2001-ci ilin aprel ayında Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş “Ki-Vest” görüşünün nəticəsi nə oldu?

1999-cu ildə Azərbaycan və Ermənistan prezidentləri arasında “torpaqların dəyişdirilməsi” üzrə danışıqlar Ermənistan parlamentində silahlı qrup tərəfindən baş nazir və parlamentin spikeri də daxil olmaqla səkkiz tanınmış siyasətçinin ölümünə səbəb olan sarsıdıcı bir hadisə nəticəsində təxirə salındı.[1] Deyilənlərə görə, Rusiyanın razılığı olmadan Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar müqavilənin imzalanmasının qarşısını almaq üçün törədilən bu hadisənin arxasında Rusiya Federasiyası dayanırdı.[2] Lakin, 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşündə münaqişə tərəfləri saziş imzalamasalar da, onlar Ermənistan və Azərbaycan arasında “torpaqların dəyişdirilməsi”nə əsaslanan həll yolundan dönmədilər.

Bu baxımdan, ATƏT-in Minsk Qrupu, xüsusilə ABŞ, danışıqlar prosesini 2001-ci ilin aprelində Floridanın Ki-Vest şəhərində davam etdirdi. Əvvəlki görüşlərdən fərqli olaraq, bu görüşün əhəmiyyəti Minsk qrupunun həmsədrlərinin məsələni ilk dəfə olaraq hər iki ölkə prezidenti ilə eyni yerdə müzakirə etmələri idi.[3] Aprelin 3-dən 6-a kimi davam edən danışıqlar prosesində hər iki ölkə prezidenti, Heydər Əliyev və Robert Koçaryan, ABŞ Dövlət katibi Kolin Povell, ATƏT-in həmsədrləri Keri Kavano, Jan Jak Qaydar, Nikolay Gribkov və Rusiyanın xarici İşlər nazirinin birinci müavini V.Trubnikov iştirak edirdi.[4] Belə güman olunurdu ki, Ki-Vest görüşü 1999-cu ildən Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşləri yekunlaşdırmaq üçün Minsk Qrupu tərəfindən planlaşdırılıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Floridanın Ki-Vest şəhərində keçirilən görüşə çox nikbin baxırdı. Görüşdən sonra ABŞ səfiri Keri Kavano bu görüşü “irəli atılan əhəmiyyətli və sağlam addım” adlandırmışdı. Onun sözlərinə görə, “burada ən böyük nailiyyət sülhə nail olmanın mücərrəd anlayışlardan konkret detallara keçirilməsi oldu”. Öz növbəsində, Fransa səfiri Jan Jak Qaydar bildirmişdi ki, hər iki tərəf əvvəlki danışıqlarla müqayisədə Ki-Vest danışıqlarında sülhə daha yaxın oldular. Rusiya XİN birinci müavini Vyaçeslav Trubnikov bu görüşün “çox qənaətbəxş” olduğunu bildirmişdi.[5] Minsk Qrupunun növbəti görüşünün iyun ayında İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılmış və tərəflər arasında sülh razılığının ilin sonunda imzalanacağı bildirilmişdi. Bununla belə, 5 gün davam edən görüşdə sülh təklifinin müvafiq tərəflər üçün qəbuledilməz olduğu görünürdü.[6] Nəticədə, Ermənistan prezidenti təklifdən geri çəkildi. Libaridyanın sözlərinə görə, Robert Koçaryan daha sonra “Azərbaycana bütün mübahisəli ərazilərin tam suverenliyi müqabilində sadəcə Mehri üzərindən keçid hüququ verməyi təklif etmişdi. Heydər Əliyev ilkin torpaq dəyişikliyi mövzusu ilə bağlı narahat olduğu üçün artıq yenilənmiş təklifi qəbul edəcək vəziyyətdə deyildi”.[7] Buna görə də, münaqişə tərəflərinin 2001-ci ilin aprelində Ki-Vestdəki sonuncu sülh cəhdi də heç bir müsbət nəticə vermədi.


[1] .k.ə. King, Charles (2008), p. 223.

[2] a.k.ə. “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”.

[3] a.k.ə. Əhmədov, Elçin (2012), s. 211.

[4] a.k.ə. Abdullayev, Elshad, (2005), p. 90.

[5] Peuch, Jean-Christophe, “Armenia/Azerbaijan: International Mediators Report Progress On Karabakh Dispute”, Radio Free Europe/Radio Liberty, 10 April 2001; (http://www.rferl.org/content/ article/1096184.html). Accessed on December 27, 2013.

[6] Olcott, Martha Brill, “U.S. Policy in the South Caucasus”, The Quarterly Journal, Vol. 1, Issue 3, September 2002, p. 66.

[7] Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 37.