Tehran Bəyannaməsi hərbi əməliyyatları səngitmək, ədavəti azaltmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəsə nail olmaq üçün İranın vasitəçilik səylərinin nəticəsi idi. 1992-ci ilin ilk günlərindən başlayaraq İran nümayəndə heyəti bölgəyə bir neçə səfər etmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Ermənistan respublikalarının rəsmiləri ilə intensiv danışıqlar aparmışdı. Tərəflərin bir çox nüfuzlu və yüksək vəzifəli nümayəndələri ilə ilkin danışıqlardan sonra İranın vasitəçilik aparan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün plan hazırlamışdı. Planın ən mühüm hissəsi aşağıdakı kimi tərtib edilmişdi: əvvəl müvəqqəti, sonra isə daimi atəşkəsə nail olmaq; atəşkəsə nəzarət etmək üçün müşahidəçilərin yerləşdirilməsi və sazişin şərtlərinə əməl etmək; məhbusların və şəhid olmuş əsgərlərin cəsədlərinin mübadiləsi; Azərbaycanın Qarabağa tətbiq etdiyi iqtisadi sanksiyaların aradan qaldırılması; Qarabağa və ya Qarabağ daxilində nəqliyyat və kommunikasiya yollarının açılması; sanksiyaların aradan qaldırılması ilə paralel məcburi köçkünlərin qaytarılması üçün komitələrin təşkili; Qarabağa humanitar yardım; Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün danışıqların başlanılması.[1] 1992-ci il mart 21-dən qüvvəyə minərək cəmi bir neçə gün davam etmiş müvəqqəti atəşkəs İran nümayəndə heyəti tərəfindən sülh prosesində ilk addım hesab edilərək müvəqqəti atəşkəsin, həmçinin “tərəflər arasında inam yaradılması və münaqişəni soyutmaq üçün zəruri addım” kimi önəmli olduğu da bildirilir.[2]
1992-ci ilin martında İranın vasitəçilik aparan nümayəndə heyətinin hazırladığı planda bəzi uğurlar əldə olunduğu üçün İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi Rəfsəncani münaqişə edən tərəflərin liderlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Tehrana dəvət etdi. İran prezidentinin dəvəti ilə 1992-ci ilin mayında o dövr üçün Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyan Tehrana rəsmi səfər etdilər. Mayın 7-də 2 günlük üçtərəfli danışıqların nəticəsi olaraq dövlət başçıları Tehran bəyannaməsi adlanan birgə bəyanatla çıxış etdilər. Bəyannaməyə əsasən, tərəflər ölkələrinin yüksək səviyyəli nümayəndələrinin görüşlərinin təşkil olunması barədə razılığa gəldilər. Tərəflər beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini əsas götürərək regionda gələcək hərbi qarşıdurmanın qarşısını almaq, sərhədlərində təhlükəsizlik, sülh və sabitliyin təmin olunmasının və müxtəlif səviyyələrdə ölkələr arasında sülh yolu ilə ikitərəfli əlaqələri normallaşdıraraq inkişaf etdirməyin vacibliyini vurğuladılar. Tərəflər həmçinin “maraqlı tərəflərlə danışıqlar aparıldıqdan sonra Azərbaycan və Ermənistan dövlət başçılarının dəstəyi ilə iqtisadi ehtiyacların qarşılanması məqsədilə atəşkəs əldə olunacağı, eyni zamanda bütün kommunikasiya yollarının açılacağı barədə” razılığa gəldilər.[3] İran İslam Respublikasının regional və beynəlxalq səviyyədə sülh və sabitliyin əldə olunmasına dair səylərini İranın real siyasəti kimi izah edən Abdulla Ramazanzadə belə şərh edir:
İranın bütün səylərinə baxmayaraq, vasitəçilik prosesi mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın alınması ilə başa çatdı. Şuşanın işğalından sonra İranın xarici İşlər naziri erməni tərəfin yeni hərbi əməliyyatlara başlayacağı ilə əlaqədar İranın narahat olduğunu bildirdi və tərəfləri Tehran Bəyannaməsinə uyğun hərəkət etməyə və “böhranı daha da gərginləşdirə biləcək hər hansı bir hərbi əməliyyatdan çəkinməyə” çağırdı.[5] Mahmud Vaezinin sözlərinə görə, “Şuşanın işğalı … hələ də Tehranda olan yüksək rütbəli Ermənistan və Azərbaycan nümayəndə heyətlərini çaşdırdı. O zaman ilkin fikir belə oldu ki, Qarabağ və Yerevan erməniləri də daxil olmaqla bütövlükdə Ermənistan tərəfi atəşkəs tərəfdarı deyil”.[6] Nəticədə, keçmiş Sovet İttifaqı ərazisində ən mürəkkəb və qanlı münaqişələrdən birinə son qoymaq üçün İranın vasitəçilik səyləri ermənilər tərəfindən təhlükə altına düşdü və Şuşanın işğalından sonra Ermənistanın Dağlıq Qarabağla Ermənistan arasında körpü yaratdığı Azərbaycanın Laçın rayonu da işğal olundu.
[1] Vaezi, Mahmoud, “Karabakh’s Crisis: Iran’s Mediation and the Aftermath”, Center for Strategic Research, December 2008; (http://www.csr.ir/departments.aspx?lng=en&abtid=07&&depid=74&sem id=1387). Accessed on December 14, 2013
[2] a.k.ə. Vaezi, Mahmoud (2008).
[3] “Joint Statement of the Heads of State in Tehran”, 7 May 1992. Retrieved from (http://www.ca-c.org/ dataeng/books/book-1/12.appendix-03.shtml). Accessed on December 14, 2013.
[4] Ramezanzadeh, Abdollah, “Iran’s Role as Mediator in the Nagorno-Karabakh Crisis”, in Coppieters, Bruno ed., Contested Borders in the Caucasus (VUB Press, 1996). Retrieved from; (http://poli.vub.ac.be/ publi/ContBorders/eng/ch0701.htm). Accessed on December 14, 2013
[5] a.k.ə.Ramezanzadeh, Abdollah (1996).
[6] a.k.ə.Vaezi, Mahmoud (2008).