1998-ci il noyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Dağlıq Qarabağ arasında ümumi dövlətin yaradılması haqqında Ümumi dövlət variantı (rəsmi adı: “Dağlıq Qarabağda silahlı münaqişəsinin hərtərəfli həllinin prinsipləri haqqında”) münaqişə tərəflərinə təklif edildi. Təklif Dağlıq Qarabağ, Laçın dəhlizi, Şuşa və Azərbaycanın keçmiş Şaumyan kənd rayonunun statusu və münaqişə tərəfləri arasında silahlı münaqişənin dayandırılması haqqında sazişin imzalanmasını nəzərdə tuturdu. Burada Dağlıq Qarabağa Azərbaycanın beynəlxalq miqyasda qəbul edilmiş sərhədləri daxilində respublika formasında dövlət və ya ərazi statusu verilməsi təklif edilirdi. Burada müəyyən edilmişdi ki, Dağlıq Qarabağ Azərbaycanla ümumi dövlət təşkil edəcək, prezidentlərin nümayəndələri, baş nazirlər və parlamentlərin sədrlərinin olacağı Müştərək Komitə yaradılacaqdı. Təklifə görə, Dağlıq Qarabağın öz konstitusiyası, bayrağı, möhürü və himni olacaq və iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahədə hər hansı bir dövlətlə, regional və beynəlxalq təşkilatlarla birbaşa əlaqələr qurmaq hüququna malik olacaqdı. Dağlıq Qarabağ öz qanunvericiliyini, icra və məhkəmə orqanlarını, habelə milli müdafiə və polis idarələrini təşkil edə bilər və Azərbaycanın icra qərarları, qanun və qaydaları Dağlıq Qarabağın konstitusiya və qanunlarına zidd olmasa, Dağlıq Qarabağda tətbiq oluna biləcəkdi. Sülh təklifinə əsasən, nə Azərbaycan nə də ki, Dağlıq Qarabağ birtərəfli ümumi dövlət təminatını dəyişmək hüququna malik olmayacaqdılar. Təklif, Dağlıq Qarabağa öz maraqlarını qorumaq üçün Azərbaycanın xarici siyasətində və Dağlıq Qarabağın maraqlarına toxunan hər hansı bir danışıqlarda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinə öz ekspertlərini daxil etmək hüququ verirdi.[1]
Güman edilirdi ki, Azərbaycan və Dağlıq Qarabağ arasındakı iyerarxik əlaqələrin üfiqi (tərəflər arasında bərabər münasibətlər) və ya şaquli (Dağlıq Qarabağın Azərbaycana tabeçiliyi) formasında olacağını müəyyən etməyən bu ümumi dövlət fikri Rusiyanın xarici işlər naziri Yevgeni Primakov və onun erməni həmkarı Vartan Oskanyan tərəfindən təqdim olunub.[2] Ermənistan və Dağlıq Qarabağın rəhbərliyi sülh danışıqlarında əsas kimi bu təklifi dəstəkləmişdilər. Lakin Azərbaycan, təklifin onun suverenliyini, ərazi bütövlüyünü və yalnız Ermənistan tərəfindən qəbul edilməmiş 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə razılaşdırılmış prinsipləri pozduğunu bildirərək bu təklifi rədd etdi.[3] Azərbaycan Minsk Qrupunu Rusiyanın Ermənistanın xeyrinə hazırlanmış və Dağlıq Qarabağın Azərbaycandan tam ayrılmasını nəzərdə tutan bu fikrini qəbul etməkdə ittiham edirdi.[4] Bu təklifin qəbul edilməsi Azərbaycan üçün Dağlıq Qarabağın mövcud de-fakto müstəqilliyinin ratifikasiyası demək idi və rəsmi Bakı “ümumi dövlət prinsipini zorla əldə edilmiş torpaqların diplomatik şəkildə qanuniləşdirilməsi səyi” kimi görürdü.[5] Beləliklə, bir daha Minsk Qrupunun sülh təklifi uğursuz nəticələndi, lakin bu dəfə təklif Azərbaycan tərəfindən rədd edilmişdi, çünki bu təklif Dağlıq Qarabağa tam müstəqillik verməklə bərabər, Azərbaycanın 1996-cı ildə Lissabon zirvə görüşündə ATƏT tərəfindən müəyyən edilmiş ərazi bütövlüyünü inkar edirdi.
[1] OSCE Minsk Group Co-chairmanship, “On the Principles of Comprehensive Settlement of the Nagorno-Karabakh Armed Conflict” (Common state), November 1998;
[2] a.k.ə. Laitin, David D., & Grigor Suny, Ronald (1999), p. 168.
[3] a.k.ə. Jacoby, Volker (2005), p. 32.
[4] a.k.ə. Miller, Nicholas W. (2009), p. 69.
[5] Wirminghaus, Rainer Freitag, “State-building and Solving Conflicts in the South Caucasus”, in Debiel, Tobias & Klein, Axel ed., Fragile Peace: State Failure, Violence and Development in Crisis Regions (Zed Books Ltd, 2002), p. 104.