1950 və 1960-cı illərdə erməni dairələrinin əsassız iddiaları həyata keçməyincə onlar bu kimi fəaliyyətlərini 1970-1980-ci illərdə də davam etdirdilər. Bu illərdə müəyyən erməni dairələri Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirməyə başladılar. Hətta 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi. Buna baxmayaraq, onlar 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldıraraq Moskvaya, yəni SSRİ mərkəzi orqanlarına ərizələrlə müraciət etməyə başladılar. Bu hadisələr Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrə təsadüf etdiyi üçün bunun qarşısı alındı. Belə ki, bu zaman Krımda istirahətdə olan Sovet İttifaqı KP MK-nin Baş Katibi L.İ.Brejnevlə görüşən Heydər Əliyev, erməni şovinistlərinin Dağlıq Qarabağla bağlı əsassız iddialarını puça çıxartmış oldu.[1]
Heydər Əliyevin hakimiyyət illərində vilayətin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilirdi. Belə ki, bu illərdə Ağdam-Stepanakert dəmiryolu açıldı; Stepanakertdə (indiki Xankəndi) Ali məktəb yaradıldı; Vilayətdə mədəni-maarif müəssisələrinin geniş şəbəkəsi quruldu. Bütün bu işlər aparılarkən heç bir milli ayrı seçkilik qoyulmadan həyata keçirilirdi. Bunu Dağlıq Qarabağda yaşayan erməni icması da çox gözəl dərk edirdi. Bu arada 1978-ci ildə Dağlıq Qarabağdakı ermənilər bu bölgəyə köçürülməsinin 150 illiyini qeyd etdilər. Bundan başqa, bununla bağlı Mardakert (Ağdərə) rayonunun Leninavan (Marağaşen) kəndində abidə ucaltdılar. Kəndin ilk sakinləri İranın Marağa kəndindən olan mühacirlər olduğuna görə Marağaşen adlandırılmışdır. Abidədə “Köçürülmənin 150 ili” yazısı var idi
Amma bəzi erməni alimləri, siyasətçi, yazıçı və jurnalistləri anti-azərbaycan fikirlərindən əl çəkməyərək Sovet İttifaqının müxtəlif mərkəzi orqanlarına Azərbaycan SSR tərəfindən ermənilərə qarşı göstərilən “ayrı-seçkilik” ilə bağlı şikayət məktubları yazırdılar.[2] Məsələn, Dağlıq Qarabağda iki etnik qrup arasındakı düşmənçiliklə əlaqədar erməni yazıçısı və Ermənistan Kommunist Partiyasının üzvü Sero Xanzasiya 1977-ci ildə Sovet rəhbərliyinə sərt ifadəli məktub göndərdi. Lakin Brejnev ermənilərin iddiasını dəstəkləmədi və Ermənilərin etiraz və nümayişlərini qanunsuzd elan etdi.[3] Beləliklə, 1980-ci illərin ortalarına qədər yazılmış həmin şikayət məktubları xüsusi rus-sovet müfəttişləri tərəfindən yoxlanılmış və həmin məktubların sübut kimi mühüm fakt və material təqdim etmədiklərini bildirilmişdir.[4]
Ermənistanın çoxdankı Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirmək istəyi Qorbaçovun şəffaflıq və yenidənqurma islahat proqramlarından sonra yeni vüsət almış oldu. Bu, Ermənistana Azərbaycan SSR-ə qarşı ərazi iddialarını açıq şəkildə ifadə etməyə imkan verirdi. Ermənistanda Dağlıq Qarabağ məsələsi ilə bağlı etirazların sayı 1985-1987-ci illər arasında artdı. 1987-ci ilin sonu və 1988-ci ilin əvvəllərində Dağlıq Qarabağdan olan nümayəndələr və Moskvada yüksək vəzifəli şəxslər arasında Muxtar Vilayətin statusu ilə bağlı bir neçə görüş keçirildi.[5] Bu arada Sovet rəhbərliyi bütün İttifaqda ciddi iqtisadi və siyasi böhranlarla mübarizə aparırdı. Ona görə də bölgəni öz nəzarətində saxlamaq üçün sınaqdan çıxmış siyasəti ilə Ermənistan və Azərbaycan SSR arasındakı gərginliyi artırmağa çalışırdı. Heydər Əliyev Sovet İttifaqının milli münaqişələrə yol açacaq bu cür dağıdıcı davranışına qarşı fikirlərini söyləməsi onun 1987-ci ildə vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ Cənubi Qafqazda yenidən milli münaqişə nöqtəsinə dönüşdü.
Bu dövürdə, Zori Balayanın Azərbaycan xalqını təhqir edən, saxtakarlıqlarla dolu olan kitablarının nəşr edilməsi milli münaqişəni daha da qızışdırdı. Ermənipərəst qüvvələrin səyi nəticəsində Azərbaycan əleyhinə SSRİ və qərb mətbuatında kampaniyalar başladıldı. Daxildən və xarici ölkələrdən dəstək alan ermənilər açıq ərazi iddiaları ilə çıxış etməyə başladılar və Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq üçün fəaliyyətlərini genişləndirdilər. Bu zaman respublikaya rəhbərlik edənlər nəinki susur, hətta ermənilər tərəfindən törədilən bir sıra terror aktlarını da saxta beynəlmiləlçilik zəminində xalqdan gizlədirdilər.
1987-ci ilin avqustunda Ermənistan Elmlər Akademiyası minlərlə insanın imzası ilə SSRİ Ali Sovetinə petisiya göndərdi. Erməni tərəfi petisiya ilə Moskvadan Sovet İttifaqının 1921-ci ildə RKP(b) MK-nın Kavbüro dekretində buraxdığı “tarixi səhvi” düzəltməyi və Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirməyi xahiş edirdi. Lakin Sovet İttifaqının Ali Soveti Ermənistanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələbini rədd etdi. Bu aksiya gərginliyi artırdı və 1988-ci ilin fevralında İrəvan və Xankəndidə yüz minlərlə insanın toplaşdığı kütləvi etiraz və nümayişlərə səbəb oldu.[6] 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Vilayət Soveti rayonun Ermənistanın suverenliyinə verilməsi haqqında qərar qəbul etdi. Bu qərar Azərbaycan SSR, Sovet İttifaqı Ali Soveti və Sov.İKP MK tərəfindən Sovet İttifaqı Konstitusiyasının 78-ci maddəsinə istinad edilərək rədd edildi. 78-ci maddədə açıq-aydın göstərilirdi ki, ittifaq respublikasının razılığı olmadan ərazi dəyişiklikləri yolverilməzdir.[7]
Sovet İttifaqı konstitusiyasına görə, yalnız 15 Sovet İttifaqı respublikasının Sovet İttifaqından ayrılmaq hüququ var idi. Müttəfiq respublikalara mənsub olan muxtar respublikaların və ya vilayətlərin tabe olduqları ittifaq respublikasının razılığı olmadan ayrılmaq və ya başqa(lar)la birləşmək hüququ yox idi.[8]
Buna baxmayaraq, Dağlıq Qarabağdakı ermənilər separatçılıq siyasəti yeridir və Ermənistan SSR-nin birbaşa dəstəyi ilə öz siyasi strukturlarını yaratmağa başladılar. Bu arada, 1987-1988-ci illərin qışında Ermənistan sistemli şəkildə Ermənistanda yaşayan azərbaycanlıları deportasiya etdi. 1988-ci ilin yanvarında Ermənistandan olan azərbaycanlı qaçqınların ilk dalğası Bakıya gəldi.[9]
Azərbaycanlıların Ermənistanı tərk etməsi fevral ayında da davam etdi və bu aylarda daha iki azərbaycanlı qaçqın dalğası Bakıya çatdı. Dağlıq Qarabağla bağlı artan gərginlik Azərbaycan xalqına da mənfi təsir göstərirdi və xalq Ermənistanın separatçı iddialarına reaksiya vermədiyinə görə hökuməti tənqid edirdi. Fevralın 24-də Əsgəranda ermənilərlə polislə toqquşmalarda 2 azərbaycanlı həlak oldu, 19 nəfər yaralandı. Bu iğtişaş məsələni böyük münaqişəyə çevirən həlledici hadisə oldu.[10]
Sovet rəhbərliyi regionda artan gərginliyi azaltmaq üçün Azərbaycan və Ermənistan Kommunist Partiyasının birinci katiblərini dəyişdi. Lakin Moskvanın bu siyasi addımı Ermənistanın separatçılıq siyasətini dayandıra bilmədi. 1988-ci il iyulun 12-də Ermənistan SSR Ali Soveti ilə birgə keçirilən iclasda Dağlıq Qarabağ Muxtar Vilayəti Ali Soveti birtərəfli qaydada özünün Azərbaycan SSR-dən ayrıldığını elan etdi[11] və bu, iki Cənubi Qafqaz dövləti arasında gərginliyi daha da artırdı və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müharibəyə səbəb oldu.
[1] Qasımlı, Musa, Heydər Əliyev-İstiqlala gedən yol (1969-1987-ci illər) (Bakı, 2006), ss. 329-331
[2] Qasımlı, “Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi,” pp. 13-15.
[3] Demirtepe and Laciner, “The Role of the Karabakh issue in Restoration of Azerbaijani Nationalism,” pp. 195-196.
[4] Qasımlı, “Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi,” pp. 13-15
[5] Fraser, Niall M., Hipel, Keith W., Jaworsky, John, and Zuljan, Ralph, “A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute,” The Journal of Conflict Resolution, Vol. 34, No. 4, 1990, pp. 657-658.
[6] Özkan, Güner, “Nagorno-Karabakh Problems: Claims, Counterclaims and Impasse,” The Journal of Central Asian and Caucasian Studies, No.1, Vol. 1, 2006, p. 126.
[7] Krüger, Heiko, The Nagorno-Karabakh Conflict: A Legal Analysis (Heidelberg: Springer, 2010), p.
[8] Zürcher, Christoph, The post-Soviet Wars: Rebellion, Ethnic Conflict, and Nationhood in the Caucasus (New York: New York University Press, 2007), pp. 25-26.
[9] Dragadze, Tamara, “The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment,” Third World Quarterly, Vol. 11, No. 1, 1989, p. 59.
[10] Azərbaycan tarixi, Vol. 7, (2008), p. 236-238.
[11] Özkan, “Nagorno-Karabakh Problems,” p. 127