Atəşkəs Sazişinin Azərbaycana verdiyi üstünlüklər nə idi?

1994-cü il mayın 12-də qüvvəyə minən atəşkəsə qoşulmaq Azərbaycan üçün Ermənistan kimi uğurlu olmadı. Qeyd edildiyi kimi, atəşkəs imzalandığı zaman artıq Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal etmiş, necə olsa da tam üstünlüyə nail olmuş və Dağlıq Qarabağda de-fakto müstəqil, lakin tanınmayan dövlət yaratmış və təqribən bir milyona yaxın azərbaycanlını öz tarixi torpaqlarından çıxartmışdı.[1] Bu səbəbdən razılaşma Azərbaycana növbəti hərbi əməliyyatları və torpaq itkisini dayandırmaq, sakinlərin öz evlərini tərk etməsinin qarşısını almaq və erməni qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinin qətliamını dayandırmaq imkanı verdi.

Rusiyanın vasitəçiliyi ilə atəşkəsi imzalamaqla Azərbaycan Rusiya Federasiyası ilə də münasibətləri möhkəmləndirdi, belə ki, Azərbaycan rəhbərliyi Rusiyanın təklifini rədd etməklə regionda 1993-cü ildə baş verən, Azərbaycan hökumətinin devrilməsi və Dağlıq Qarabağın cənub-şərq hissəsindəki Azərbaycanın tarixi torpaqlarının itirilməsi ilə nəticələnən siyasi çaxnaşmaya gətirib çıxardacağını yaxşı bilirdi. Rusiya hərbi qüvvələrinin Azərbaycana göndərilməsinə etiraz etməklə Azərbaycan atəşkəs haqqında razılaşmadan sonra regionda ATƏM-in himayəsi altında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çalışırdı. Halbuki, ATƏM bu cür sülhməramlı qüvvə yaratmaq mexanizminə malik deyildi.[2]

Azərbaycanın atəşkəsdən əldə etdiyi yeganə siyasi səmərə qazanılmış vaxtan istifadə edərək Xəzər dənizi sahillərində zəngin karbohidrogen ehtiyatlarının istismarı məqsədilə beynəlxalq investorları və neft şirkətlərini bu regiona cəlb etmək oldu. Beləliklə, atəşkəsdən üç ay sonra, 1994-cü il sentyabrın 20-də Azərbaycan qərb enerji konsorsiumları ilə ölkəyə böyük iqtisadi mənfəət və siyasi üstünlük gətirən “Əsrin müqaviləsi”ni imzaladı.[3] Bununla Azərbaycan Ermənistanı iqtisadi baxımdan təcrid etməyə, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün beynəlxalq dəstək almağa və 1994-cü ilin may ayında atəşkəs haqqında razılaşmanın imzalanmasından sonra Ermənistanın işğalı altında olan tarixi torpaqların azad olunmasına ümid edirdi.


[1] a.k.ə. MacFarlane, S. Neil, & Minear, Larry (1997), p. 19.

[2] a.k.ə. De Wall, Thomas (2003), p. 254

[3] Karagiannis, Emmanuel, Energy and Security in the Caucasus (RoutledgeCurzon, 2002), p. 19