Dördgünlük müharibə kimi də tanınan Aprel döyüşləri 2 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələri arasında təmas xətti boyunca başlayan və 5 aprel tarixinədək davam edən qısamüddətli müharibədir. Müharibə Ermənistan Respublikasının silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində başlamışdı. Belə ki, 2016-cı il martın ortalarından aprelin əvvəllərinə qədər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edirdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı hücuma keçərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərini və mülki yaşayış məntəqələrini hədəfə alaraq təmas xəttində silahlı təxribatlar törətməyə başladılar.
Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə hər iki tərəfin hərbi əməliyyatları dayandırması ilə müharibə başa çatdı. Münaqişə zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Talış kəndi ətrafındakı Goranboy rayonu və Naftalan şəhəri üçün təhlükə yarada biləcək yüksəklikləri və Füzuli rayonu istiqamətində yerləşən Lələtəpəni nəzarətə götürərək Seysulan qəsəbəsini azad etmiş və Ağdərə–Madagiz (Suqovuşan) istiqamətində yollara nəzarəti təmin etmişdi.[1]
Hərbi əməliyyatları kimin başlatmasından asılı olmayaraq, qeyd etmək lazımdır ki, 2011-ci ildən bəri münaqişə tərəfləri arasında əsaslı və konstruktiv danışıqlar aparılmamışdır. Bununla belə, cəbhə xəttində atəşkəsin daim pozulması və hər iki tərəfin silahlanması mütəmadi olaraq davam edirdi.[2] Tərəflər arasındakı mövcud şərait və danışıqlar prosesində ATƏT-in Minsk qrupunun adekvat və konstruktiv mövqeyinin olmaması hər iki tərəf üçün təhlükəsizlik dilemması yaradırdı və bu aprel müharibəsi kimi qısamüddətli qarşıdurmaları qaçınılmaz edirdi.
Rəsmi məlumatlara görə hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 31 hərbi qulluqçusu həyatını itirmişdir.[3] Bununla belə, digər mənbələr 93 hərbçi və 6 mülki şəxsin həlak olduğunu, bir Mi-24 helikopterinin vurulduğunu, mina partlaması nəticəsində bir tankın məhv edildiyini bildirir.[4] Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan tərəfdən 30 tank, 15-ə qədər artilleriya silahı və gücləndirilmiş mühəndis qurğuları məhv edilmiş, 320 hərbçi həlak olmuş, 500-dən çox hərbçi yaralanmışdır.[5]
Aprel döyüşləri nəticəsində 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra ilk dəfə idi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri 2000 hektardan çox işğal olunmuş ərazilərin azad edilməsinə nail ola bilmişdi.[6] Bu, psixoloji üstünlüyün Azərbaycan tərəfinə keçməsini təmin edərək Azərbaycan cəmiyyətində ordunun nüfuzunu və etimadını artırmışdı.
Aprelin 5-də saat 12 radələrində münaqişə tərəfləri Azərbaycan-Ermənistan sərhədi boyunca hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəldilər. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisləri arasında razılıq əldə olundu.
[1] Həsənqarayev, Tural, “4 günlük müharibə (Aprel döyüşləri),” TOPCHUBASHOV Center, Aprel 5, 2022; https://top-center.org/az/analytics/3354/april-war-in-karabakh–2016. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[2] Broers, Laurence, “The Nagorny Karabakh Conflict Defaulting to War,” Chatham House, 11 iyul 2016-cı il; https://www.chathamhouse.org/2016/07/nagorny-karabakh-conflict-defaulting-war. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[3] Mammadov, Seymur, “Why did Armenia lose the April War?” The Jerusalem Post, 2 aprel 2018-ci il; https://www.jpost.com/opinion/why-did-armenia-lose-the-april-war–547746. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[4] “Минобороны Азербайджана назвало потери в боях,” Haqqin.az, 5 aprel 2016-cı il; https://haqqin.az/news/67421. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[5] Abbasov, Ramil, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı,” Ministry of Defense of the Republic of Azerbaijan, 17 fevral 2018-ci il; https://mod.gov.az/az/pre/21662.html. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[6] Broers, “The Nagorny Karabakh Conflict Defaulting to War”.