1994-cü il may ayında bağlanmış atəşkəs sazişi əsasən Rusiya Federasiyasının çox çətin vasitəçilik səyi nəticəsində baş tutdu. Tomas de Waalın da qeyd etdiyi kimi, “münaqişədə yeganə uğurlu vasitəçilik səyi, yəni 1994-cü ildə bağlanmış atəşkəs sazişi yalnız bir şəxsin – Rusiya Federasiyasının nümayəndəsi Vladimir Kazimirovun aparıcı dövlət rəsmiləri ilə uzun və gərgin, lakin nəticə etibarilə məhsuldar olan üzbəüz müzakirələri sayəsində mümkün olmuşdur”.[1] Bununla belə, qeyd etmək lazımdır ki, atəşkəs sülhməramlı deyildi, yalnız müharibəni dayandırmaq məqsədi güdürdü və regionda münaqişə vəziyyətinə son qoymadı. Buna görə də beynəlxalq təşkilatların və digər regional dövlətlərin əvvəlki səylərinin uğursuz nəticələndiyi halda, Rusiyanın vasitəçilik etdiyi atəşkəs səyinin uğurlu nəticələnməsi ilə bağlı bir sıra tənqidi fikirlər yarandı.
Arqument olaraq hakim regional dövlət olan Rusiyanın öz “yaxın xaric”ində (near abroad) milli maraqlarını qorumaq üçün Minsk qrupunda ikili rol oynaması irəli sürülürdü.[2] Neoimperialist qüvvələr 1993-cü ildə Rusiyanın siyasəti ilə maraqlanmağa başladıqda onlara aydın oldu ki, Rusiya öz maraqları nəzərə alınmasa, heç bir beynəlxalq və ya regional qurum və ya dövlətlərə Rusiyanın təsir dairəsi olan Cənubi Qafqazda sərbəst fəaliyyət göstərməyə imkan verməyəcəkdir. Buna görə də məhz Rusiya Minsk qrupunun sülhməramlı səylərini pozaraq təktərəfli atəşkəs sazişinə vasitəçilik etdi. Belə ki, qeyd etmək lazımdır ki, atəşkəs sazişi razılaşdırıldığı vaxt ATƏM-in sülh planını təşviq etmək üçün o vaxt Minsk Qrupunun sədri, sonra isə BMT Baş Assambleyasının prezidenti olmuş İsveç nümayəndəsi Yan Eliasson regionda idi. Azərbaycanın müraciətinə baxmayaraq, Eliasson Rusiyanın vasitəçilik etdiyi atəşkəs sazişində iştirak etməyə dəvət olunmamışdı ki, bu da Rusiyanın Minsk Qrupuna münasibətdə ikili siyasətinin bariz göstəricisi idi.[3] Bununla əlaqədar olaraq, ATƏM-in BMT nümayəndəsi Con Mareska Rusiya mövqeyini pisləyərək yazırdı:
Əvvəlcə Rusiya Minsk qrupunu tam dəstəkləyirdi. Lakin 1993-cü ildə Rusiya beynəlxalq ictimaiyyətlə rəqabət apararaq və onların işini zəiflədərək əvvəlki müstəqil vasitəçilik səyini yenidən bərpa etdi. Məqsəd aydın idi: Rusiya regionda öz hakimiyyətini bərpa etmək və xariciləri, xüsusilə də ABŞ və Türkiyəni regiondan çıxartmaq istəyirdi. Bir sıra səbəblərə görə Rusiya Ermənistan və Azərbaycanı öz hakimiyyəti altında saxlamaq istəyir. Aydındır ki, Moskva Türkiyə və İranla keçmiş sovet sərhədi üzrə nəzarəti bərpa etmək və Azərbaycanın neft sərvətlərini bölüşmək istəyir.[4]
Con Mareska həmçinin onu da qeyd edir ki, məqsədinə nail olmaq üçün Rusiya hökuməti Azərbaycanın Elçibəyin vaxtında geri çağırılmış Rusiya hərbi qoşunlarını yenidən Azərbaycan torpaqlarında ayırıcı qüvvələr və sərhədçilər kimi yerləşdirməyə icazə verməsinə təkid edirdi. Ruslar rıçaq üçün üstüörtülü, lakin dramatik bir hədəqorxudan istifadə etdilər: “Əgər Azərbaycan bu tələbə cavab verməzsə, Rusiya Ermənistana dəstəyini artıracaq (rus qoşunları artıq orada yerləşdirilmişdi) və bu azərbaycanlılar üçün fəlakətli hərbi nəticələrlə sonlanacaq”.[5] Bununla belə, prezident Heydər Əliyev rusiyalı diplomat Kazimirovla təkbətək görüşündə Rusiyanın bölgəyə “sülhməramlı” qüvvələrini yerləşdirmək cəhdlərinə qəti şəkildə qarşı çıxaraq bildirmişdir ki, “Rusiya öz qoşunlarını Azərbaycanda təkbaşına yerləşdirə bilməz. Onlar ilk növbədə mənim meyitimin üstündən keçməli olacaqlar. Rus qoşunları ATƏM-in təsis edəcəyi beynəlxalq qüvvələr daxilində yerləşdirilə bilər”.[6] Azərbaycan Prezidentindən fərqli olaraq Ermənistan rəhbərliyi Rusiyanın bu təklifini qəbul etdi. Beləliklə, 9 iyun 1994-cü ildə Rusiyanın iki hərbi bazasının Ermənistan ərazisində 25 il müddətinə yerləşdirilməsi haqqında hər iki tərəf hərbi müqavilə imzaladı.[7]
Nəticədə, əvvəldə qeyd edildiyi kimi, Rusiyanın vasitəçilik etdiyi atəşkəs sazişi yalnız müharibəyə son qoydu, lakin Azərbaycan və Ermənistan arasında münaqişənin sülh və barışıq yolu ilə həllinə gətirib çıxarmadı. Atəşkəs sazişindən sonra Jan Eliasson qeyd etmişdi: “Bəli, biz atəşkəsə nail olduq. Bununla belə, yandırılmış torpaq siyasətinin aparıldığı bu regionda qaçqınların, sərhədin və işğal edilmiş ərazilərin geri qaytarılması kimi əsas problemlərimiz hələ də vardır”.[8] 1994-cü ilin may ayında atəşkəs sazişi üzrə danışıqlar zamanı Rusiya münaqişəyə son qoya və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə nail ola bilərdi. Lakin regionda öz mövqeyini qoruyub saxladığı üçün status-kvo onun maraqlarına xidmət edirdi. Atəşkəs sazişinin imzalanmasından təxminən otuz il keçib. Lakin Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi İkinci Qarabağ müharibəsinə qədər nə Minsk qrupu, nə də digər beynəlxalq və regional qurumların sülh sazişi üzrə səyləri uğurla nəticələnməmişdir. Ermənistan Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ üzrə tələblərini irəli sürərərk Azərbaycanın digər yeddi rayonunu öz nəzarəti altında saxlamaqda davam edirdi. Azərbaycan isə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını rədd edir, öz ərazi bütövlüyünü güzəştə getmir və münaqişənin beynəlxalq normalara uyğun olaraq həll edilməsində təkid edirdi.[9] Belə ki, atəşkəs sazişinin nəticəsi olaraq, Kornellin vurğuladığı kimi “münaqişə həll edilməyib, sadəcə zorakılıq tətbiq etmədən passiv formada saxlanılır”.[10]
[1] De Waal, T. Remaking the Nagorno-Karabakh Peace Process”, Survival, Vol. 52, No. 4, 2010. – s. 164.
[2] a.k.ə. Volker, J. – 2005. – s. 31.
[3] a.k.ə. Cornell, S.E. – 2011. – s. 133.
[4] Maresca, John J., “Agony of Indifference in Nagorno-Karabakh”, The Christian Science Monitor, 27 iyun 1994-cü il; (http://www.csmonitor.com/1994/0627/27191.html). İstifadə tarixi: 30 noyabr 2013-cü il.
[5] a.k.ə. Maresca, John J. – 1994.
[6] a.k.ə. Croissant, M.P. – 1998. – s. 111.
[7] yenə orada, s. 111–112.
[8] Eliasson, J. Perspectives on Managing Intractable Conflict”, Negotiation Journal, Vol. 18, No. 4, oktyabr 2002-ci il. – s. 372.
[9] Niftiyev, Efgan, “The Fragile Ceasefire and the Prospect of Reconciliation in Nagorno-Karabakh”, Caucasus Edition: Journal of Conflict Transformation, Vol. 3, Issue 1, 1 iyun 2010-cu il. – s. 4.
[10] Cornell, S.E. Peace or War? The Prospects for Conflicts in the Caucasus”, The Iranian Journal of International Affairs, Vol. 9, No. 2, Summer 1997. – s. 210