1991-ci ilin yayında sovet rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı niyə “dəstəkləyirdi”?

1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıya müdaxiləsindən bir neçə gün sonra Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi. Bu müdaxilənin məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması ilə 1988-ci ildə başlayan Azərbaycan milli hərəkatına son qoymaq idi.[1]

Mütəllibov Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi hakimiyyətə gəldikdən sonra ictimaiyyət arasında Kommunist Partiyasının legitimliyini artırmaq üçün öz siyasi strategiyasını dəyişdi. Buna görə də onun 1990-cı ilin yanvarından 1991-ci ilin avqus­tunadək davam edən hakimiyyət dövrü yerli nomenklatur (keçmiş Sovet İttifaqında bürokratik himayə sistemi) tərəfindən “mədəni avtoritarizm” adlandırılmışdı ki, bu yolla o öz mövqeyini qorumaq üçün milli rəmzlər və ənənələrlə kommunist ideologiyasını birləşdirməyə cəhd edirdi.[2]

Moskvanı ciddi olmayacaq şəkildə tənqid etməsinə baxmayaraq, Mütəllibov Qorbaçova sadiq adam hesab olunurdu. Qorbaçovun Sovet İttifaqını bərpa edərək müttəfiq respublikalara daha geniş muxtariyyət verən yeni birlik müqaviləsini ilk dəstəkləyən məhz Mütəllibovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası oldu.[3] Ermənistanın Gürcüstan, Moldova və üç Baltikyanı respublika ilə birgə Qorbaçovun yeni birlik planından imtina etməsinə baxmayaraq, Azərbaycan ittifaqda qalmaq üçün planın lehinə səs verməyə razı oldu. Sovet İttifaqı və Kommunist ideologiyasının tərəfdarı olanlar iddia edirdi ki, suveren dövlət kimi Sovet İttifaqının tərkibində olmaq Azərbaycan üçün təhlükəsizlik baxımdan faydalı olacaqdır, çünki müstəqil Ermənistanın yenilənmiş Sovet İttifaqının bir hissəsi olan Azərbaycana hücum etməyə cəsarəti çatmazdı.[4] 1991-ci il martın 17-də Sovet İttifaqının gələcəyi ilə bağlı qərar vermək üçün ümumxalq referendumu keçirildi. Referendum 75 faizdən çox səslə Qorbaçovun qələbəsi ilə nəticələndi. Azərbaycan da Yeni İttifaq müqaviləsinin lehinə səs verdi.

Erməni Milli Hərəkatı tərəfindən idarə olunan qonşu Ermənistan isə əksinə, yanvarın 31-də ümumittifaq referendumunu boykot etdi. Bir ay sonra, martın 1-də Ermənistan onun ərazisində referendumun hüquqi qüvvəyə malik olmadığını bildirdi. Ermənistan həmçinin Sovet İttifaqının tərkibindən çıxması ilə bağlı formal prosesin başlandığını elan etdi.[5] Bu kontekstdə referendumun nəticəsi Sovet rəhbərliyinə aydın göstərdi ki, bu iki Cənubi Qafqaz respublikası öz gələcəkləri ilə bağlı köklü şəkildə fərqli baxışlara malikdirlər. Azərbaycan KP-nin mərkəzi hökumətə sədaqətini nəzərə alaraq Ermə­nistanın müstəqillik niyyətli təhdidi ilə bağlı Dağlıq Qarabağ münaqişəsində Moskva Mütəllibovu siyasi və hərbi dəstəklə “təltif ” etdi. Bu dəstək nəticəsində 1991-ci ilin aprelindən həmin ilin yayınadək davam edən “Əməliyyat dairəsi” (Operation Ring) adlanan hərbi əməliyyatlar başladıldı. “Əməliyyat dairəsi” ilə bağlı Tomas de Vaal yazır: “Sovet ordusu və polis bölmələrinin Qarabağ ermənilərinə qarşı səfərbər edilməsi qısa müddətə Azərbaycan rəhbərliyinin xeyrinə işlədi. Lakin özünün təhlükəsizlik qüvvələrini yaratmaqda Ermənistandan geri qaldığına görə Azərbaycan üçün uzunmüddətli fəlakətlərə yol açdı”.[6]

Beləliklə, Mütəllibovun bu “uğurlu” siyasəti 1991-ci ilin avqustunda Moskvada baş verən çevriliş nəticəsində iflasa uğradı. 19 avqust 1991-ci ildə Rusiya Kommunist Partiyasının və DTK-nın mühafizəkar üzvləri tərəfindən Qorbaçovu devirmək üçün həyata keçirilən uğursuz çevriliş cəhdi Sovet İttifaqının Azərbaycana verdiyi “dəstəyin” sonrakı inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmiş oldu. Çevriliş zamanı Mütəllibov İranda idi. O, bəyanatında Qorbaçovu ittiham edərək Moskvadakı çevrilişə dəstəyini bildirdi. [7] Lakin üç gündən sonra çevriliş iflasa uğradı, çevrilişin Mütəllibov tərəfindən dəstəklənən təşkilatçıları isə həbs olundular. Qorbaçovu əvəz edən Boris Yeltsin tərəfindən Azərbaycana göstərilən qısamüddətli “dəstəyə” son qoyuldu.[8]


[1] Hunter, S.T. Islam in Russia: The Politics of Identity and Security. – New York: M.E. Sharpe. – 2004. – s. 344.

[2] Zverev, A. Ethnic Conflicts in the Caucasus 1988-1994 // C.Bruno (red.). Contested Borders in the Caucasus. – VUB Press. – 1996.

[3] Croissant, M.P. The Armenia-Azerbaijan Conflict: Causes and Implications. – Praeger Publisher. – 1998. – p. 40.

[4] Elkhan Mekhtiev, “Security Policy in Azerbaijan”; (http://www.nato.int/acad/fellow/99-01/mekhtiev. pdf). İstifadə tarixi: 2 dekabr 2024-cü il.

[5] a.k.ə. Croissant, M.P. The Armenia-Azerbaijan Conflict: Causes and Implications. – s. 40

[6] a.k.ə. De Waal, T. Black Garden. – s. 114.

[7] Yenə orada, s. 160.

[8] Horowitz, S.A. From Ethnic Conflict to Stillborn Reform: The Former Soviet Union and Yugoslavia. – Texas A&M University Press. – 2005. – s. 64.