Budapeşt Sammiti ATƏM-in üzv ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə 1994-cü il 4–5 dekabr tarixlərində baş tutmuşdu. Sammitin qərarına əsasən ATƏM-in adı növbəti ilin əvvəlindən ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) olaraq dəyişdirilmişdi. Sammit zamanı qəbul edilmiş çox vacib qərarlardan biri Avropada sülh və təhlükəsizliyin bərpası istiqamətində ATƏM-in artan rolu olmuşdur.[1] Bununla əlaqədar, ATƏM-ə üzv dövlətlərin dövlət və hökumət başçıları ATƏM dövlətləri arasında bütün vasitəçilik məsələlərinin əlaqələndirilməsi üçün ATƏM-in Minsk qrupu həmsədrlər təsisatının yaradılması barədə razılığa gəldilər ki, “əsas həll mexanizmi olduğundan Minsk qrupu siyasi məsləhətləşmələr üçün platforma kimi istifadə edilirdi”.[2]
Sammit zamanı ATƏM-in üzv ölkələrinin dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək sənədə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi” adlı müddəa daxil etdilər. Bu müddəa Minsk qrupu ilə əməkdaşlıq çərçivəsində Rusiyanın vasitəçilik səyi sayəsində 1994-cü il mayın 12-də münaqişə tərəfləri arasında bağlanmış atəşkəs sazişini təqdir edirdi. Sənəd həmçinin ATƏM-ə üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə sadiqliyini təsdiqləyərək tərəflər arasında münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Təhlükəsizlik Şurası tərəfindən ATƏM-ə verilən siyasi dəstəyi alqışlayırdı. Bu baxımdan bu məsələdə bir nəticə əldə etmək üçün tərəfləri intensiv danışıqlar aparmağa və birbaşa təmas qurmağa çağırırdı. ATƏM-in üzv ölkələrinin dövlət və hökumət başçıları silahlı münaqişənin dayandırılması ilə əlaqədar münaqişə tərəfləri arasında razılığın əldə edilməsindən sonra regionda ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsinə qərar verdilər. Buna görə də “onlar Sədrdən tez bir zamanda 1992-ci il Helsinki sənədinin 3-cü fəslinə əsasən və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərinə tam cavab verəcək şəkildə bu qüvvələrin yaradılması, təşkil edilməsi və idarə edilməsi üzrə plan hazırlanmasını xahiş etdilər”.[3] Bu çərçivədə Minsk konfransı və Minsk qrupunun həmsədrləri ATƏM-in sədrinə köməklik etməli, Baş katib isə ona bu işdə dəstək olmalı idi. Bu şəxslər arasında müvafiq məsləhətləşmələrdən sonra məsələ ilə bağlı tövsiyələr vermək üçün Vyanada Yüksəkrütbəli Şəxslər Komitəsi (1994-cü ilin dekabrından Ali Rəhbər Şura) yaradılmalı idi. Sədr texniki məsləhət və ekspertizanı təmin etmək üçün BMT-nin dəstəyini, habelə regionda sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının dəstəyini almalı idi.[4]
Analitiklərin sözlərinə görə bu addım Rusiyanın regionda sülhməramlı qüvvələrin rus ordusu tərəfindən idarə edilməsi səyinə qarşı atılmışdı. Çünki Budapeşt Sammitindən əvvəl Rusiya Federasiyasının prezidenti sülhməramlı qüvvələrin münaqişə zonasında yerləşdirilməsi məsələsini müzakirə etmək üçün hər iki ölkənin prezidentini Moskvaya dəvət etmişdi. Xarici işlər nazirinin müavini Tofiq Zülfüqarov görüşdə Azərbaycanı təmsil etmişdi. Onun sözlərinə görə Rusiya Budapeştdə qəbul edilmiş sazişi pozmağa çalışırdı. Tomas de Vaal ilə müsahibə zamanı Zülfüqarov bildirmişdi: “əgər onlar Moskvadan Budapeştə uçsaydılar, beynəlxalq qüvvələrin yerləşdirilməsi haqqında heç bir qərar qəbul edilməzdi.”[5] Lakin Budapeşt sammitində ATƏM-ə üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən müxtəlif dövlətlərin ordu birləşmələrindən ibarət sülhməramlı qüvvələrin təşkili ilə bağlı qəbul edilmiş qərar Rusiyanın hərbi qüvvələrini bölgədə yerləşdirməklə regionda məsələyə hakim olmasının qarşısını almışdı.
[1] Abdullayev, E., The Naqorno-Karabakh Problem in the light of International Law. – “Tahsil” Publishing House. – 2005. – s. 68
[2] Kazimirov, V. Looking for a Way Out of the Karabakh Impasse // Russian in Global Affairs, . – Vol. 2, №4, oktyabr–dekabr 2004-cü il. – s. 149.
[3] “Intensification of CSCE Action in Relation to the Nagorno-Karabakh Conflict” from the Budapest Summit Declaration of CSCE entitled “Towards a Genuine Partnership in a New Era”, dekabr 1994-cü il. – s. 5–6.
[4] a.k.ə. Intensification of CSCE Action in Relation to the Nagorno-Karabakh Conflict.
[5] a.k.ə. De Waal, T. – 2003. – s. 255.