1994-cü il may ayının 11-dən 12-ə keçən gecə atəşkəs qüvvəyə mindikdə Ermənistan münaqişədən artıq “qalibiyyətlə” çıxmış və Dağlıq Qarabağ üzərində nəzarətini möhkəmləndirmişdi. Ermənistan Respublikası da daxil olmaqla heç bir suveren dövlət Dağlıq Qarabağın “müstəqilliyini” tanımadığı halda, Ermənistan oradakı separatçı qüvvələrin fəaliyyət orqanlarını və siyasi institutlarını yaratmışdı. Belə demək olar ki, separatçı qrup beynəlxalq aləmdə tanınmadan ilk məqsədinə “müstəqillik” əldə etməyə müvəffəq olmuşdur.[1] Bu baxımdan Tomas de Vaala görə atəşkəs haqqında saziş imzalandığı zaman “ermənilər tarixin onların qələbəsini ratifikasiya edəcəyi və Kosovonun ardınca Dağlıq Qarabağın beynəlxalq legitimliyinin tanınacağı ümidi ilə status-kvonun normallaşdırılmasına və de-fakto dövlət quruculuğunun təmin olunmasına fokuslanmışdırlar”.[2]
Bundan əlavə, Ermənistan yalnız Dağlıq Qarabağ və onu Ermənistanla birləşdirən Laçın rayonu üzərində nəzarəti ələ almamış, eyni zamanda Dağlıq Qarabağın ətrafında yerləşən rayonların ərazilərini də işğal etmişdi. Dağlıq Qarabağla birlikdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni təşkil edən bu rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə boşaldılmışdı. Belə ki, atəşkəs haqqında sazişi imzalamaqla Ermənistan Dağlıq Qarabağdan kənarda yerləşən Azərbaycanın işğal olunmuş yeddi rayonunda təhlükəsiz bufer zonası yaratmışdır ki, bu da ona sonrakı danışıqlar prosesində bundan siyasi təzyiq vasitəsi kimi istifadə etmək imkanı verirdi.[3] Tomas de Vaal ilə müsahibə zamanı Robert Koçaryan bu məsələ ilə bağlı vurğulamışdı: “Biz Qarabağın müdafiəsini ciddi şəkildə təşkil edə biləcəyimiz sərhədlərə çatdıqda [atəşkəs] haqqında ciddi düşünməyə başladıq”.[4]
Bundan əlavə, Ermənistan Azərbaycanın digər rayonlarının işğal olunmasının diplomatik səviyyədə ona baha başa gələcəyindən agah idi. Beləliklə, 1993-cü ilin sonunda BMT Təhlükəsizlik Şurasının döyüşlərin dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi var idi. Digər tərəfdən, münaqişəli şərait region dövlətlərini də narahat edirdi. Türkiyə Ermənistanla sərhədlərini bağlayaraq hərbi qüvvələrini sərhəddə yerləşdirmiş, İran və Rusiya da Ermənistana hərbi əməliyyatların dayandırılması barədə xəbərdarlıq etmişdi. Beləliklə, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti aldatmağın artıq asan olmadığını anlayırdı, bu baxımdan, atəşkəs Ermənistan üçün də münasib idi. Bundan əlavə, atəşkəs razılaşması Ermənistana öz ərazisində daha iki Rusiya hərbi bazası yaratmaqla öz hərbi qüvvələrini gücləndirmək şansı vermişdi ki, bu da Ermənistanın Dağlıq Qarabağ üzərində hərbi nəzarətini təmin etmişdi.[5] Bundan əlavə, 1994-cü il atəşkəsi “Ermənistan hökumətinə öz şəhərlərində mülki asayişin bərqərar olması, iqtisadiyyatın bərpası üçün zəmin yaradılması və xarici tərəfdaşların və yardımların cəlb edilməsi üçün lazım olan şəraiti yaratmış oldu”.[6]
[1] a.k.ə. Cornell, S.E. – 1997. – s. 210.
[2] a.k.ə. De Waal, T. – 2010. – s. 163.
[3] MacFarlane, S. Neil, &Minear, Larry, Humanitarian Action and Politics: The Case of NagornoKarabakh (The Thomas J. Watson Jr. Institute for International Studies, 1997. – s. 19.
[4] a.k.ə. De Waal, T. – 2003. – s. 240.
[5] a.k.ə. Croissant, M.P. – 1998. – s. 111–112.
[6] Laitin, David D. & Grigor Suny, Ronald, “Armenia and Azerbaijan: Thinking a way out of Karabakh”, Middle East Policy, Vol. 7, No. 1, oktyabr 1999-cu il. – s. 154.