Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə siyasi həllin tapılması məqsədilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (Konfransı) tərəfindən yaradılmışdır (ATƏM, indiki ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı).
1992-ci il martın 24-də, ATƏT-in Helsinki görüşündə şura baş katibdən Dağlıq Qarabağla bağlı ATƏT-in rəhbərliyi altında onun prinsipləri, tələb və öhdəlikləri və əsasnaməsi əsasında böhranın sülh yolu ilə həllini təmin etmək məqsədilə dərhal konfrans çağırılmasını istədi. 1994-cü il dekabrın 6-da dövlət və hökumət başçılarının Budapeşt Sammiti Minsk qrupu üzrə həmsədrlik yaratmaq qərarı aldı. Üç ay sonra, 1995-ci il martın 23-də isə Budapeşt Sammitinin qərarına əsasən ATƏT sədri Minsk qrupunun həmsədrlərinə mandat verdi.
ATƏT-in Minsk qrupu danışıqlar prosesinə cəlb olunduqdan sonra artıq burada yalnız Rusiya və Türkiyə kimi regional ölkələr deyil, Avropa və Şimali Amerika ölkələri də təmsil olunduğundan münaqişə tərəfləri danışıqlar aparan bu quruma böyük ümidlər bəsləyir və belə böyük bir təmsilçi qurumun münaqişəni sülh yolu ilə sonlandıracağına inamı artırmışdı. Beləliklə, Minsk qrupu aşağıdakı daimi dövlətlərin iştirakı ilə yaranmışdır: Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, münaqişənin əsas tərəfləri olan Azərbaycan və Ermənistan, eləcə də ATƏT-in “Üçlük” adlandırdığı Rusiya, ABŞ və Fransadan ibarət qrupun həmsədrləri.
Minsk qrupunun əsas məqsəd və vəzifələrini aşağıdakı kimi ümumiləşdirmək olar:
ATƏT-ə görə, Minsk qrupunun yuxarıda qeyd olunan məqsədləri tam yerinə yetirilsəydi, prosesi uğurla başa vurmuş hesab etmək olardı.[1]
1997-ci ildən bəri Minsk Qrupu münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç təklif təqdim edib. Bunlar 1997-ci ilin iyulunda təqdim edilən “Paket sazişi” təklifi, 1997-ci ilin sentyabrında təqdim edilən “mərhələli həll sazişi” təklifi və 1998-ci ilin noyabrında təqdim edilən “Ümumi dövlət” təklifləridir.[2] Sonralar, Minsk qrupu “Praqa prosesi” və Madrid prinsipləri kimi həll planları ilə çıxış etmişdir. Lakin Minsk qrupu tərəfindən təqdim olunan variantların və metodologiyaların heç biri münaqişə tərəfləri tərəfindən qəbul edilməmiş və yüksək səviyyəli danışıqların təmsilçiləri münaqişənin həllinə nail ola bilməmişlər. Volker Ceykobinin söylədiyi kimi, “Təkliflərin heç biri ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin edəcək status barədə bütün tərəfləri qane edən razılığa gəlinməkdə tərəfləri uzlaşdıra bilmədi”.[3]
Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə nailiyyət 1994-cü ilin mayında Bişkekdə imzalanmış atəşkəs sazişi, 2008-ci ilin Moskva bəyannaməsi və 2020-ci ilə imzalanmış Üçtərəfli bəyanat hesab edilə bilər. Lakin qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu yox, Rusiya təkbaşına atəşkəsin imzalanmasında vasitəçilik etmiş, Moskva bəyannaməsi və Üçtərəfli Bəyanat təşəbbüsünü irəli sürmüşdür.[4]
[1] Organization for Security and Co-operation in Europe (OSCE); (http://www.osce.org/mg). İstifadə tarixi: 14 oktyabr 2013-cü il.
[2] Volker, J., “The Role of the OSCE: An Assessment of International Mediation Efforts”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005. – s. 32.
[3] a.k.ə. Volker, J. 2005. – s. 32.
[4] Nuriyev, Elkhan, “OSCE Minsk Group in Crisis: A New Look at Nagorno-Karabakh Impasse”, The Journal of Turkish Weekly, 6 May 2011-ci il; (http://www.turkishweekly.net/op-ed/2820/osce-minsk-group-incrisis-a-new-look-at-nagorno-karabakh-impasse.html). İstifadə tarixi: 14 oktyabr 2013-cü il.