BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da 3259-cu iclasında 853 saylı qətnaməni qəbul etdi. Bu qətnamə ATƏM-in Minsk qrupu (indiki ATƏT) sədrinin 27 iyul 1993-cü il tarixdə açıqladığı hesabata (S/25184) əsaslanırdı. Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini təsdiq edən 853 saylı qətnamə ilə BMT-nin Təhlükəsizlik Şurası münaqişə tərəfləri olan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında əlaqələrin pisləşməsi və regionda sülhü və təhlükəsizliyi təhlükə altına atan gərginliyin artması ilə bağlı öz ciddi narahatlığını bildirirdi. 853 saylı qətnamə ilə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, Ağdam rayonunun və Azərbaycanın digər zəbt edilmiş rayonlarının işğalını pisləyir, hərbi əməliyyatların dayandırılmasını və qeyd-şərtsiz olaraq Ağdam da daxil olmaqla Azərbaycanın işğal olunmuş digər rayonlarından hərbi birləşmələrin çıxarılmasını tələb edirdi. Bundan əlavə, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Təhlükəsizlik Şurası Minsk qrupunun əvvəlki qətnamələrin həyata keçirilməsi ilə bağlı səyi də daxil olmaqla davamlı səylərini təqdir edir və Baş katibdən ATƏM-in sədri və Minsk qrupunun həmsədrləri ilə məsləhətləşərək vəziyyət barədə Şuraya məruzə etməyi xahiş edirdi.[1]
Qeyd etmək lazımdır ki, Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərkən Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyi təmin etməyə mane olan münaqişələri araşdırmaq, danışıqlar, sorğu, vasitəçilik, barışdırma, arbitraj və məhkəmə yolu ilə həllinə nail olmaq, regional təşkilatlar və ya müəssisələr və ya sülhməramlı vasitələr yaratmaq və münaqişə tərəflərini bu vasitələrdən istifadə etməklə münaqişəni həll etməyə çağırmaq hüququna malik olduğunu göstərən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 4-cü fəslinin 34-cü maddəsinə[2] əsasən öz səlahiyyətindən istifadə etmişdir.[3]
Yuxarıda qeyd edildiyi kimi, 853 saylı Qətnamə 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam rayonunun işğalından sonra qəbul edilmişdi. Coğrafi baxımdan keçmiş DQMV-nin sərhədlərindən kənarda, Xankəndidən otuz kilometr şimal-şərqdə yerləşən Ağdam rayonu 1094 km2 ərazini əhatə edirdi və işğaldan əvvəl, əsasən, etnik azərbaycanlılardan ibarət olan bu rayonun əhalisi təqribən 153 min nəfər idi.[4] Ermənilərə Dağlıq Qarabağın şərq tərəfindəki strateji ərazini nəzarətdə saxlamaq şansı verən Ağdamın işğalı erməni rəhbərləri üçün çox mühüm idi, çünki onlar hesab edirdilər ki, bu rayon Əsgəran, Ağdərə və Xankəndidə yerləşən erməni hərbi məntəqələrinə hücum etməkdə Azərbaycan üçün əsas ərazidir. Bununla yanaşı, onlar Dağlıq Qarabağın şərq hissəsində yerləşən Azərbaycanın ən böyük rayonlarından birinin işğal olunmasının “bütünlükdə müharibənin gedişatını” dəyişəcəyini güman edirdilər.[5] Bu səbəbdən ermənilər 1993-cü ilin yayında Azərbaycanın paytaxtında yaranmış siyasi qarışıqlıqdan istifadə edərək Azərbaycan hərbi birləşmələrinin cəbhə xəttindən çıxarılmasının ardınca Ağdamı işğal etməyə nail oldular. Bu birləşmələrə Elçibəyin istefasını tələb edən “inqilabçı hərbi lider” Surət Hüseynov rəhbərlik edirdi. Bir aydan çox davam edən uzun və şiddətli döyüşlərdən sonra nəhayət iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdamı ələ keçirdi.[6]
“Human Rights Watch”a görə Ağdam ələ keçirildikdən sonra erməni silahlı qüvvələri tərəfindən “girov götürülməsi, heç nəyə fərq qoymadan atəş açılması və vətəndaşların məcburi köçürülməsi” də daxil olmaqla müharibə qaydaları ciddi şəkildə pozulmuşdu.[7] “Human Rights Watch” həmçinin qeyd edirdi ki, bir neçə həftə Ağdam və ətraf kəndlər talan edilərək sistemli şəkildə yandırılmışdı.[8] Talanlara gəldikdə “New York Times” yazır ki, “əsgərlərdən biri bir əlində çini tas və qayka açarı ilə evlərin birindən çıxdığı zaman digər əsgər kiminsə qarajından götürdüklərini motosikletin yanına doldururdu. Qoşqulu yük maşını şəhərə daxil olaraq şərab və konyak zavoduna doğru yola düşdü”.[9] ATƏT-in Minsk qrupunda fəaliyyət göstərən bir qərb diplomatına əsaslanaraq “Human Rights Watch” yazırdı: “Ağdamın yandırılması və qarət edilməsi nizamsız qoşunların hərəkəti nəticəsində deyildi, Stepanakertdəki Qarabağ rəsmilərinin mükəmməl təşkil etdikləri planın nəticəsi idi”.[10] Sözügedən hücum zamanı erməni təcavüzkarları Ağdamın 1094 km2 ərazisinin 883 km2-ni, bir şəhəri və 80 kəndi işğal etmişdi. Ağdamın işğal olunması nəticəsində dəyən maddi zərər 6,179 milyard dollar dəyərində idi.[11] Erməni silahlı qüvvələrinin hücumu zamanı bir ay ərzində Ağdamda 5897 azərbaycanlı öldürülmüşdü ki, bu da Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ müharibəsi zamanı ən böyük insan itkilərdən biri idi. ABŞ-nin Qaçqınlar üzrə Komitəsinin məlumatına görə 128.584 Ağdam sakini məcburi köçkün düşmüşdü.[12]
Ermənilər Azərbaycanın Ağdam rayonuna hücum etmələrini inkar edirdilər. Onlar iddia edirdilər ki, guya bu qüvvələr özlərini müdafiə edirmişlər. Bununla əlaqədar olaraq, o zaman Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin baş məsləhətçisi Vəfa Quluzadə Ermənistan hökumətinə istinad edərək demişdi ki, “bu gün İrəvanla danışdım… rəsmilər bir daha Qarabağdakı hərbi qüvvələrin onların nəzarəti altında olmadığını bildirərək yalan arxasında gizlənirlər. Aydın görünür ki, onlar sülh planının şərtlərini yerinə yetirməmək üçün bir bəhanə kimi Azərbaycanda daha çox xaos yaratmaq istəyirlər”.[13] “Human Rights Watch” məruzə edirdi: “halbuki hadisəni gözü ilə görmüş şahidlər açıq-aydın onların yalanını təkzib edir”.[14] ABŞ Dövlət Departamenti eyni zamanda bildirirdi ki, Ağdama hücum “qanuni özünümüdafiə kimi əsaslandırıla bilməz”.[15]
Nəticədə, 1993-cü il iyulun 23-də Ağdam rayonunun işğalından sonra BMT Təhlükəsizlik Şurası Minsk qrupu sədrinin hesabatına əsasən 853 saylı qətnaməni qəbul etmişdir. Azərbaycan öz növbəsində dərhal qətnamənin şərtlərini qəbul etdiyini bəyan etmişdir. Lakin Ermənistan Minsk qrupunun Azərbaycanın xeyrinə işlədiyini bildirərək 853 saylı qətnamənin qərəzli olduğunu elan etmişdi. Buna görə də bütün hərbi əməliyyatların dayandırılması və Azərbaycanın işğal edilmiş rayonlarından erməni silahlı qüvvələrinin dərhal çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının tələbinə baxmayaraq, ermənilər öz mənfur hücumlarını daha da artırdılar və növbəti aylarda Azərbaycanın digər rayonlarını da işğal etdilər.[16]
[1] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, “853 saylı Qətnamə”, s/RES/853, 29 iyul 1993-cü il
[2] a.k.ə. Sadigbeyli, Rovshan. – 2009. – s. 366.
[3] “Chapter VI: Pacific Settlement of Disputes”, Charter of the United Nations; (http://www.un.org/en/ documents/charter/chapter6.shtml). İstifadə tarixi: 7 noyabr 2013-cü il.
[4] Babanly, Yusif, “Why and How Agdam Fell”, The Journal of Turkish Weekly, 23 iyul 2012-ci il; (http:// www.turkishweekly.net/news/139058/why-and-how-agdam-fell.html). İstifadə tarixi: 7 noyabr 2013-cü il.
[5] a.k.ə. Babanly, Y. – 2012.
[6] a.k.ə. Cornell, S.E. – 2001. – s. 89.
[7] a.k.ə. Human Rights Watch. – 1994. – s. 19.
[8] a.k.ə. Human Rights Watch. – 1994. – s. 27.
[9] a.k.ə. Bonner, R. – 1993.
[10] a.k.ə. Human Rights Watch. – 1994. – s. 27.
[11] “20 Years Pass since Occupation of Azerbaijan’s Agdam Region”, Trend, 23 iyul 2013-cü il; (http:// en.trend.az/news/karabakh/2173141.html). İstifadə tarixi: 7 noyabr 2013-cü il.
[12] a.k.ə. Babanly, Y. – 2012. Həmçinin bax: “Profile of International Displacement: Azerbaijan” Global IDP Database of the Norwegian Refugee Council, 25 fevral 2005-ci il. – s. 29
[13] “Azerbaijan Says Armenians Are Gaining Ground in Heavy Fighting”, The New York Times, 13 iyun 1993-cü il; (http://www.nytimes.com/1993/06/13/world/azerbaijan-says-armenians-are-gaining-ground-in-heavy-fighting.html). İstifadə tarixi: 2 dekabr 2022-ci il.
[14] a.k.ə. Human Rights Watch. – 1994. – s. 21.
[15] Migdalovitz, Carol, “Armenia-Azerbaijan Conflict”, CRS Issue Brief for Congress, Order Code IB92109, 8 avqust 2003-cü il. – s. 4.
[16] Gurbuz, Vedat, The Nagorno Karabakh Conflict and Azeri Policies, 1988–1994, Review of ARMENIAN STUDIES, Vol. 4, No. 4, 2003.