ATƏT-in Minsk qrupunun “Paket Həlli Variantı” sülh təklifi (rəsmi adı: Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına Dair Hərtərəfli Saziş) Dağlıq Qarabağ münaqişəsinin sülh planı üzrə əsas çərçivədə ümumi razılığa gəlmək üçün 18 iyul 1997-ci il tarixində regionda Minsk Qrupunun Həmsədrləri tərəfindən münaqişə tərəflərinə təqdim edilmişdir. Təklif Minsk Qrupunun Həmsədrlərinin ilk dəfə etdiyi sülh təkliflərinə daxil olan Dağlıq Qarabağın statusunu, o cümlədən, münaqişənin bütün aspektlərinin həllini müəyyən edirdi.[1] Təklifin giriş hissəsində münaqişə tərəflərinin BMT Nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və qərarlarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 854 və 884 saylı qətnamələrinə sadiq qalmaları və tam şəkildə həyata keçirmələri müəyyən edilir. Təklifə görə, tərəflər silahlı münaqişəni dayandırmağa, normal münasibətləri bərpa etməyə və daha sonra Dağlıq Qarabağın yekun statusu haqqında razılaşmalar əldə etməyə təşviq olunurdu. 1-ci Sazişdə, münaqişə tərəflərindən “münaqişəni həll etmək üçün silahlı qüvvələrin istifadəsindən imtina etmək…. və bütün silahlı qüvvələri geri çağırmaq” tələb olunurdu. Lakin, 2-ci Saziş Dağlıq Qarabağın statusu ilə bağlıdır və münaqişə tərəflərini Azərbaycan və Ermənistan sərhədlərinin ərazi bütövlüyünü və toxunulmazlığını tanımağa və öz konstitusiya, bayraq, möhür və himninə malik olacaq Dağlıq Qarabağın inzibati sərhədinin keçmiş DQMV sərhədlərinə uyğun olaraq Azərbaycan sərhədləri daxilində qurulmasına çağırır.[2]
Daha sonra Ermənistan Dağlıq Qarabağ ermənilərinin təzyiqi altında bu təklifi rədd etmiş və 1997-cü ilin sentyabrında Minsk Qrupu tərəfindən münaqişə tərəflərinə təqdim edilmiş Mərhələli Həll Variantını qəbul etmişdir. Bununla belə, bu dəfə də Dağlıq Qarabağ yeni təklifi rədd etdi və birinci varianta, yəni Paket Həlli Variantına qayıtmağa israr etdi. Dağlıq Qarabağın Paket Həlli Variantına geri qayıtma təklifi və ermənilərin etirazı ilə bağlı olaraq Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qeyd edir: “Biz, Paket Həlli Variantı ilə Qarabağ və Azərbaycan arasında sazişin uzun müddət, çox güman ki, heç bir zaman əldə edilməyəcəyinə əmin idik. Paket Həlli Variantına geri qayıtmaq təklifi problemin həllinə deyil, vaxt qazanmağa kömək etmək məqsədi daşıyırdı”.[3] Nəticədə, Paket Həlli Variantı ləğv edildi və Ermənistan hakimiyyətinin imtinası ilə öz mənasını itirdi.
[1] Mammadov, Ilgar, “Mediation Abilities of the Organization for Security and Cooperation in Europe (OSCE) in the Case of the Settlement of the Nagorno-Karabakh Conflict”, Central Asia and the Caucasus, No. 6 (30), 2004, p. 14.
[2] a.k.ə. OSCE Minsk Group Co-chairmanship, (Package Deal), July 1997.
[3] “Statement of President Levon Ter-Petrossian at National Security Council Session”, 7-8 January 1998. Retrieved from Caucasus Context, Vol. 4, Issue 1, Spring 2007, p. 20.