1993-cü il aprelin 30-da qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi nəyi nəzərdə tuturdu?

1993-cü il aprelin 30-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası özünün 3205-ci iclasında yekdilliklə Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Azərbaycanın Kəlbəcər rayonunun işğalını pisləyən və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən 822 saylı qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən Təhlükəsizlik Şurası bölgədə sülh və təhlükəsizliyi təhlükə altına atan düşmənçilik fəaliyyətlərinin və hərbi əməliyyatların dayandırılmasını, bütün işğalçı qüvvələrin nəinki Kəlbəcər rayonundan, eləcə də Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılmasını tələb edilirdi. Şura həmçinin “Baş katibin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin sədrinə, habelə, Müşavirənin Minsk qrupunun sədri ilə birlikdə, regionda, xüsusilə də Azərbaycanın Kəlbəcər rayonunda vəziyyəti qiymətləndirməyi və növbəti hesabatları Şuraya təqdim etməyi tapşırmışdı”.[1]

Qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu (sahəsi 1936 kv. m, əhalisi 58000)[2] Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil deyildi və tarix boyu orada ermənilər yaşamamışdır.[3] Münaqişənin hər iki tərəfi üçün böyük strateji əhəmiyyət kəsb edən Azərbaycanın bu rayonu Ermənistanın şimal-qərbi ilə Dağlıq Qarabağ arasında yerləşən uzun bir ərazi zolağı idi.[4] Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Dağlıq Qarabağ Azərbaycan ərazisində anklav statusunu itirdi və uzunluğu 60 mil, eni 30 mil olan ərazi de-fakto Ermənistana qatıldı.[5]

1993-cü martın 27-də Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonuna güclü hücuma keçdi. Kəlbəcərdə əlavə yardım almayan zəif planlaşdırılmış kiçik bir müdafiə qrupu var idi. Lakin ermənilər yüksək səviyyədə hazırlıqlı idi. Kəlbəcər rayonuna əsas hücum Dağlıq Qarabağ hərbi hissələri tərəfindən deyil, qərbdən Ermənistanın Vardenis rayonu tərəfdən edildi. Nəticədə, aprelin 3-də ermənilər ciddi itki vermədən Kəlbəcər rayonunu işğal etdilər.[6] Ermənilər bu işğal aktını Dağlıq Qarabağın qorunması üçün “təhlükəsizlik zolağının” yaradılması məqsədilə həyata keçirildiyini bəhanə gətirirlər.[7]

Kəlbəcərə hücum vaxtı erməni silahlı qüvvələri tərəfindən müharibə qaydalarına zidd olan vətəndaşların məcburi  köçürülməsi, yanğınlar törədilməsi və girov götürülməsi kimi bir sıra qanunsuz hərəkətlərə yol verilmiş, bir həftə ərzində azərbaycanlılardan ibarət 60 min nəfər mülki əhali evlərini tərk etmək məcburiyyətində qalmışdılar.[8] ABŞ Dövlət İnsan Hüquqları Departamentinin ölkə hesabatında qeyd edilir: “Onlar (erməni qüvvələri) sakinləri evlərindən qovub, rayon mərkəzini və regionun bir çox kəndlərini talan edib və yandırıblar”.[9] Human Rights Watch-a görə, əvvəlcə Kəlbəcər rayonunun mülki əhalisinə qaçmağa icazə verildi, lakin bir müddət sonra məlum oldu ki, “Murov dağları”na gedən yoldan başqa bütün qaçış yolları bağlanmışdır.[10] Thomas de Wall bu hadisəni belə işıqlandırmışdır: “çıxılmaz vəziyyətdə qalan qaçqınlar ermənilərin açıq qoyduğu yeganə Murov dağına gedən 50 millik qarlı yolla qaçmağa çalışırdı”.[11] Nəticədə, əsrlər boyu bu ərazidə yaşayan əksəriyyəti Azərbaycan kürdü olan mülki əhali Murov dağlarından qaçarkən tələf oldu.[12] Human Rights Watch Azərbaycan kürdlərinin qaçmasına belə aydınlıq gətirir:

Ermənilərin dediyinin əksinə, Laçin və Kəlbəcər rayonunda yaşayan kürdlərin nə bu əraziləri işğal etməkdə erməniləri dəstəkləməsinə, nə də bu rayonların Ermənistan tərəfindən işğal edilməsindən sonra əksər kürdlərin bu bölgədə qalaraq muxtar Kürd rayonunu yaratmaq istəmələrinə dair heç bir sübut yoxdur. Bütün kürdlər azərbaycanlılarla birlikdə qaçmışdılar.[13]

Bundan əlavə, amerikalı jurnalist Thomas Goltz yazır ki, Kəlbəcər rayonunun işğalından sonra regionda olan kürd icması dünya kürdlərinə müraciət edərək ermənilərin Azərbaycana qarşı təcavüz və işğallarını, mülki əhalini qətl və qarət etmələrini dayandırmasını xahiş etmişdir. Müraciətdə göstərilir: “ölkəmizi təcavüzdən və işğaldan azad etmək məqsədilə kütləvi, beynəlxalq həmrəylik kampaniyası başlamaq üçün bütün dünya kürdlərini bizə, Azərbaycan kürdlərinə qoşulmağa səsləyirik! Sülh və ədalət adına Azərbaycanda qədim yurdumuzu qorumaqda bizlərə kömək edin!”[14] Kəlbəcərin işğalı nəticəsində regionun mülki əhalisi bir neçə həftə ərzində erməni silahlı qüvvələri tərəfindən etnik təmizləməyə məruz qalmış, doğma yurd-yuvalarından çıxarılmış və onlar dözülməz şəraitdə yaşayan böyük məcburi köçkünlər kütləsinə çevrilmişdilər. Bu da öz növbəsində Azərbaycanda humanitar böhrana səbəb oldu. 1993-cü ilin aprelində Azərbaycan Qaçqınlar üzrə Dövlət Komitəsinin hesabatına görə, regiondan 9582 ailə qeydiyyata alınaraq məktəblərdə, yay düşərgələrində, mehmanxanalarda və çadırlarda məskunlaşdırıldılar.[15]

Laçından sonra Kəlbəcərin ələ keçirilməsi Dağlıq Qarabağ və Ermənistan arasında ikinci bir quru dəhlizi yaratdı. Lakin bu, ermənilərə diplomatik cəhətdən baha başa gəldi. Ermənilərin xarici qüvvələrin köməyi ilə həyata keçirdiyi işğal Ermənistana beynəlxalq qınaq gətirdi. Əvvəldə qeyd edildiyi kimi, əməliyyatdan iyirmi səkkiz gün sonra BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatların dayandırılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. Thomas de Wallın dediyinə görə “hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırarkən, qətnamə Ermənistan tərəfi nəzərdə tuturdu və ondan bütün işğalçı qüvvələri Kəlbəcərdən çıxartmağı tələb edirdi”.[16]

Bununla belə, ermənilər Kəlbəcər rayonunun işğalında Ermənistan Respublikasının hərbi qüvvələrinin əli olduğunu inkar edir. Onlar Azərbaycanı beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif edilməsində ittiham edirlər. Buna görə, onlar qətnamədə Ermənistanın “təcavüzkar” və ya “işğalçı” kimi heç bir zaman qeyd edilmədiyini, 822 saylı Qətnamədə silahlı toqquşmanın Azərbaycan və Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələri arasında baş verdiyini və münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunun göstərildiyini iddia edirlər.[17] Lakin, Kəlbəcər əməliyyatı zamanı böyük hücum Dağlıq Qarabağ erməniləri tərəfindən deyil, əsasən rayonun qərb hissəsindən, yəni Ermənistan ərazisindən gəldi və bu da “erməni dövlətinin müharibədə açıq-aşkar iştirak etdiyini göstərirdi”.[18] Bununla bağlı De Wall həmçinin qeyd edir ki, “Ermənilərin hücumunun əsas istiqaməti qərbdən, Ermənistanın Vardenis bölgəsindən idi– lakin, o zaman bu fakt siyasi səbəblərə görə inkar edilmişdi.”[19] Azərbaycan hərbi bölüyünün ələ keçirdiyi ermənilərin hərbi biletləri, xidmətə çağırış sənədləri, pasportları, məzuniyyət kartları, bülletenləri, ərizələri, habelə, Ermənistanın 555-ci motoatıcı alayının əsgərlərinin ifadəsi kimi bir sıra güclü dəlillər[20] Kəlbəcər rayonunun işğalında yalnız Ermənistan tərəfinin deyil, Rusiyanın 7-ci ordusu kimi xarici hərbi qüvvələrin də əli olduğunu sübut edir.[21] Bununla əlaqədar Thomas de Wall yazır:

Azərbaycanlılar tərəfindən ələ keçirilmiş 1 aprel 1993-cü il tarixli hərbi xəritə mayor S.O.Barseqyana məxsus idi. Xəritədəki tarixlər göstərir ki, Barseqyan 2 mart tarixində Sevan gölü sahilində olmuş, martın 27-si axşam saat 16:30-da Ermənistan-Azərbaycan sərhədini keçmiş və Kəlbəcərə doğru yol almışdır. Azərbaycanın keçmiş Müdafiə Naziri Azad İsazadədə bu xəritənin nüsxəsi var… Sonralar Azərbaycan Təhlükəsizlik Nazirliyi çox təmiz rus dilində və kobud erməni aksenti ilə danışan iki rəsmi nümayəndə arasında gedən danışıqları lentə almış audio-kaseti dərc etmişdi.[22]

Bununla əlaqədar olaraq, Human Right Watch qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən verilmiş radio məlumata əsasən Rusiyanın 7-ci Ordusunun 128-ci alayına məxsus qoşun hissələri Kəlbəcərin işğalında iştirak etmişdir. Human Right Watch eləcə də qeyd edir ki, lent yazılarına qulaq asdıqdan sonra rus dilinə mükəmməl bələd olan BMT-nin Bakıdakı nümayəndəsi Mahmud əl-Səid lent yazısındakı səsin yerli rusdilli şəxsə məxsus olduğunu təsdiq etdi.[23]

Bundan başqa, Kəlbəcər rayonunun işğalında Ermənistan qüvvələrinin birbaşa iştirakı Qərb xəbər agentlikləri tərəfindən də sübut edilmişdir. 8 aprel tirajında, “The Independent (Müstəqil) qəzeti yazırdı: “Azərbaycan torpaqlarını məhz Ermənistan işğal etmişdir”, bir həftə sonra 14 aprel tarixində isə “The Times qəzeti yazırdı “bir şey dəqiqdir: Kəlbəcər rayonuna qərbdən Ermənistan tərəfdən, şərqdən isə Dağlıq Qarabağ tərəfdən hücum edilmişdir.” “The Washington Post” qəzeti isə öz növbəsində digər informasiya agentliklərini dəstəkləyərək aprelin 28-də yazmışdı: “Keçmiş sovet respublikaları Ermənistan və Azərbaycanın cəlb edildiyi müharibə yeni, təhlükəli mərhələyə daxil olur…”[24]

ATƏT-in Minsk qrupu da münaqişənin iki dövlət Ermənistan və Azərbaycan arasında olduğunu tanıyır və 28 sentyabr 1993-cü il tarixli qərarı ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı Qətnamələrinin dərhal həyata keçirilməsinin zəruri olduğunu vurğulayaraq bu istiqamətdə təcili addımlar atılması üçün qrafik təyin etmişdir.[25] Bununla belə, Minsk qrupu münaqişənin yalnız iki “əsas tərəflərini” Ermənistan və Azərbaycan olaraq tanıyan ABŞ dövlət katibi Ceyms Beyker adı ilə adlanan “Beyker Qanunları”na əsasən münaqişə tərəfləri arasında danışıqlar prosesini başlatmışdır.[26]

Bundan başqa, 822 saylı qətnamədə “Azərbaycan Respublikasının Kəlbəcər rayonunun yerli erməni qüvvələri tərəfindən son işğalı” ifadəsindəki “işğal” sözünə xüsusi diqqət yetirmək lazımdır.[27] Ermənilər iddia edirlər ki, bu Ermənistanla Azərbaycan arasında deyil, qətnamədə də göstərildiyi kimi Azərbaycan və Dağlıq Qarabağ erməniləri arasında “daxili qarşıdurma” kimi şərh edilməlidir. Buna baxmayaraq, beynəlxalq qanun terminlərinə əsasən “işğal” sözü BMT-nin Baş Assambleyası tərəfindən 1974-cü ildə qəbul edilmiş “suveren bir dövlətə qarşı silahlı təcavüzün bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə hücum etməsi və ya ərazisini işğal etməsi, müvəqqəti olaraq bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinin bir hissəsini öz torpaqlarına əlavə etməsi olduğunu vurğulayan” beynəlxalq münaqişə əvəzinə istifadə edilir.[28]

Kəlbəcər rayonunun işğalında “yerli erməni qüvvələri”nə köməklik göstərdiklərini vurğulayan Ermənistan xarici İşlər nazirinin müavini Liberdiyan bildirir: “Biz onların təhlükəsizliyi və yaşamaları üçün nə lazımdırsa onlara verdik. Buraya qənd, un, elektrik, kiçik silahlar, tanklar və quru-hava raket sistemləri daxildir”. Ermənilər bu və ya digər yolla bu işğalda əllərinin olduğunu qəbul edirlər.[29]

Kəlbəcərin işğalı qonşu ölkələrin Azərbaycana qarşı təcavüzü dayandırmaqda və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlamaqda Ermənistana təzyiq göstərmələrinə təkan verdi. Kəlbəcərin işğalından sonra Türkiyə dərhal Ermənistanla sərhədi bağladı. [30] Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonları kimi Azərbaycan ərazilərinin işğalı İranı da narahat etməyə başladı. BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubunda İran xarici İşlər naziri cənab Əli Əkbər Vilayəti BMT Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı Qətnamələrini həyata keçirmək üçün təcili və təsirli tədbirlər görməyə və işğalçı qüvvələrin atəşkəsi qəbul etməsinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə geri çəkilməsinə vadar etməyə çağırdı.[31]

Rusiya da sonralar Minsk Qrupuna İtalyan həmsədrin qoşulması ilə “3+1 təşəbbüsü” adlandırılan Rusiya, Türkiyə və ABŞ-ın iştirakı ilə üçtərəfli sülh danışıqlarını dəstəkləyirdi. Bu təşəbbüs Ermənistan hərbi qüvvələrinin Kəlbəcər rayonundan çıxarılmasını, 2 aylıq atəşkəsin başladılması üçün proqramın hazırlanmasını, yeni sülh danışıqlarının bərpasını tələb edirdi. Azərbaycan və Ermənistan sülh planını qəbul etsə də, 1993-cü ilin may ayında Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə təminatla bağlı heç bir maddənin qeyd edilməməsi bəhanəsi ilə bu sülh planını rədd etdi.[32]

Dağlıq Qarabağ Dövlət Müdafiə Komitəsinin sədri Robert Köçəryan bunu belə şərh edir:

…regionda sülh deyiləndə Qarabağ xalqının əsas maraqları nəzərə alınmalıdır… Bu səbəbdən, üçtərəfli təşəbbüsə cavab olaraq təşəbbüsdə təhlükəsizliyin zəif olduğunu görən Qarabağ rəhbərliyi dünya ictimaiyyətini Qarabağ xalqının hüququna hörmətlə yanaşmağa, onların təhlükəsizliyini təmin etməyə çağırır.[33]

Svante Cornell Dağlıq Qarabağ erməniləri tərəfindən sülh təşəbbüsünün rədd edilməsini “öz məqsədlərini həyata keçirmək və diplomatik qınağı aradan qaldırmaq” üçün Ermənistan hökumətinin bəhanəsi kimi şərh edir.[34] Sonralar, Ermənistan hökumətinin təzyiqi ilə Dağlıq Qarabağ erməniləri 14 iyun tarixli planı qəbul etsələr də planın həyata keçirilməsi üçün bir aylıq möhlət istədilər. Lakin, 1993-cü ilin iyulunda erməni qüvvələri tərəfindən Ağdamın işğalı ilə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi və “3 +1 təşəbbüs”ü bir tərəfdə tozlanıb qaldı.[35]


[1] United Nation Security Council, “Resolution 822”, s/RES/822, 30 April 1993.

[2]Mammadov, Akbar, “27 years since Kalbajar’s occupation by Armenian armed forces,” AZERNEWS, April 2, 2020; https://www.azernews.az/karabakh/163609.html. Accessed on December 2, 2022.

[3] Sheets, Lawrence Scott, “A ‘Frozen Conflict’ That Could Boil Over”, The New York Times, 8 March 2012; (http://www.nytimes.com/2012/03/09/opinion/a-frozen-conflict-that-could-boil-over.html?_r=1&). Accessed on November 1, 2013.

[4] a.k.ə. De Wall, Thomas (2003), p. 211.

[5] Bonner, Raymond, “War in Caucasus Shows Ethnic Hate’s Front Line”, The New York Times, 02 August 1993; (http://www.nytimes.com/1993/08/02/world/war-in-caucasus-shows-ethnic-hate-s-front-line.html?pagewanted=all&src=pm). Accessed on November 1, 2013.

[6] a.k.ə. De Wall, Thomas (2003), p. 211.

[7] a.k.ə. Sheets, Lawrence Scott, (2012).

[8] a.k.ə. Human Rights Watch (1994), pp. 8-9

[9] McDowall, David, A Modern History of the Kurds (I.B. Tauris, 2004), p. 493.

[10] a.k.ə. Human Right Watch (1994), p. 11.

[11] a.k.ə. De Wall, Thomas (2003), p. 212

[12] a.k.ə. De Wall, Thomas (2010), p. 121

[13] a.k.ə. Human Rights Watch, (1994), p. 9. Həmçinin bax; “You too, Armenia”, Kurdish Life, No. 9, Winter 1994, published by Kurdish Lybrary, Brooklyn, New York

[14] a.k.ə. Goltz, Thomas, (1999), p. 346. The author writes “to my knowledge, the document has never seen the light of day in any international human-rights publication because it goes so much against the grain of conventional wisdom about the Kurds and the Armenians”, p. 347.

[15] a.k.ə. Human Right Watch (1994), p. 15

[16] a.k.ə. De Wall, Thomas (2003), p. 213.

[17]Avetisyan, Aram, “Karabakh Knot: Myths and Realities”, Foreign Policy Journal, 10 March 2012; (http://www.foreignpolicyjournal.com/2012/03/10/karabakh-knot-myths-and-realities/). Accessed on December 2, 2022.

[18] a.k.ə. Cornell, Svante E. (2011), p. 73.

[19] De Waal, Black Garden, p. 211.

[20] Sadigbeyli, Rovshan, “The Implications of the 1993 U.N. Security Council Action for the Settlement of the Armenia Azerbaijan Conflict”, Caucasian Review of International Affairs, Vol. 3 (4), Autumn 2009, p. 349. Həmçinin bax; a.k.ə. Human Rights Watch (1994), p. 69.

[21] a.k.ə. De Wall, Thomas (2003), p. 213.

[22] a.k.ə. De Wall, Thomas (2003), Note 34 of the Chapter 13, pp. 316-317.

[23] a.k.ə. Human Right Watch (1994), footnote 39, p. 8.

[24] a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 350.

[25] a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 355.

[26] Huseynov, Javid, “Karabakh Peace Process Must Be Fully Inclusive”, RFE/RL, 01 September 2009; (http://www.rferl.org/content/Karabakh_Peace_Process_Must_Be_Fully_Inclusive_/1812056.html). Accessed on December 2, 2022.

[27] a.k.ə. Resolution 822.

[28] a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 354.

[29] a.k.ə. Bonner, Raymond (1993).

[30] Shiriyev, Zaur & Davies, Celia, “The Turkey-Armenia-Azerbaijan Triangle: The Unexpected Outcomes of the Zurich Protocols”, Perceptions, Vol. XVIII, No. 1, p. 186.

[31] a.k.ə. Sadigbeyli, Rovshan (2009), pp. 364-365. Həmçinin bax; letter from the Charge d’Affaires a.i. of the Permanent Mission of the Islamic Republic of Iran addressed to the Secretary-General, U.N. Doc. S/26387, 31 August 31, 1993.

[32] a.k.ə. Baser, Bahar (2008), p. 92.

[33] a.k.ə. Human Right Watch (1994), pp. 17-18.

[34] a.k.ə. Cornell, Svante E. (2001), p. 85.

[35] a.k.ə. Human Right Watch (1994), p. 18.