1992-ci il “Azadlığa Dəstək Aktının” 907-ci düzəlişi nəyi nəzərdə tuturdu?

Soyuq müharibənin başa çatmasından etibarən Amerika Birləşmiş Ştatları regionda yeni stabil, demokratik və çiçəklənən ölkələrin formalaşması məqsədilə keçmiş Sovet İttifaqı respublikalarını böyük məbləğdə yardım proqramı ilə təmin edirdi. 2007-ci ilin statistikasına görə 1991-ci ildən bəri Sovet İttifaqı dağıldıqdan sonra Amerika Birləşmiş Ştatlarının keçmiş Sovet İttifaqının 12 respublikasında həyata keçirdiyi yardım proqramlarının həcmi 28 milyard dollardan çox olmuşdu ki, proqram çərçivəsində hər il təxminən 2 milyard dollar vəsait xərclənməkdə davam edir.[1]

1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı” adı altında qəbul edilmiş yardım proqramı (Rusiya, Avrasiyanın İnkişaf etməkdə olan Demokratik ölkələrinə Azadlıq və Açıq Bazara Dəstək Aktı – ADA) MDB ölkələrində hökumətlərin tamamilə demokratik rejimə keçməsinə və keçmiş sovet respublikalarında demokratik və bazar iqtisadiyyatına əsaslanan təşkilatların yaradılmasına yardım etmək məqsədilə iqtisadiyyatın inkişafını sürətləndirmək üçün qəbul edilmişdir. Proqramın əsas məqsədinin MDB ölkələrində siyasi və iqtisadi islahatlar olduğu iddia edilsə də, humanitar sahələrə də “Azadlığa Dəstək Aktı”nın yardımı artırılmışdı. Qeyd edildiyi kimi, proqram “köhnəlmiş səhiyyə sistemində islahatlar aparılmasına, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına və vərəmin uğurla müalicə edilməsinə yardım göstərmişdir… kütləvi qırğın silahlarının və bununla əlaqədar texnologiya və təcrübələrin artırılmasının qarşısını almağa kömək edir və narkotik alveri, mütəşəkkil cinayətkarlıq və insan alveri kimi transmilli təhlükələrlə mübarizə aparmağa yardım göstərir”.[2]

Bu akta əsasən yardım alacaq ölkələr Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbə­kistan idi.[3] Lakin Azərbaycan istisna olmaqla bütün bu ölkələrin “Azadlığa Dəstək Aktı” altında ABŞ-dən yardım almaq hüququ vardı. Azərbaycanın müstəqilliyinin ilk iki ilində yaranmış keşməkeşli vəziyyətə görə Amerikadakı erməni lobbisi 1992-ci ildə Konqres vasitəsilə ABŞ hökumətinin Azərbaycana birbaşa yardım göstər­məsini qadağan edən “Azadlığa Dəstək Aktı”nın 907-ci Düzəlişinin təsdiq edilməsinə nail olmuşdu. Svante Cornellin qeyd etdiyi kimi, “ABŞ Konqresindəki erməni lobbisi “Azadlığa Dəstək Aktı”nı artıq öz əllərinə almağa nail olmuşdu… Senator Con F. Kerrinin başçılıq etdiyi erməni tərəfdarları “Qarabağa təcavüzü” səbəbindən ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını qadağan edən mətni Akta daxil etmişdilər”.[4]

ABŞ Konqresindəki tərəfdarlarının köməyi ilə erməni lobbisi konqresmenləri və sena­torları Azərbaycanın “təcavüzkar ölkə” olduğuna və Ermənistanı “blokada”da saxladığına inandıra bilmişdilər. Bununla belə, qeyd etmək lazımdır ki, o vaxt Ermənistan yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsini deyil, silahlı hərbi qüvvələri ilə onun ətrafındakı rayonları da işğal etmiş, Dağlıq Qarabağla Ermənistan Respublikası arasında dəhliz yaratmış və yüz minlərlə azərbaycanlını öz tarixi yurdlarından zorla qovub çıxarmışdı. “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin təsdiqi ilə bağlı Cornell yazır ki, “Ermənistan Qarabağın bütün ərazisini işğal edəndən və digər Azərbaycan rayonlarında etnik təmizləmə həyata keçirəndən bir neçə ay sonra bu qanunun irəli sürülməsi çox təəccüblü idi”.[5] “Azadlığa Dəstək Aktı”nın 907-ci Düzəlişinin nəticəsi olaraq, ABŞ hökumətinin Azərbaycana göstərdiyi hökumət yardımı kəskin sürətdə məhdudlaşdırıldı. Yardımı qadağan edən bənddə deyilirdi:

Prezident Azərbaycan hökumətinin bütün blokadaları, eləcə də Ermənistan və Dağlıq Qarabağa qarşı digər hücum xarakterli gücdən istifadələri dayandırmaq üçün sübuta yetirilən addımlar atdığını müəyyən edənə qədər və beləliklə, Konqresə hesabat verənə qədər bu və ya hər hansı digər Akt (bu Aktın V başlığı altında göstərilən yardımdan başqa) çərçivəsində Birləşmiş Ştatların Azərbaycan hökumətinə yardımı göstərilə bilməz.[6]

Azərbaycan ABŞ qanunvericiliyində edilmiş bu düzəlişi çox ədalətsiz hesab edirdi. Münaqişənin qurbanı, 1 milyon qaçqın və məcburi köçkün vətəndaşı olan, öz tarixi torpaqlarının təqribən 20 faizini itirmiş Azərbaycan ədalətsiz olaraq Ermənistanı “blokada”da saxlayan təcavüzkar ölkə kimi tanınırdı. Buna görə də ADA-nın 907-ci düzə­lişinin qəbul edilməsindən sonra Azərbaycan hökuməti bu düzəlişin ləğv edilməsi üçün ABŞ hökuməti ilə birbaşa əlaqə yaratmağa çalışırdı. 2001-ci il sentyabrın 11-də ABŞ-yə edilmiş terror aktına qədərki on il ərzində Amerikada olan güclü erməni lobbisi və onun ABŞ Konqresindəki tərəfdarlarına qarşı mübarizə aparmaq Azərbaycan üçün çox çətin məsələ idi. Lakin 2001-ci il 11 sentyabr terror aktı ABŞ-nin xarici siyasət prioritetlərini dəyişdirdi. Nəticədə, ABŞ “beynəlxalq terrorizmə qarşı müharibəyə” başladıqda Əfqanıstanda terrorizmə qarşı kampaniya çərçivəsində koalisiya qüvvələrinə öz hava məkanından sərbəst uçmaq icazəsi verməklə Azər­baycanın rolu artmış oldu.[7]

ABŞ-nin “terrorla mübarizə” siyasətinə Azərbaycan hökumətinin reaksiyasına gəldikdə, Marta Brill Olkott qeyd edir ki, “Prezident Heydər Əliyev və onun məsləhətçiləri 11 sentyabr hadisələrinin ABŞ-Azərbaycan əlaqələrində yeni başlanğıc olacağına və təhlükəsizlik sahəsində əməkdaşlığın artacağına ümid edirdilər”.[8] Nəticədə, 2001-ci ilin dekabrında ABŞ Konqresi 1992-ci ildə qəbul edilmiş ADA-ya 907-ci düzəlişi ləğv etdi. Həmçinin prezidentə imtina etmək səlahiyyəti verildi ki, bu da öz növbəsində 2002-ci ilin yanvar ayında ABŞ Prezidenti Corc V. Buş tərəfindən ABŞ hökumətinin Azərbaycana yardım etməsi haqqında məhdudiyyətdən imtina etməsi ilə nəticələndi. ABŞ rəsmilərinin sözlərinə görə bu akt terrorizmə qarşı mübarizədə Azərbaycanla ABŞ arasında əməkdaşlığı gücləndirəcək və Azərbaycan və Ermənistan arasında Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində danışıqlar prosesini inkişaf etdirəcəkdi. Lakin Ağ Evin bəyanatında deyilirdi ki, məqsəd “beynəlxalq terrorizmlə mübarizədə ABŞ-yə dəstək olmaqdır”.[9]

İmtinada aşağıdakılar qeyd edilir:

Dövlət Katibi üçün Memorandum

“Kenneh M. Ludden xarici Əməliyyatlar, Eksport Maliyyələşdirilməsi və Əlaqədar Proqramlara Yardım Ayrılması haqqında Akt”ın II fəslində qeyd edilən səlahiyyətə uyğun olaraq, mən 1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin ləğvini aşağıdakı hallara əsasən müəyyən və təsdiq edirəm (Dövlət Qanunu 102–511):

  • beynəlxalq terrorizmlə mübarizədə ABŞ-nin səylərini dəstəkləmək vacibdir;
  • beynəlxalq terrorizmlə mübarizədə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının əməliyyata hazırlığını dəstəkləmək vacibdir;
  • Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir; Ermənistan və Azərbaycan arasında məsələnin sülh yolu ilə həllinə dair gedən danışıqlara mane olmayacaq və ya sarsıtmayacaq və ya Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcəkdir.

Buna görə də mən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişindən imtina edirəm.

Siz bu qərarla bağlı Konqresə məlumat vermək və onun Federal Reyestrdə dərc olunmasını təşkil etmək səlahiyyətinə maliksiniz.

CORC V.BUŞ

AĞ EV,

Vaşinqton, 25 yanvar 2002-ci il.[10]

(Qeyri-rəsmi tərcümə)

Erməni lobbisi, xüsusilə də Amerika Erməniləri Milli Komitəsinin (ANCA) və onların ABŞ Konqresindəki tərəfdarlarının “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişdən imtina ilə bağlı reaksiyası gecikmədi. Bununla əlaqədar olaraq Amerika Erməniləri Milli Komitəsi yazırdı:

Prezidentə verilən imtina səlahiyyəti Azərbaycanı blokadanı saxlamağa və sülh danışıqlarında barışmaz qalmağa təşviq edərək bölgədə ABŞ maraqlarına xələl gətirir. Bu imtinanın tətbiqi şiddət və blokadaya qarşı prinsipial mövqedən geri çəkilmək də daxil olmaqla Azərbaycana, onun Qarabağ və ya Ermənistana qarşı yenidən təcavüz edəcəyi halda ABŞ-nin buna cavab verməyəcəyi barədə təhlükəli siqnal göndərir.[11]

Buna görə də Azərbaycan hökumətinə yardımla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişindən imtinanın ləğv edilməsinə görə Erməni lobbisi Konqresə möhkəm təzyiq göstərmişdi. Ama onların ciddi səylərinə baxmayaraq, Azərbaycan-ABŞ əlaqələrində mühüm rol oynamış bu imtina hələ də qüvvədədir və güclü hərbi və strateji əməkdaşlığın formalaşmasına səbəb olmaqdadır.


[1] Tarnoff, Curt, “U.S. Assistance to the Former Soviet Union”, CRS Report for Congress, Order Code RL32866, 1 mart 2007-ci il. – s. 1.

[2] “FREEDOM Support Act of 1992 (Public Law 102–511)”, Götürülmüşdür; U.S. Foreign Assistance Reference Guide (Department of State Publication 11202, yanvar 2005-ci il). – s. 10.

[3] Dombrowski, Peter & Patricia, Davis, “Winding Down? International Assistance to the Former Soviet Union”, in Moses, Joel C., ed., Dilemmas of Transition in Post-Soviet Countries (Rowman & Littlefield, 2002). – s. 68.

[4] a.k.ə. Cornell, S.E. – 2011. – s. 71.

[5] a.k.ə. Cornell, S.E. – 2011. – s. 71.

[6] “FREEDOM Support Act (P.L. 102–511): Sec. 907. Restriction on assistance to Azerbaijan”,

Legislation on Foreign Relations Through 2002 (Joint Committee Print, oktyabr 2003-cü il), Vol. I-B. – s. 90.

[7] Murinson, Alexander, Turkey’s Entente with Israel and Azerbaijan: State Identity and Security in the Middle East and Caucasus. – Routledge, 2009. – s. 75.

[8] Brill Olcott, Martha, “U.S. Policy in the South Caucasus”, The Quarterly Journal, Vol. 1, No. 3, sentyabr 2002-ci il. – s. 61.

[9] Blua, Antoine, “Azerbaijan: U.S. Lifts Restrictions On Aid”, Radio Free Europe/Radio Liberty, 29 yanvar 2002-ci il; (http://www.rferl.org/content/article/1098626.html). İstifadə tarixi: 10 oktyabr 2013-cü il.

[10] “Waiver of Section 907 of the FREEDOM Support Act with Respect to Assistance to the Government of Azerbaijan”, Presidential Determination, No. 2002-06, 25 yanvar 2002-ci il. Götürülmüşdür; Code of Federal Regulations: LSA, List of CFR Sections Affected (U.S. Government Printing Office, 2003. – s. 277–278.

[11] “Section 907 of the Freedom Support Act” ANCA Position Papers, Winter/Spring 2006; (http://www. anca.org/hill_staff/position_papers.php?ppid=6). İstifadə tarixi: 10 oktyabr 2013-cü il.