2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibə və onun baş vermə səbəbləri nə idi?

Azərbaycan ərazilərinin işğalı illərində Ermənistan keçmiş Dağlıq Qarabağ bölgəsinin müstəqil dövlət kimi tanınması və ya Ermənistana birləşdirilməsi üçün özünün də dediyi kimi, “faktlardan (yəni hərbi nəzarət) istifadə edərək de-fakto statusu saxlamaq və de-yure statusu dəyişdirmək” istəyirdi.[1] Lakin Azərbaycan Ordusu Ermənistanın təcavüzünə qarşı 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu başlatdığı əks-hücum əməliyyatı ilə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğal etdiyi əraziləri azad etməyə başladı. 44 gün davam edən “Vətən Müharibəsi” və ya “44 günlük Müharibə” adlandırılan müharibə Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və Azərbaycanın qəti qələbəsi ilə başa çatdı.  Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən dərhal sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat və 44 günlük müharibə ərzində aparılan uğurlu hərbi əməliyyat nəticəsində Azərbaycan dekabrın 1-dək öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük Müharibə Azərbaycan ərazilərinin uzun müddət davam edən işğalına son qoyaraq bölgədə Azərbaycan və erməni icmaları arasında sülhün və təhlükəsizliyin qorunması məqsədilə yerləşdirilən Rusiya sülhməramlı qüvvələri ilə birlikdə bu ərazilər üzərində Azərbaycanın suverenliyini bərpa etdi. Üçtərəfli Bəyanata əsasən, Rusiyanın sülhməramlı qüvvələrinə 2025-ci ilin noyabr ayına qədər 5 il regionda qalmaq hüququ verilirdi. Bununla belə, əgər münaqişə tərəflərindən hər hansı biri bu sülh kontingentinin müddətinin bitməsinə 6 ay qalmış kontingentin geri çağırılması ilə bağlı müraciət etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilədək uzadılacaqdı.[2] 2023-cü il aprelin 23-də Azərbaycan Qarabağ bölgəsini Ermənistan Respublikası ilə birləşdirən Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yerləşdirdi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, keçid məntəqəsinin açılması Ermənistan tərəfindən yoldan davamlı və geniş şəkildə sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Sərhəd-keçid məntəqəsinin açılması Azərbaycanın rəsmi tanınan bütün ərazisi üzərində suverenliyinin tam bərpa etməsi demək idi.[3]

44 günlük müharibənin başlanmasına gəlincə, münaqişə tərəflərini, yəni Ermənistan və Azərbaycanı ölümcül müharibəyə sövq edən səbəblər arasında ATƏT-in Minsk Qrupunun saysız-hesabsız sülh cəhdlərinin və çoxsaylı vasitəçilik səylərinin uğursuzluğunu, 2018-ci ildən başlayaraq Ermənistanın yeni rəhbərliyinin fərasətsizliyi və özbaşınalıqları, habelə təxribat xarakterli siyasi bəyanatları və hərəkətlərini misal göstərmək olar.

Daha əvvəl qeyd edildiyi kimi, ATƏT-in Minsk Qrupunun əsas məqsədi Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı mübahisəni sülh yolu ilə həllini təmin etmək idi.[4] Minsk Qrupunun danışıqlar prosesinə cəlb olunmasından bəri münaqişə tərəfləri bu danışıqlar mexanizminə böyük ümid bəsləyirdilər. Beləliklə, demək olar ki, otuz il ərzində Minsk qrupunun vasitəçilik səyləri nəticəsində tərəflər arasında hərbi əməliyatların qarşısını almaq mümkün olmuşdu, lakin müxtəlif səbəblərə görə tərəfləri münaqişənin həllində kompromisə gətirmək mümkün olmamışdı. Prezidentlər və nazirlər səviyyəsində keçirilən müxtəlif görüşlərdən sonra danışıqlar prosesi getdikcə zəifləmiş və heç bir nəticə verməmişdi, “təmas xəttində atışmaların intensivləşməsi və atəşkəs rejiminin pozulması, çoxlu insan tələfatı ilə nəticələnib”[5] ifadəsi adi hala çecrilmişdi.

ATƏT-in Minsk qrupunun, xüsusilə Rusiya, ABŞ və Fransa kimi həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsi üzrə sülh vasitəçiliklərinin səmərəliliyi münaqişə tərəflərini, xüsusilə Azərbaycan və elm adamlarını bu barədə müzakirələr aparmağa sövq etmişdir. Nüfuzlu və hökumətə təsir edə biləcək erməni icmalarının var olduğu Rusiya, ABŞ və Fransa kimi ölkələrin həmsədrlik etdiyi Minsk Qrupunun qərəzsizliyi Azərbaycan tərəfindən narahatçılıqla qarşılanmışdı. Minsk Qrupu həmsədrlərinin rolundan danışarkən, aydın olur ki, ATƏT-in “Troyka” sisteminin məqsədi davam edən danışıqlar prosesi üçün zəmin yaratmaq və münaqişənin sülh yolu ilə həllinə nail olmaq əvəzinə regionda öz milli maraqlarını qorumaq məqsədilə bu stabilliyi saxlamaqdır.

Minsk Qrupunun iflasa uğraması fonunda Ermənistanın 1994-cü ilin atəşkəs razılaşmasından bəri tutduğu təcavüzkar mövqeyi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni hərəkətləri, danışıqlar prosesində destruktiv mövqeyi onun münaqişənin həllinda maraqlı olmadığını, əksinə işğalçı siyasətinin nəticəsini möhkəmləndirmək üçün danışıqlar prosesini daha da uzatmaq niyyətində olduğunu göstərirdi. Bu yanaşmaya əsaslanan əvvəlki Ermənistan hökuməti danışıqlar prosesinin inkişafına töhfə verməyərək, əksinə onu blokadaya salmışdır ki, 2018-ci ilə qədər vəziyyət durğun olaraq qalırdı.

2018-ci ildə məxməri inqilab nəticəsində Serj Sarkisyanı hakimiyyətdən devirərək Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan münaqişənin sülh yolu ilə həllinə ümidləri artırmışdı.[6] Çünki Ermənistanın əvvəlki liderlərindən fərqli olaraq, Paşinyan Qarabağ klanının üzvü deyildi və Birinci Qarabağ Müharibəsi ilə heç bir əlaqəsi yox idi. Məhz buna görə də Ermənistanın yeni baş nazirinin köhnə kriminal rejimi tarixə qovuşdurarkən danışıqlar prosesinə sələflərindən fərqli olaraq daha konstruktiv yanaşacağı gözləntiləri var idi. İlk dönəmdə münaqişənin həlli ilə bağlı müsbət irəliləyişlər oldu. 2018-ci ilin sentyabrında Düşənbə şəhərində hər iki dövlətin liderləri ilk dəfə olaraq tərəflərin hərbi komandirləri arasında gərginliyi, eləcə də atəşkəs rejiminin pozulmasını azalda biləcək birgə qaynar xətt yaratmaq barədə razılığa gəldilər. Bundan başqa, əldə edilən məlumata görə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə, İlham Əliyevlə Nikol Paşinyan arasında şəxsi komunikasiya da oldu.[7]

Lakin tədricən tam əksi baş verdi. Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra danışıqlar prosesində öz sələflərinin siyasətini izləməyə və münaqişənin həlli ilə bağlı müxtəlif ritorikalardan istifadə etməyə başladı.[8] Bildirildiyi kimi, “sonradan məlum oldu ki, Paşinyan daxili hakimiyyət çəkişmələri ilə məşğul olarkən cəbhə xəttində müəyyən dərəcədə sabitlik əldə etməyi hədəfləmişdi. Tezliklə o, sülhməramlı təşəbbüslərindən əl çəkərək münaqişə ilə bağlı daha radikal, millətçi mövqe nümayiş etdirdi.”[9]

Beləliklə qeyd edildiyi kimi, Paşinyan öz hakimiyyətini daxildə möhkəmləndirdikdən sonra erməni vəhşiliyi və özbaşınalığı pik həddə çatdı ki, bu da münaqişənin sülh yolu ilə həllinə xeyli mane olurdu. Keçmiş Dağlıq Qarabağ regionundan kənarda işğal olunmuş ərazilərdə həmişlik möhkəmlənmək niyyəti; ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən və münaqişənin hər iki tərəfini qəbul edən “Əsas Prinsiplər”dən imtina; qondarma Dağlıq Qarabağ Respublikasının inzibati mərkəzinin Xankəndindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya köçürülməsinin planlaşdırılması; dünyanın müxtəlif yerlərindən olan ermənilərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz məskunlaşdırılması ilə “1949-cu il Cenevrə Konvensiyasını pozan, regiona nəzarəti möhkəmləndirmək və gələcək danışıqlar üçün “fait accompli” yaratması”[10]; Ermənistandan Azərbaycanın işğal olunmuş rayonlarından biri olan Cəbrayıla yeni yolun çəkilməsi; o cümlədən toponimlərin dəyişdirilməsi və tarixi abidələrin saxtalaşdırılması kimi Ermənistan hökumətinin daha aqressiv və qəbuledilməz hərəkətləri tərəflər arasında gərginliyə səbəb olurdu.

Bundan əlavə, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın qondarma “Dağlıq Qarabağ hakimiyyəti” ilə danışıqlar aparmalı olduğunu bəyan etməklə, danışıqlar prosesinin formatını dəyişməyə cəhd edib. Qəbul olunacağı təqdirdə, bu, iyirmi ildən artıq müddət ərzində hazırlanmış danışıqlar formatını tamamilə dəyişə bilərdi. “Bu cəhd təkcə Azərbaycan tərəfindən deyil, ATƏT-in Minsk qrupu tərəfindən də etirazla qarşılandı.”[11] Qeyd etmək lazımdır ki, Minsk Qrupu 1992-ci ildə münaqişədə vasitəçi rolunu öz üzərinə götürəndə onun ilk vəzifələrindən biri ABŞ-ın dövlət katibi Ceyms Beykerin adını daşıyan “Beyker qaydaları” adlanan sənədi hazırlamaq olmuşdu. Münaqişə tərəflərinin razılaşdığı bu qaydalarda Azərbaycan və Ermənistan münaqişənin “əsas tərəfləri”, keçmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları isə “maraqlı tərəflər” kimi tanınırdı. “Beyker qaydaları” kimi tanınan bu qaydalar sayəsində tərəflər arasında danışıqların formatı o vaxtdan etibarən dəyişməmişdi.[12]

Bundan əlavə, Ermənistan müdafiə naziri David Tonoyanın 2020-ci ilin martında Nyu-Yorkda “sülhə qarşılıq ərazi” siyasətinin “yeni ərazilər uğrunda yeni müharibə” siyasəti ilə əvəz olunduğunu bəyan etməsi məsələnin sülh yolu ilə həlli ümidlərini daha da sarsıtmışdır. Ermənistan müdafiə nazirinin bu bəyanatı İlham Əliyev və Nikol Paşinyanın ATƏT-in vasitəçiliyi ilə Vyanada sülh üçün əlverişli mühitin yaradılması naminə verdikləri birgə bəyanatdan dərhal sonra səsləndirilmişdi. Tonoyanın fikrincə, bu siyasət “Ermənistanı səngər vəziyyətindən, daimi müdafiə pozisiyasından xilas edəcək və hərbi əməliyyatları düşmən ərazisinə keçirəcəkdir.”[13]

Bütün bunlara əlavə olaraq, 5 avqust 2019-cu il tarixində Xankəndində keçirilən mitinqdə Ermənistanın baş naziri Nikol Paşinyan “Artsax Ermənistandır, vəssalam” deyərək Ermənistanla Qarabağın birləşməsinə (“miatsum”) çağırış etmişdi. Paşinyanın bu açıqlaması Azərbaycanı qəzəbləndirmiş, prezident İlham Əliyev tərəfindən dəfələrlə tənqid edilmiş və növbəti danışıqlar üçün ciddi əngəl yaratmışdı.[14]

Lakin 2020-ci ilin yayında Azərbaycanın münaqişə zonasından kənarda yerləşən Tovuz rayonuna hücum və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması regionda mövcud status-kvonu dəyişən son damla oldu. Nəticədə Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində artilleriya atəşinin açılması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları, o cümlədən general Polad Həşimov və bir mülki şəxs həlak oldu. Gərginlikdən sonra Ermənistanın baş naziri Paşinyan iyul döyüşlərində iştirak etmiş hərbçiləri mükafat və ordenlərlə təltif etdiyi mərasim təşkil etdi. Mərasim zamanı baş nazir Paşinyan bəyan etdi ki, “iyulda aparılan müdafiə əməliyyatı [orduda] islahatların uğurlu olduğuna açıq-aşkar sübutdur. Əslində biz sübut etdik ki, Ermənistan ağır silahlanma yarışına girmədən intellektual iş, taktiki və strateji yeniliklərlə hərbi üstünlük əldə edə bilər.”[15] İyulda baş vermiş eskalasiyaya toxunan Baş nazir Paşinyan daha sonra bəyan etdi ki, “Azərbaycan ordusunun Ermənistan ordusunu məğlub edə biləcəyi və beləliklə, Ermənistan və Artsaxın geri çəkilməsi ilə bağlı mif puç edilib.”[16]

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərildi. Təxribat qrupunun rəhbəri Azərbaycan hərbçiləri tərəfindən saxlanılaraq ifadəsi alındı. Onun açıqlamaları nəticəsində bu təxribat qrupunun Azərbaycana terror aktları törətmək üçün gəldiyi aydın olmuşdu. Tovuz rayonundan keçən neft və qaz ixrac boru kəmərlərinin hədəfə alınması Avropanın enerji təhlükəsizliyinə təhdid yaradırdı. Bununla əlaqədar olaraq, Ermənistan ilə növbəti aylar üçün atəşkəs imzalandı, lakin bu atəşkəs də erməni tərəfindən tez-tez pozulurdu.[17]

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə, o cümlədən Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutmaqla Azərbaycana qarşı növbəti təcavüzünə başladı. Sonrakı günlərdə əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri – Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Gəncə şəhərləri ağır bombardmanlara, o cümlədən orta mənzilli raket hücumlarına məruz qaldı. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələrinin növbəti dəfə kobud şəkildə pozulması demək idi. Bu kontekstdə 2018-ci ildən bəri erməni vəhşiliklərinə və özbaşınalıqlarına toxunan Prezident İlham Əliyev 2020-ci il oktyabrın 10-da “Rusiyanın RBC telekanalına” müsahibəsində “Biz bu hücumu gözləyirdik. Mən bu barədə eskalasiyadan bir neçə gün əvvəl BMT platformasından danışmışdım. Siz mənim çıxışımın mətninə baxa bilərsiniz – dedim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistan dayandırılmalıdır. Bunu sübut edən çoxlu arqumentlər var idi.”[18] Bununla belə, dünya açıq şəkildə erməni təxribatçı hərəkətlərinə qarşı gözlərini yummuş və bu, Ermənistan müdafiə naziri David Tonoyanın da dediyi kimi, onu “yeni ərazilər uğrunda yeni müharibəyə” sövq etmişdi.


[1] Babayev, Azer, “Nagorno-Karabakh: Why did the Second Armenia-Azerbaijan War Start?” PRIF BLOG, November 5, 2020; https://blog.prif.org/2020/11/05/nagorno-karabakh-why-the-second-armenia-azerbaijan-war-started/. Accessed on December 4, 2022.

[2] Górecki, Wojciech and Strachota, Krzysztof, “The Caucasus deregulated. The region on the anniversary of the end of the second Karabakh war,” OSW Commentary, No. 418, 2021, p. 2.

[3] Muradov, Murad, “Lachin checkpoint: the ultimate step towards peace?” TOPCHUBASHOV Center, April 24, 2023; https://top-center.org/en/expert-opinion/3495/lachin-checkpoint-the-ultimate-step-towards-peace. Accessed on May 4, 2023.

[4] Abilov, “OSCE Minsk Group”, p. 145.

[5] Abbasov, Namig, “Minsk Group Mediation Process: Explaining the Failure of Peace Talks,” Journal of Caspian Affairs, Vol. 1, No. 2, 2015, p. 69.

[6] “Armenia-Azerbaijan: Why did Nagorno-Karabakh spark a conflict?” BBC, November 12, 2020; https://www.bbc.com/news/world-europe-54324772. Accessed on December 4, 2022.

[7] Shafiyev, Farid and Huseynov, Vasif, “Peace Negotiations Cannot Be Held Forever: Breaking the Deadlock in the Armenia-Azerbaijan Conflict,” Insight Turkey, Vol. 22, No. 4, 2020, p. 101.

[8] Yavuz, M. Hakan and Huseynov, Vasif, “The Second Karabakh War: Russia vs. Turkey?” Middle East Policy, Vol. 27, No. 4, 2020, p. 107.

[9] Shafiyev and Huseynov, “Peace Negotiations Cannot Be Held Forever,” p. 102.

[10] Shafiyev and Huseynov, “Peace Negotiations Cannot Be Held Forever,” p. 105.

[11] Shafiyev and Huseynov, “Peace Negotiations Cannot Be Held Forever,” p. 102.

[12] Huseynov, “Karabakh Peace Process Must Be Fully Inclusive”.

[13] Shafiyev and Huseynov, “Peace Negotiations Cannot Be Held Forever,” p. 102.

[14] Ilham Aliyev was interviewed by Al Jazeera TV channel,” President.az, October 2, 2020; https://president.az/en/articles/view/41429. Accessed on December 4, 2022.

[15] Gamaghelyan, Philip and Rumyantsev, Sergey, “The road to the Second Karabakh War: the role of ethno-centric narratives in the Nagorno-Karabakh conflict,” Caucasus Survey, Vol. 9, No. 3, 2021, p. 7.

[16] Welt, Cory and Bowen, Andrew S., “Azerbaijan and Armenia: The Nagorno-Karabakh Conflict,” Congressional Research Service Report, R46651, January 7, 2021, p. 8.

[17] “Ilham Aliyev addressed the nation,” President.az, September 27, 2020; https://president.az/en/articles/view/40968. Accessed on December 4, 2022.

[18] “Ilham Aliyev was interviewed by Russian RBC TV channel,” President.az, October 10, 2020; https://president.az/en/articles/view/42449. Accessed on December 4, 2022.