1997 və 1998-ci illərdə münaqişə tərəflərinin ATƏT-in Minsk Qrupunun sülh təkliflərini rədd etməsi Dağlıq Qarabağ məsələsi üzrə sülh danışıqlarına münasibətdə geniş bədbinliklə nəticələndi. Bu məsələnin 1999-cu ildə prezidentlər səviyyəsinə qaldırılmasına səbəb oldu. Həmin ilin aprelində iki ölkənin prezidentləri Heydər Əliyev və Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün görüşlər keçirməyi öhdələrinə götürdülər. Aprelin 2-də Moskvada keçirilən MDB Sammitində ölkə rəhbərləri münaqişənin həll edilməsi ilə bağlı bir sıra görüşlər keçirməyə razılıq verdilər. Bununla əlaqədar prezident Heydər Əliyev və Robert Koçaryan aprelin 24-də Vaşinqtonda, avqustun 16 və 22-də Cenevrədə, sentyabrın 10-da isə Ukraynanın Yalta şəhərində görüşdülər. Görüşlər zamanı ölkə başçıları atəşkəs rejiminin saxlanması, tərəflər arasında etimadın qurulması və sərhəd toqquşmalarının qarşısının alınması barədə həmfikir olduqlarını bildirdilər. Tərəflər həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsində də razılığa gəldilər.[1]
Heydər Əliyev və Robert Koçaryan arasında son görüş 1999-cu il oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə, Azərbaycanın Sədərək şəhərində baş tutdu. Görüşün mövzusunun məxfi saxlanılmasına baxmayaraq, ehtimal edilirdi ki, tərəflər münaqişənin həlli ilə bağlı qarşılıqlı kompromislərə gələ bilmişdilər. Belə ki, tərəflər “torpaqların dəyişdirilməsi” adlı təklif hazırlamışdılar. Təklifə əsasən Jerard Libaridyan yazırdı: “R.Koçaryanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etmişdi və Heydər Əliyevin Ermənistanın cənubunda, Naxçıvan anklavını Azərbaycandan ayıran Mehri rayonunun Azərbaycanın nəzarətinə verilməsi tələbini prinsipcə qəbul etmişdi.”[2] Digər tərəfdən, “torpaqların dəyişdirilməsi” təklifi ilə əlaqədar Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov 2005-ci ildə yazırdı: “Bu təklifin əhatə etdiyi parametrlər gizli saxlanılırdı. Hətta bu gün təklifə nələrin daxil olduğunu və kim tərəfindən irəli sürüldüyünü dəqiqliklə demək çox çətindir”.[3] Bununla belə, danışıqların parametrlərinin aydın olub-olmamasından asılı olmayaraq, güman edilirdi ki, bu iki ölkə liderləri arasında keçirilmiş məxfi görüş nəticəsində 1999-cu ildə ATƏT-in İstanbul zirvə görüşündə Dağlıq Qarabağ məsələsi üzrə razılığa gəlinəcəkdir. Dəqiq məlumatın olmamasına baxmayaraq, görüşdən üç gün sonra Heydər Əliyevin Türkiyənin TV kanalına verdiyi müsahibədən İstanbul Sammitinin münaqişənin sülh yolu ilə həlli üçün son dərəcə mühüm olduğu aydın olurdu.[4]
Cənubi Qafqazda sülh və sabitliyi təşviq etməklə öz mövqeyini gücləndirmək səylərinin bir hissəsi kimi ABŞ birtərəfli qaydada intensiv məkik diplomatiyası ilə məşğul idi. Belə ki, ABŞ dövlət katibi Madlen Olbrayt Heydər Əliyev və Köçəryanla danışırdı. Oktyabrın 26-27-də Dövlət katibinin müavini Stroub Tolbott münaqişə tərəflərinin paytaxt şəhərlərinə səfər edərək onları danışıqların yekun mərhələsinə təşviq etmişdi.[5] Lakin ABŞ hökumətinin, Azərbaycan və Ermənistan prezidentlərinin bütün sülh səyləri, habelə İstanbul Zirvəsi ilə bağlı gözləntiləri siyasi fiaskoya görə puça çıxdı. ABŞ Dövlət katibinin müavini Stroub Tolbottun bölgəyə səfəri zamanı Ermənistan parlamentində dəhşətli bir hadisə baş verdi. Silahlı şəxslərdən ibarət kiçik bir qrup parlamentə girərək Ermənistanın Baş naziri Vazgen Sarqsyan, parlamentin spikeri və keçmiş Ermənistan Kommunist Partiyasının rəhbəri Karen Demirçyan da daxil olmaqla səkkiz siyasətçini öldürdü.[6]
Ermənistan parlamentində baş vermiş hadisə ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, Rusiyanın bu terror hücumunda bu və ya digər vasitə ilə əli olduğu güman edilirdi. Bununla bağlı Böyük Britaniyada siyasi mühacir kimi yaşayan Rusiya Federasiyasının Təhlükəsizlik xidmətinin keçmiş polkovniki Aleksandr Litvinenko 1999-cu il oktyabrın 27-də Ermənistan Parlamentindəki terror hadisəsinin Rusiyanın xüsusi xidmət orqanı tərəfindən təşkil olunduğunu bildirmişdi. Onun sözlərinə görə “Bu təxribat Rusiyanın siyasi elitasına Qarabağ sazişinin imzalanmasına mane olmaq imkanı verdi… Sülh prosesi Rusiyanın nəzarətindən kənarda inkişaf edirdi və bu Rusiya xüsusi xidmət orqanlarını Ermənistan parlamentində xüsusi missiyanı yerinə yetirməyə vadar edirdi.”[7]
Lakin Ermənistan rəsmiləri polkovnik Aleksandr Litvinenkonun dediklərini təkzib etdilər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artsvin Bağramyanın sözlərinə görə “məhkəmə araşdırması zamanı A.Litvinenkonun fərziyyəsinə dair heç bir fakt və ya işarə ortaya çıxmadı”. R.Koçaryanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qarnik İsaqulyan A.Litvinenkonu “xəstə adam” adlandıraraq bildirmişdi: “Biz kiminsə xəstə təxəyyülünün məhsullarını təkzib və ya təsdiq etmək məcburiyyətində deyilik… Erməni məhkəməsi bu məsələ ilə əlaqədar qərarını rəsmi olaraq elan edərək məsələni bağlayıb”.[8] Bu hadisədə Rusiyanın əlinin olub olmamasından asılı olmayaraq, bu hadisə ölkə başçılarının qarşıdan gələn İstanbul zirvə görüşündə imzalanması nəzərdə tutulmuş yekun danışıqlar prosesini dayandırmalarına əsas səbəb oldu. Nəticədə, sammitdə iştirak edən dövlətlərin yekun bəyanatı belə oldu ki, onlar “Azərbaycan və Ermənistan prezidentləri arasında fəallaşan dialoqu alqışlayır və ümid edirlər ki, danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etmək mümkün olacaqdır”.[9]
[1] a.k.ə. Abilov, “OSCE Minsk Group,” s. 150–151.
[2] Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005. – s. 37.
[3] Zulfuqarov, Tofik, “Obstacles to Resolution: An Azerbaijani Perspective”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005. – s. 41.
[4] Aslanlı, Araz, Qarabağ Problemi: Tarixi, Mahiyyəti, Həll Prosesi (Bakı, 2009. – s. 53.
[5] a.k.ə. Cornell, S.E. – 2011. – s. 144.
[6] King, Charles, The Ghost of Freedom: A History of the Caucasus. – Oxford University Press, 2008. – s. 223.
[7] “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”, AZG DAILY #79, 3 May 2005-ci il; (http://www.azg.am/EN/2005050307). İstifadə tarixi: 15 dekabr 2013-cü il.
[8] Stepanian, Ruzanna, “Armenian Officials Deny Russian Role In 1999 Parliament Carnage”, Azatutyun, 4 May 2005-ci il; (http://www.azatutyun.am/content/article/1576814.html). İstifadə tarixi: 15 dekabr 2013-cü il.
[9] Ismailzade, Fariz, & Pellmar, Jason, “Making Time”, Transition Online, 14 yanvar 2000-ci il; (http:// www.tol.org/client/article/4914-marking-time.html?print). İstifadə tarixi: 15 dekabr 2013-cü il.