Vəziyyətin gərginləşməsi, xüsusilə, azərbaycanlıların Ermənistandan deportasiya olunması və Moskvanın ermənilərin separatçı tələblərinə yumşaq cavabı Azərbaycanda kütləvi nümayiş formasında ilk reaksiyaya səbəb oldu. 1988-ci il fevralın 19-da tələbə, fəhlə və ziyalıların iştirakı ilə hökumətin əsas rəsmi qərargahına Milli Elmlər Akademiyasından yürüşə başlayan və “Dağlıq Qarabağ Azərbaycana məxsusdur” deyə tələb irəli sürən ilk nümayiş keçirildi.[1] Amma nümayiş geniş vüsət almadı və cəmiyyətin böyük hissəsinin iştirakı ilə azərbaycanlıların kütləvi etiraz aksiyasına çevrilə bilmədi.
1988-ci ilin əsas kütləvi mitinqi elə həmin il noyabrın 17-də milyonlarla azərbaycanlının iştirakı ilə sonralar “Azadlıq meydanı” adlandırılmış Bakının Lenin meydanında təşkil edilmişdi. Nümayişçilər DQMV-yə nəzarət etməkdə bacarıqsızlıq göstərmiş Azərbaycan partiya rəhbərlərinin zəifliyinə qarşı etiraz edirdilər. Nümayiş meydanda gecə düşərgələri salınmaqla fasiləsiz olaraq davam edirdi. Nümayişçilər əsasən ermənilərin İrəvan Alüminium zavodunun işçiləri üçün Topxana meşəsində qonaq evi inşa etmək niyyətinə qarşı etiraz edirdilər.[2] Mitinq on səkkiz gün davam etdi və dekabrın 5-də Sovet hökuməti milis gücü tətbiq edərək meydanı təmizləyə bildi.[3]
Azərbaycanlıların 1988-ci ildə keçirdiyi kütləvi nümayişlər yalnız ermənilərin separatçı siyasətinə qarşı etirazın ifadə olunmasında mühüm rol oynamadı, eləcə də Azərbaycan xalqının oyanışı ilə başlayaraq sonralar müstəqillik hərəkatına çevrilməsində mühüm hadisə oldu. Buna görə də, 1992-ci ildə “17 Noyabr” Azərbaycanlıların dirçəliş günü elan edildi və müstəqil Azərbaycanın milli bayramlarından biri kimi qeyd olunmağa başlandı.
[1] a.k.ə. De Wall, Thomas (2003), p. 20.
[2] a.k.ə. De Wall, Thomas (2003), p. 83.
[3] Seyidağa, Etibar, “xalq hərəkatinin başlanmasından 20 il keçdi”, 17 noyabr 2008; (http://musavat.com/news/gündem/xALQ-HƏRKATININ-BASLANMASINDAN-20-IL-KEÇDİ_43013.html). İstifadə tarixi: 2 dekabr 2022-ci il