan və İrəvan əyalətlərində yerləşdirildi. Ümu­milikdə 1828-ci ildən başlayaraq XX əsrin əvvəllərinə kimi Osmanlı və İran imperiyalarından İrəvan əyaləti də daxil olmaqla Azərbaycan ərazilərinə bir milyona yaxın erməni gətirildi.[9] Bununla belə, 1918-ci ilin rəsmi rus sənədlərinə görə Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində İrəvanda çoxlu sayda ermənilər məskunlaşsa da, əyalət əhalisinin 54%-dən çoxunu hələ də azərbaycanlılar təşkil edirdi.[10] Belə olduğu təqdirdə AXC-nin tarixən Azərbaycan şəhəri olmuş və əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvanın Ermənistana güzəştə gedilməsinin səbəbini bilmək üçün o dövrün siyasi vəziyyətini, eləcə də beynəlxalq prosesləri nəzərə almaq lazımdır. Beləliklə, 1918-ci il mayın 11-də Batum konfransının ilk iclasında Osmanlı imperiyasının ədliyyə naziri, Osmanlı nümayəndə heyətinin başçısı Xəlil bəy açıq şəkildə bildirdi ki, türk tərəfi Brest-Litovsk müqaviləsini Batum konfransında danışıqlar üçün əsas kimi qəbul etməyəcək. Xəlil bəy Osmanlının hərbi əməliyyat meydanında verdiyi qurbanların əvəzində İmperiya adından bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi.[11] Osmanlı bu tələbləri Zaqafqaziya heyətində fikir ayrılıqları və ziddiyyətlər daha da dərinləşdi ki, bu da öz növbəsində heyətdə təmsil olunan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin ayrı-ayrılıqda Osmanlı və Almaniya ilə danışıqlar aparmasına gətirib çıxardı. Türk tarixçisi A.N.Kurat məsələ ilə bağlı belə yazır:

[…] gürcü, erməni və azərbaycanlıların bir dövlət halında yaşamaları imkansız idi. Bu durum qarşısında Osmanlı ilə imzalanacaq qəti sülhün davamlı və əsaslı olmasını təmin etmək üçün “konfederasiya” təşkil edən hər üç zümrənin ayrı-ayrılıqda müstəqil dövlət halına gəlmələri vacib idi. Bu görüş Osmanlı hökuməti tərəfindən irəli sürüldü və ancaq bu reallaşdığı təqdirdə qəti bir sülhün imzalana biləcəyi “Qafqaz nümayəndə heyəti”nə bəyan edildi.[12]

1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasının dağılmasından sonra da Osmanlı dövlətinin verdiyi itkilər əvəzində yeni güzəştlər və ərazi tələblərində elə bir dəyişiklik olmadı, əksinə, bu tələblər daha da sərtləşdi. Hələ Zaqafqaziya Komissarlığının dağılması ərəfəsində, mayın 24-də Osmanlı dövlətinin sədr-əzəmi Tələt Paşa Batum konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil bəyə göndərdiyi teleqramda yazırdı:

Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər.[13]

Bu dövrdə “erməni məsələsi” ilə bağlı Osmanlı siyasi dairələrində müəyyən fikir ayrı­lıqları var idi. Tələt və Ənvər paşalar “erməni məsələsi”ndə bölgədə erməni dövlətinin yaradılmasına qarşı çıxsalar da, Xəlil bəy və Vehib paşa kimi siyasilər ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər veril­məsinin vacib olduğunu bildirirdilər.[14]

Qeyd etmək lazımdır ki, Tələt və Ənvər paşaların mövcud vəziyyətdə “erməni məsələsi” ilə bağlı mövqelərinə Azərbaycan nümayəndələri heç də müsbət yanaşmırdılar. Onlar öz mövqeyini əsaslandıraraq bildirirdilər ki, əgər bölgədə üç – gürcü, Azərbaycan və erməni dövlətlərinin yerinə yalnız iki – gürcü və Azərbaycan döv­lətləri yaradılarsa, o zaman qonşu ölkələrdə yaşayan böyük erməni kütləsi Azərbaycana axacaq, bu da Azərbaycana faktiki olaraq daha böyük qırğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik bir ərazidə ermənilərin milli dövlətinin yaranması və onların ora cəm edilməsi daha məqsədəuyğun hesab edilirdi.[15]

Xəlil bəy bu məsələ ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski ilə bir sıra danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nüma­yən­dələrinin razılığını ala bildi. Lakin Ənvər Paşa Tələt Paşa ilə eyni mövqedən çıxış edərək çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. Vehib paşaya ünvanladığı məktubda Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri Azərbaycanla Gürcüstan arasında bölüşdürmək və müsəlmanların məskunlaşdığı əraziləri ermənilərdən təmizləmək niyyətini ifadə edirdi. Bu mümkün olmadığı təqdirdə yaranacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı. Ənvər paşa İrəvanın paytaxt kimi Ermənistana verilməsinin də tamamilə əleyhinə idi.[16]

Lakin Tələt və Ənvər paşalardan fərqli olaraq Vehib Paşa Xəlil bəylə eyni mövqedən çıxış edirdi. O, Ənvər Paşanın fikirlərinə qarşılıq olaraq bildirirdi ki, “erməniləri büsbütün qeyri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və məcburiyyətindəyik”.[17]

Beləliklə, 4 iyun 1918-ci il tarixində imzalanmış Batum müqaviləsinin şərtlərinə görə Ermənistan Respublikası 1918-ci ilin mayında 9 min km2 ərazi ilə müstəqilliyini elan etdi.[18] Bundan əlavə, AXC İrəvanı paytaxt kimi Ermənistana güzəştə getmək qərarına gəldi. [19] Daha doğrusu, 1918-ci il mayın sonunda Batumidə keçirilən sülh konfransında hər iki dövlətin nümayəndə heyəti razılığa gəldi ki, “Azərbaycan İrəvanın Ermənistanın paytaxtı elan olunmasına etiraz etməyəcək və bu xoşməramlı jestə cavab olaraq Ermənistan da Yelizavetpol (Gəncə) quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə qarşı iddialarından əl çəkəcək”.[20]

Nəticədə, 1918-ci il iyunun 19-da yenicə müstəqillik əldə etmiş Ermənistan hökuməti Tiflisdən Azərbaycanın tarixi şəhəri olan İrəvana köçdü. Bununla bağlı, 1918-ci il sentyabrın 25-də hökumət orqanı olan “Azərbaycan” qəzeti isə belə yazırdı: “Ürəyimiz ağrısa da indi artıq köhnə müsəlman xanlığının mərkəzi – İrəvan şəhəri ermənilərə güzəşt edilib. Ümidvarıq ki, nə qədər çətin olursa, olsun, daşnaklar Qafqaz müsəlmanlarına qarşı düşmənçiliyi unudaraq onlarla yaxşı münasibətlər qurmağa çalışacaqlar.”[21]


[1] Qarabağlı, R. Çuxursəd qala şəhəri – İrəvan // “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı”. Beynəlxalq elmi konfransın materialları. 27–28 oktyabr 2010 il. Azərbaycan: Şəmkir-Gədəbəy. Bakı: Çaşıoğlu. – 2012 – s. 620.

[2] Rıhtım, M. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. – Bakı. – 2012. – s. 86–87.

[3] a.k.ə. Qarabağlı, R. Çuxursəd qala şəhəri – İrəvan – s. 620–621.

[4] İrəvan əyalətinin icmal dəftəri / araşdırma, tərc., qeyd və əlavələrin müəl.: Z.Bünyadov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm. – 1996. – s. 11–18.

[5] Şardən, J. Parisdən İsfahana səyahət / fransız dilindən tərcümə edən: V.Aslanov. – Bakı. – 1994. – s. 21.

[6] İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi / Y.Mahmudov, F.Kərimov, M.Xanbabayeva [və b.]. – Bakı. – 2010. – s. 69–100.

[7] Шопен, И.И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. – СПб. – 1852. – c. 539.

[8] Niftaliyev, I. Genocide and Deportation of Azerbaijanis of the Erivan Governorate (1918–1920) // Heritage. – vol. 2, № 13. – 2013. – s. 53. Həmçinin bax: Утверждение русского владычества на Кавказе / Под редакцией В.А. Потто. Тифлис. – т. 4, ч. 2. – 1908. – с. 453.

[9] Шавров, Н.Н. Новая угроза Русскому делу Закавказе: Престояшая распродажа Мугани инородцам. – Баку: Элм. – 1990. – c. 64.

[10] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. – s. 15. Həmçinin bax: a.k.ə. Abışov, V. Azərbaycanlıların soyqırımı: 1917–1918-ci illər. – s. 25.

[11] Документы и материалы по внешней политике Закавказья и Грузии. – Тифлис: Типография правительства Грузинской Республики. – 1919. – c. 313–314. Həmçinin bax: Qafarov, V. Türkiyə–Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917–1922). – Bakı: Azərnəşr. – 2011. – s. 157–158.

[12] Kurat, A.N. Türkiye ve Rusiya. – Ankara: Kültür Bakanlığın Yayınları. – 1990. – s. 476.

[13] Reynolds, M.A. Buffers, Not Brethren: Young Turk Military Policy in the First World War and the Myth of Panturanism / Past and Present. – № 203. – 2009. – s. 165. Həmçinin bax: Kurat, A.N. Türkiye ve Rusiya. – s. 661–662. Həmçinin bax: Qafarov, V. Türkiyə–Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917–1922). – s. 160–161.

[14] a.k.ə. Qafarov, V. Türkiyə–Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917–1922). – s. 162.

[15] Yenə orada, s. 163; Həmçinin bax: Qafarov, V. Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi. – Bakı: Hərbi nəşriyyat. – 2024. – s. 53.

[16] a.k.ə. Qafarov, V. Türkiyə–Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917–1922). – s. 166.

[17] Yenə orada, s. 168

[18] Yenə orada, s. 168–169

[19] Cornell, S.E. The Nagorno-Karabakh Conflict // Report № 46, Department of East European Studies, Uppsala University. – 1999. – s. 7.

[20] a.k.ə. Niftaliyev, I. Genocide and Deportation of Azerbaijanis of the Erivan Governorate (1918–1920). – s. 55. Həmçinin bax: a.k.ə. Qafarov, V. Türkiyə–Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917–1922). – s. 169; Həmçinin bax: Həmçinin bax: Qafarov, V. Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi. – s. 67–68.

[21] Газета “Азербайджан” 25 сентября 1918 г. / Niftaliyev, I. Genocide and Deportation of Azerbaijanis of the Erivan Governorate (1918–1920) // Heritage. – vol. 2, № 13. – 2013. – s. 52–57. – s. 56.