Tehran Bəyannaməsi (həmçinin Tehran Kommünikesi də adlanır) hərbi əməliyyatları səngitmək, ədavəti azaltmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəsə nail olmaq üçün İranın vasitəçilik səylərinin nəticəsi idi. 1992-ci ilin ilk günlərindən başlayaraq İran nümayəndə heyəti bölgəyə bir neçə səfər etmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Ermənistan respublikalarının rəsmiləri ilə intensiv danışıqlar aparmışdı. Tərəflərin bir çox nüfuzlu və yüksəkvəzifəli nümayəndələri ilə ilkin danışıqlardan sonra İranın vasitəçilik aparan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün plan hazırlamışdı. Planın ən mühüm hissəsi aşağıdakı kimi tərtib edilmişdi: əvvəl müvəqqəti, sonra isə daimi atəşkəsə nail olmaq; atəşkəsə nəzarət etmək üçün müşahidəçilərin yerləşdirilməsi və sazişin şərtlərinə əməl etmək; məhbusların və şəhid olmuş əsgərlərin cəsədlərinin mübadiləsi; Azərbaycanın Qarabağa tətbiq etdiyi iqtisadi sanksiyaların aradan qaldırılması; Qarabağa və ya Qarabağ daxilində nəqliyyat və kommunikasiya yollarının açılması; sanksiyaların aradan qaldırılması ilə paralel məcburi köçkünlərin qaytarılması üçün komitələrin təşkili; Qarabağa humanitar yardım; Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün danışıqların başlanılması.[1] 1992-ci il mart 21-dən qüvvəyə minərək cəmi bir neçə gün davam edən müvəqqəti atəşkəs İran nümayəndə heyəti tərəfindən sülh prosesinin ilk addımı hesab edilərək müvəqqəti atəşkəsin “tərəflər arasında inam yaradılması və münaqişəni soyudulması üçün zəruri mərhələ” olaraq vurğulandı.[2]
1992-ci ilin martında İranın vasitəçilik aparan nümayəndə heyətinin hazırladığı planda bəzi uğurlar əldə olunduğu üçün İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi Rəfsəncani münaqişə edən tərəflərin liderlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Tehrana dəvət etdi. İran Prezidentinin dəvəti ilə 1992-ci ilin mayında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Yaqub Məmmədov və Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyan Tehrana rəsmi səfər etdilər. Mayın 7-də ikigünlük üçtərəfli danışıqların nəticəsi olaraq dövlət başçıları Tehran Bəyannaməsi adlanan birgə bəyanatla çıxış etdilər. Bəyannaməyə əsasən tərəflər ölkələrinin yüksək səviyyəli nümayəndələrinin daimi görüşlərinin təşkil olunması barədə razılığa gəldilər. Tərəflər beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini əsas götürərək regionda gələcək hərbi qarşıdurmanın qarşısını almaq, sərhədlərində təhlükəsizlik, sülh və sabitliyin təmin olunmasının və müxtəlif səviyyələrdə ölkələr arasında sülh yolu ilə ikitərəfli əlaqələri normallaşdıraraq inkişaf etdirməyin vacibliyini vurğuladılar. Tərəflər həmçinin “maraqlı tərəflərlə danışıqlar aparıldıqdan sonra Azərbaycan və Ermənistan dövlət başçılarının dəstəyi ilə iqtisadi ehtiyacların qarşılanması məqsədilə atəşkəs əldə olunacağı, eyni zamanda bütün kommunikasiya yollarının açılacağı barədə” razılığa gəldilər.[3] İran İslam Respublikasının regional və beynəlxalq səviyyədə sülh və sabitliyin əldə olunmasına dair səylərini İranın real siyasəti kimi izah edən Abdulla Ramazanzadə belə şərh edir:
– İran aşkar təhlükəsizlik səbəblərdən münaqişənin tezliklə həllinə çalışır. Sərhədləri boyunca gedən hərbi əməliyyatlar İranın təhlükəsizliyinə birbaşa təhlükə törədir. Münaqişənin uzanması Rusiyanın rolunun güclənməsinə gətirib çıxaracaq ki, bu da onu münaqişəni öz şərtlərinə uyğun, İranın isə təhlükəsizlik maraqlarının ziddinə həll etməyə şirnikləndirə bilər.
– Münaqişənin uzanması müharibə nəticəsində qonşu ərazilərdən daha çox qaçqın axınına səbəb olacaq. Hazırda İran artıq Əfqanıstan və İraqdan təxminən 4 milyon qaçqın qəbul edib.
– Ermənistan və Azərbaycan arasında qüvvələrin tarazlaşdırılması İranın vasitəçilik siyasətinin ikinci məqsədidir. İran nə güclü xristian Ermənistanının, nə də İranın Azərbaycan vilayətlərinə ərazi iddiaları qaldıra biləcək güclü Azərbaycanın tərəfindədir.
– Ermənistan-Azərbaycan münaqişəsi İrana Avropaya yenicə açılan yoldan tam istifadə etməkdə mane olur.
– İran regionda Türkiyə və ABŞ-nin nüfuzunun qarşısını almaq ehtiyacı duyur… ABŞ administrasiyası Türkiyəni “region siyasətində aparıcı rola” malik “model” kimi qiymətləndirərək bölgədəki bütün yeni müstəqil dövlətləri də bu modelə əməl etməyə təşviq edirdi. Dağlıq Qarabağ münaqişəsi vasitəsilə İran rəhbərliyi Türkiyənin “Axilles daban”ından öz xeyrinə istifadə etmək imkanı əldə etmiş oldu.[4]
İranın bütün səylərinə baxmayaraq, vasitəçilik prosesi mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğal edilməsi ilə başa çatdı. Şuşanın işğalından sonra İranın xarici işlər naziri erməni tərəfin yeni hərbi əməliyyatlara başlayacağı ilə əlaqədar İranın narahat olduğunu bildirdi və tərəfləri Tehran Bəyannaməsinə uyğun hərəkət etməyə və “böhranı daha da gərginləşdirə biləcək hər hansı bir hərbi əməliyyatdan çəkinməyə” çağırdı.[5] Mahmud Vaezinin sözlərinə görə “Şuşanın işğalı… hələ də Tehranda olan yüksəkrütbəli Ermənistan və Azərbaycan nümayəndə heyətlərini çaşdırdı. O zamankı ilkin fikir belə oldu ki, Qarabağ və İrəvan erməniləri də daxil olmaqla bütövlükdə Ermənistan tərəfi atəşkəsə tərəfdar deyildi”.[6] Nəticədə, ermənilər keçmiş Sovet İttifaqı ərazisindəki ən mürəkkəb və ən qanlı münaqişələrdən birinə son qoymaq niyyətində olan İranın vasitəçilik səylərinə zərbə vurmuş oldular. Şuşanın işğalından sonra Ermənistan tərəfindən Dağlıq Qarabağla Ermənistan arasında körpü rolunu oynayan Azərbaycanın Laçın rayonu da işğal olundu.
[1] Vaezi, M. Karabakh’s Crisis: Iran’s Mediation and the Aftermath / Center for Strategic Research. – December 14, 2008. URL: http://www.isrjournals.com/en/iran-foreign-policy/811-karabakhs-crisis-irans-mediation-and-the-aftermath.html (İstifadə tarixi: 2 dekabr 2024)
[2] Yenə orada.
[3] “Joint Statement of the Heads of State in Tehran”, 7 May 1992-ci il. Götürülmüşdür; (http://www.ca-c.org/ dataeng/books/book–1/12.appendix-03.shtml). İstifadə tarixi: 14 dekabr 2013-cü il.
[4] Ramezanzadeh, A. “Iran’s Role as Mediator in the Nagorno-Karabakh Crisis”, in Coppieters, Bruno ed., Contested Borders in the Caucasus (VUB Press, 1996). Götürülmüşdür;(http://poli.vub.ac.be/publi/ContBorders/eng/ch0701.htm). İstifadə tarixi: 14 dekabr 2013-cü il
[5] a.k.ə.Ramezanzadeh, A. – 1996.
[6] a.k.ə.Vaezi, M. – 2008.