1993-cü ildə Azərbaycan daxilindəki qarışıqlıq Dağlıq-Qarabağ müharibəsinə necə təsir etdi?

Azərbaycanın milliyətçi və demokratik düşüncəli ikinci prezidenti Əbülfəz Elçibəyin prezident vəzifəsindən imtina etməsinə səbəb olan daxili və xarici amillər nəticəsində 1993-cü ildə Azərbaycanda siyasi qarışıqlıq yarandı və bu Rusiyanın birbaşa dəstəyi ilə Dağlıq Qarabağ üzərində Ermənistanın siyasi və hərbi gücünü artırdı. Elçibəyin prezidentliyi dövründə Rusiyanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi Elçibəyin qərb meylli və anti-rus siyasəti idi.

Qeyd etmək lazımdır ki, Elçibəy hökumətinin xarici siyasətinin əsas prioritetini Türkiyə və qərb ölkələri ilə yüksək səviyyəli əlaqələrin inkişafı və Azərbaycanın Rusiyanın siyasi təsirindən çıxarılması təşkil edirdi.[1] Azərbaycanın “türkləşmə” siyasəti və davamlı olaraq MDB-yə qatılmaqdan imtina etməsi Rusiyanı qəzəbləndirdi və onu Ermənistanla əlaqələrini gücləndirməyə yönəltdi. Təhlillər göstərir ki, Rusiya MDB-ni Cənubi Qafqazda öz müstəsna hegemonluğunu yenidən bərpa etmək üçün əsas vasitə olaraq görürdü. Lakin Elçibəy hökumətinin 1991-ci ildə Daşkənd sazişini ratifikasiya etməməsi və MDB-yə qatılmaqda istəksizliyi Rusiyanın regiona olan strateji planlarını əngəllədi.[2]

Rusiya ilə Azərbaycan arasında gərginliyin artmasının digər səbəblərindən biri də regionda qərb ölkələrinin və qərb yönümlü təşkilatların artan rolu idi. Xüsusilə də, ATƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik prosesinə rəhbərlik etməsi Rusiyanın narahatlığını artırmışdı. Buna görə də, Rusiya öz hərbi qüvvələrini müharibə şəraitində olan iki Cənubi Qafqaz ölkəsinin sərhədində yerləşdirmək istəyirdi. Eyni zamanda, ATƏT öz fəaliyyətini Rusiya ilə koordinə etməyə çalışır və təkliflərində “Rusiya müşahidəçilərinin MDB çərçivəsində Azərbaycan və Ermənistan sərhədi arasında işğal edilmiş Laçın rayonunda yerləşdirilməsi”ni nəzərdə tuturdu.[3] Buna baxmayaraq, Azərbaycan parlamentinin MDB ilə bağlı qərarından sonra Azərbaycan hökuməti MDB-nin 1993-cü il yanvarın 17-də Minskdə keçirilən zirvə toplantısında iştirak etməkdən imtina edərək Rusiyanın regionda öz “sülhməramlı qüvvələrini” yerləşdirmək üçün irəli sürdüyü hərbi təklifi rədd etdi. Elçibəy hakimiyyətinin əsaslandırmasına görə Rusiyanın sülhməramlı qüvvələr kimi regionda öz hərbi qüvvələrini yerləşdirməkdə niyyəti bunu Azərbaycana qarşı siyasi alət kimi istifadə edərək Dağlıq Qarabağı digər bölgələrdən təcrid etmək idi.[4] Buna görə də, Elçibəy hakimiyyəti Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını təkid edirdi.[5]

O zamanlar Rusiya ilə mövcud vəziyyəti ağırlaşdıran digər amillərdən biri də Elçibəy hökumətinin enerji siyasəti idi. Elçibəyin enerji siyasətinin əsas prioritetləri Qərb transmilli şirkətlərin diqqətini Azərbaycanın Xəzər dənizindəki enerji ehtiyatlarının mənimsənilməsinə cəlb etmək idi. Buna görə də, müxtəlif neft şirkətləri konsorsiuma daxil olmaq üçün dəvət edilmişdi. Lakin, Elçibəyin Rusiyaya qarşı antaqonist münasibətinə görə Rusiya bu konsorsiuma daxil deyildi.[6] Azərbaycan hökuməti ilə müxtəlif xarici neft şirkətləri arasında Azərbaycan neft yataqlarının istismarı ilə əlaqədar enerji üzrə yekun müqavilənin 1993-cü ilin iyununda Londonda imzalanması nəzərdə tutulmuşdu.

Buna görə də, Rusiya öz ənənəvi “parçala, hökm sür” siyasətini tətbiq etməyə başladı. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı Rusiyanın tələblərini qəbul etməyə vadar etmək baxımıdan Rusiya üçün şans idi. Qarabağ cəbhəsində davam edən uğursuzluqlara baxmayaraq, Elçibəy hökuməti heç cür yola gəlmir və Rusiyanın hətta ən yumşaq tələblərini belə qəbul etməkdən boyun qaçırırdı.[7] Beləliklə, Rusiyaya qarşı düşmənçilik mövqeyi Elçibəy hökumətinə baha başa gəldi.

Rusiyanın Birinci Qarabağ müharibəsində Ermənistana kömək etməsi və Sürət Hüseynovun hökumət əleyhinə çevriliş etmək cəhdini dəstəkləməsi Elçibəy hökumətinin hərbi qüvvələr üzərində nəzarətini itirməsi ilə nəticələndi. 1992-ci ildə Elçibəy hökumətinin uğurlu əks hücumlarına baxmayaraq, artıq vəziyyəti nəzarətdə saxlamaq mümkün deyildi. Çünki, Azərbaycanın Dağlıq Qarabağdakı hərbi birləşmələri bunu öz şəxsi ordusu hesab edən azərbaycanlı hərbi “liderlər” tərəfindən idarə edilirdi. Rusiyanın təzyiqi ilə bu hərbi “liderlər”in öz hərbi dəstələrini ön cəbhədən geri çəkməsi erməni ordusuna qarşı dayanmaqda çətinlik çəkən Azərbaycan hökumətinin nizami ordusunu daha da zəyiflətdi. Bundan başqa, ölkədə Sadval hərəkatı kimi etnik qiyam, Azərbaycanın cənub hissəsində isə Ələkrəm Hümbətovun başçılıq etdiyi qiyamlar baş almışdı. Bütün bu amillər Dağlıq Qarabağda ərazilərin itirilməsinə və yeni hərbi uğursuzluğa qarşı ictimai etirazlara yol açdı ki,[8] bu da, 1993-cü ilin iyun ayında Elçibəyin tutduğu vəzifəni tərk etməsinə səbəb oldu. Nəticədə, 1993-cü ildə Azərbaycanda siyasi qarışıqlıqlar zamanı erməni hərbi qüvvələri Rusiyanın dəstəyi ilə Dağlıq Qarabağ ətrafındakı bütün bölgələri Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, və Zəngilanı işğal edərək yüz minlərlə azərbaycanlını öz tarixi torpaqlarını tərk edərək Azərbaycanın digər rayonlarına məskunlaşmağa vadar etdilər.


[1] Gül, Murat, “Russia and Azerbaijan: Relations after 1989”, Alternatives: Turkish Journal of International Relations, Vol. 7, No. 2&3, 2008, pp. 56-57.

[2] Souleimanov, Emil & Evoyan, Lia, “Two Position on the Nagorno Karabakh war: Russian and Turkish (1990-1994)”, Central Asia and the Caucasus: Journal of Social and Political Studies, Vol. 13, Issue 4, 2012, p. 11.

[3] a.k.ə. Mekhtiev, Elkhan, “Security Policy in Azerbaijan”.

[4] a.k.ə. Mekhtiev, Elkhan, “Security Policy in Azerbaijan”

[5] Ismailzade, Fariz, “Azerbaijan’s Tough foreign Policy Choices”, UNISCI Discussion Papers, 2004,p. 4

[6] Top, Gözde, “Azerbaijan in Post-Independence Period”, Platform for Global Challenges, 2012, p. 3.

[7] a.k.ə. Souleimanov, Emil & Evoyan, Lia, (2002), p. 11.

[8] Aliyeva, Leila, “The Institutions, Orientations, and Conduct of Foreign Policy in Post Soviet Azerbaijan,” in Adeed Dawisha and Karen Dawisha ed., The Making of Foreign Policy in Russia and New States of Eurasia (M.E. Sharpe, 1995), p. 295.