1945–1965-ci illər arasında ermənilərin Dağlıq Qarabağla bağlı iddiaları nə ilə nəticələndi?

Ermənistanın Dağlıq Qarabağla bağlı ərazi iddiaları İkinci Dünya müharibəsindən sonra da davam etmişdi. 1945-ci ilin payızında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunov həmin ilin noyabrında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Georgi Malenkova teleqram göndərərək Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi üçün Moskvaya bir daha müraciət etdi. Malenkov 1945-ci il noyabrın 28-də Arutyunovun teleqramını Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırova göndərəndə o, əks-təklif tərtib edərək dekabrın 10-da Malenkova əhatəli cavab məktubu göndərdi. Mir Cəfər Bağırov bu əks-təklifdə, əsasən, etnik azərbaycanlıların məskunlaşdığı Şuşa istisna olmaqla, Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsinin mümkün olduğunu bildirirdi. Lakin əvəzində Ermənistan SSR-in tarixən Azərbaycanın tərkibində olmuş və əsasən, etnik azərbaycanlıların yaşadığı, lakin ondan ayrılaraq Ermənistan və digər qonşu dövlətlərə birləşdirilən bəzi rayonları Azərbaycan SSR-ə verilməli idi. Mir Cəfər Bağırovun bu əks-təklifi nə sovet rəhbərləri, nə də ermənilər tərəfindən birmənalı qarşılanmadı və Ermənistan rəhbərliyi bu məsələni gündəmdən çıxararaq, yalnız Stalinin ölümündən sonra yenidən qaldırdı.[1]

Buna görə də İkinci Dünya müharibəsindən sonra Ermənistan Azərbaycana qarşı əks-tədbirlər görməyə başladı. 1946-cı ilin oktyabrında sovet rəhbərliyi xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi haqqında fərman qəbul etdi. Bundan başqa, 1947-ci il dekabrın 23-də Sovet İttifaqı Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. Nəticədə 1948–1953-cü illərdə Ermənistan SSR-dən deportasiya edilmiş 150 mindən çox azərbaycanlı Azərbaycan SSR-in Kür-Araz və Mil-Muğan iqtisadi-coğrafi zonalarında məskunlaşdırılmışdı.[2] Bu deportasiyalar vasitəsilə Ermənistan SSR həmin ərazilərdəki azərbaycanlıların sayını xeyli azaltmaq məqsədinə nail oldu. Artıq məsələ Azərbaycan SSR-ə qarşı növbəti ərazi iddiaları irəli sürmək üçün münasib məqamı gözləmək idi.

Stalinin ölümündən sonra 1950-ci illərin ortalarında Sovet imperiyasında siyasi ab-havanın nisbətən yumşalması Azərbaycanda milli dirçəliş meyillərini oyatdı. Azərbaycanda yaranmış milli dirçəliş meyilləri sovet rəhbərliyinin narahatlığını artırırdı. Bundan təşvişə düşən mərkəz Azərbaycanı qorxu altında saxlamaq üçün Anastas Mikoyanın və Mixail Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağı Ermənistana vermək məsələsini qaldırdı. Ermənistanda antitürk və anti-Azərbaycan təbliğatı yenidən qızışdırıldı. Nəticədə Azərbaycan Pedaqoji Texnikumu və onun tələbələri İrəvandan Azərbaycan SSR-in Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. Ermənistan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi bağlandı,[3] Ermənistanda Azərbaycan dilində çıxan rayon qəzetləri, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı faəliyyətini dayandırdı.[4] Lakin Sovet rəhbərliyi bunun arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini anlayaraq problemi Azərbaycanın xeyrinə həll etdi.

1958-ci ildə bütün ermənilərin katolikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin Azərbaycan rəhbərliyi I Vazgenin qaldırdığı bütün məsələləri rədd etdi.[5] 1960-cı illərdə Dağlıq Qarabağ məsələsi İosif Stalinin ölümündən sonra Nikita Xruşşovun “yumşalma” siyasətindən ilham­lanaraq yeni mərhələyə qədəm qoydu. Ermənistanın Azərbaycan əleyhinə təbliğatının növbəti mərhələsi 1960-cı illərin ortalarında qondarma erməni soyqırımının 50 illiyinə hazırlıqla başladı. Bu arada “Qarabağ Komitəsi” açıq fəaliyyət göstərməyə başladı. 1963-cü ilin mayında Ermənistan Qarabağ ermənilərinin 2500 imzası ilə və əvvəlki məzmunda Xruşşova yeni petisiya göndərdi. Lakin Xruşşov ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini rədd etdi. Petisiyanın ardınca 1965-ci ildə İrəvanda kütləvi nümayiş baş verdi.[6] Dağlıq Qarabağdakı ermənilər arasında milli hisslər daha da canlanaraq bölgədəki azərbaycanlıları açıq şəkildə sıxışdırmağa başladılar. O zaman sovet rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında düşmənçiliyin qarşısını almaq üçün ciddi heç nə etmir, sadəcə olaraq “xalqlar dostluğu” ideyasını gücləndirməyə çalışırdı.[7] 1967-ci ildə Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisi Ermənistan SSR rəhbərliyinə daha bir petisiya göndərdi və bu, yalnız regionun iki icması arasında düşmənçilik və inamsızlığın artmasına xidmət edərək Xankəndidə 1968-ci ildə hər iki tərəfdən bəzi insanların ölümü ilə nəticələnən toqquşmalara gətirib çıxardı.[8]

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 1969-cu il mayın 7-də sərhəd rayon­larında 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiqləndi. Lakin 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilməsi bu qərarın həyata keçirilməsinə mane oldu.[9] Heydər Əliyev Azərbaycan xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistan SSR-ə birləşdirilməsinin qarşısını aldı. Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin biganəliyi ucbatından 1938-ci il 5 may tarixli qərarda göstərilən ərazilərin bir hissəsi Ermənistan SSR-ə birləşdirildi.


[1] a.k.ə. Azərbaycan tarixi. – c. 7. – s. 134. Həmçinin bax: Qasımlı, M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları // R.Yılmaz (red.). Qarabağ bildiklərimiz və bilmədiklərimiz. Bakı: Qafqaz Universiteti. – 2010. – s. 8

[2] Niftaliyev, I. Deportation of Azerbaijanis from Armenia (1948–1953) // Heritage. – vol. 1, № 16. – 2014. – s. 45.

[3] Hasanli, J. Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959. – Idaho: Lexington Books. – s. 77.

[4] Niftaliyev, I. Armenian’s Territorial Claims on Azerbaijan (The late 1940s–1960s). – s. 57

[5] Hasanli, J. Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959. – s. 376.

[6] Demirtepe, T., Laciner, S. The Role of the Karabakh issue in Restoration of Azerbaijani Nationalism // Yönetim Bilimleri Dergisi. – vol. 2, Issue 1. – 2004. – s. 195–196.

[7] a.k.ə. Azərbaycan tarixi. – c. 7. – s. 144–147. Həmçinin bax: Qasımlı, M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları. – s. 12.

[8] Demirtepe, T., Laciner, S. The Role of the Karabakh issue in Restoration of Azerbaijani Nationalism. – s. 195–196.

[9] a.k.ə. Azərbaycan tarixi. – c. 7. – s. 144, 147. Həmçinin bax: a.k.ə. Qasımlı, M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları. – s. 12.