1994-cü il mayın 8-də qəbul edilmiş Bişkek protokolu nəyi nəzərdə tuturdu?

Bişkek protokolu 1994-cü il 4-5 may tarixində Rusiyanın dəstəklədiyi regional təşkilatın Parlamentlərarası Assambleyası, Müstəqil Dövlətlər Birliyi (MDB), Qırğızıstan parlamenti, Federal Məclis və Rusiya Federasiyasının xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclas nəticəsində 1994-cü il mayın 8-də imzalanmışdır. Ermənistan və Azərbaycan Respublikaları arasında Dağlıq Qarabağ üzrə silahlı hərbi münaqişənin yalnız respublika əhalisi üçün deyil, eləcə də digər regional ölkələr üçün mənfi təsiri olduğundan və beynəlxalq vəziyyəti ciddi şəkildə ağırlaşdırdığından, bu münaqişəni dayandırmaq üçün bütün mümkün variantları göstərən bu protokol MDB və Parlamentlərarası Assambleyanın fəal rolunun xeyrinə idi; bu münaqişə tərəflərini 1994-cü il 8-9 may tarixində gecə yarısı atəşi kəsməyə çağırır; və MDB üzv dövlətlərin parlamentlərinə MDB-nin sülhməramlı qüvvələrinin bölgəyə göndərmələrini təklif edirdi.[1]

Mayın 4-5-də MDB ölkələri Parlament nümayəndə heyətləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək və Bişkek Protokolunu imzalamaq üçün Bişkekə gəldilər. Azərbaycan Parlamentinin vitse-spikeri və Azərbaycanın Bişkek nümayəndə heyətinin rəhbəri Afiyəddin Cəlilov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin razılığı lazım olduğunu deyərək sənədi imzalamaqdan imtina etdi. Thomas de Wall qeyd edir ki, “Azərbaycan rəhbərliyi qaçılmaz seçim ilə üzləşmişdi. Protokolu imzaladığı halda ən yaxşı variant olaraq sülh əldə edəcək, hərbi ambisiyalardan vaz keçəcək, daxildə isə xalqın mənfi reaksiyası ilə üzləşəcəkdi”.[2]

Azərbaycan nümayəndə heyəti Prezident Əliyevin razılığı olmadan Protokolu imzalamaqdan imtina etdiyi üçün danışıqlar tərəfi Bakıdan təsdiq alana kimi Cəlilov üçün ayrılmış imza yerinin boş saxlanılması qərarına gəldilər. Bişkek görüşü keçirilərkən Prezident Heydər Əliyev Brüsseldə rəsmi səfərdə idi. Mayın 8-də Bakıya qayıdanda Vladimir Kazimirov da Bişkek protokolu üzrə Azərbaycan prezidenti ilə danışıqlar aparmaq üçün Azərbaycana gəldi. Uzun danışıqlardan sonra Azərbaycan tərəfi protokolda iki dəyişiklik edildiyi təqdirdə bu sənədi imzalayacağını bildirdi.[3]

Buna görə də, 1994-cü il mayın 8-də Bişkek protokolu imzalanan zaman sənəddə aşağıdakı dəyişiklik edildi: “bu protokol bu şərtlə təsdiq edilir ki, bu mətnin 5-ci abzasında yuxarıdan üçüncü sətirdə “tutulmuş ərazilər” sözləri “işğal olunmuş ərazilər” sözləri ilə əvəz edilir və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək “müşahidəçilər”in isə ”beynəlxalq müşahidəçilər missiyası” olması kimi qeyd edilir”.[4] Bundan başqa, Azərbaycan tərəfi o zaman Dağlıq Qarabağın azərbaycanlı icmasının lideri Nizami Bəhmənovun da protokolu imzalamasını tələb etmişdilər, lakin o gün o Bakıda deyildi.[5] Beləliklə, altı nəfər, habelə iki erməni, bir azərbaycanlı rəsmisi, Parlament spikeri Bişkek Protokolunu imzaladılar.

Bişkek Protokolunun əhəmiyyətinə gəlincə, illər sonra Rusiya səfiri Vladimir N.Kazimirov bildirmişdi ki, o zamanlar MDB-dən başqa münasibətlərin normallaşdırılması və Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin dayandırılması ilə dərindən maraqlanan beynəlxalq qurum yox idi. O, həmçinin qeyd etmişdi:

Çox nahaq yerə Bişkek görüşü və protokolu mətbuatın və tədqiqatçıların diqqətini daha əhəmiyyətli sənəddən qırğına son verilməsinin aktuallığını və zəruriliyini son dərəcə israr və qətiyyətlə ön plana çəkən MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli bəyannaməsindən yayındırdı. Əliyev və TerPetrosyan bu sənəd üzrə razılığa gəlmişdilər və bu nadir hallarda baş verən bir hadisə idi. Bu bir ay sonra uğurla baş tutan Rusiya diplomatiyasının vasitəçilik səylərinin artmasına səbəb oldu.[6]

Digər tərəfdən, Nikolas Miller Bişkek Protokoluna sonradan bir sıra məsələlərin daxil edilməsinə baxmayaraq bunun Cənubi Qafqazın iki respublikası arasında Dağlıq Qarabağ münaqişəsinin səbəblərini göstərmədiyini və ancaq mübarizə nəticələri barədə məlumat verdiyini iddia edirdi. Onun sözlərinə görə, cənub sərhədlərində maraqlarını qorumaq üçün Rusiyanın dəstək olduğu bu protokol münaqişə tərəflərinə hərbi qarşıdurmanın hər iki tərəfin maraqlarına zidd olduğunu göstərirdi.[7]

Nəticədə, Rusiyanın dəstəkləyib dəstəkləmədiyindən asılı olmayaraq, Bişkek Protokolu 1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanmasına səbəb oldu ki, bu da münaqişə tərəfləri arasında gedən qızğın hərbi qarşıdurmaya, azərbaycanlıların öz tarixi yurdlarından didərgin salınmasına son qoydu və erməni silahlı qüvvələri tərəfindən azərbaycanlıların soyqırımının qarşısını aldı.


[1] “Bishkek Protocol”, 5 May 1994; (http://www.ca-c.org/dataeng/books/book-1/12.appendix-09. shtml). Accessed on November 27, 2013

[2] a.k.ə. De Wall, Thomas (2003), p. 238.

[3] a.k.ə. De Wall, Thomas (2003), p. 238.

[4] a.k.ə. “Bishkek Protocol”.

[5] a.k.ə. De Wall, Thomas (2003), p. 238.

[6] Kazimirov, Vladimir N., “We Must Remove Artificial Obstacles to Settling the Karabakh Situation”, in Aldis, Anne C., ed., Shaping An Environment for Peace, Stability & Confidence in South Caucasus: the Role of International & Regional Security Organizations (Conflict Studies Research Centre, 2002), pp.63-64.

[7] Miller, Nicholas W., “Nagorno Karabakh: A War without Peace”, in Eichensehr, Kristen & Reisman, W. Michael ed., Stopping Wars and Making Peace: Studies in International Intervention (Martinus Nijhoff Publishers, 2009), p. 64.