ATƏT-in Minsk qrupunun “mərhələli həll” variantı (rəsmi adı: Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Dayandırılması haqqında Saziş) 1997-ci il sentyabrında Minsk qrupunun həmsədrləri tərəfindən münaqişə tərəflərinə təqdim edilmişdir. Sülh təklifi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin iki mərhələdə həllini nəzərdə tuturdu. Təklifə görə birinci mərhələdə Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələri Ermənistan ilə Dağlıq Qarabağı birləşdirən Azərbaycanın Laçın rayonu istisna olmaqla, DQMV-nin 1988-ci ilədək olan sərhədlərinə kimi geri çəkiləcək və Azərbaycanın məcburi köçkünləri təhlükəsiz və sərbəst şəkildə keçmiş yurdlarına qayıdacaqlar. Eyni zamanda, münaqişə tərəfləri qrafikə və müfəssəl müddəalara uyğun olaraq, şose və dəmiryollar, enerji xətləri, rabitə, ticarət və digər əlaqələrin açılması üçün dərhal tədbirlər görəcəklər. İkinci mərhələdə, tərəflər münaqişənin hərbi aspektinin başa çatmasından sonra Minsk qrupunun köməyi ilə Dağlıq Qarabağın statusunun həllinə nail olmaq, Laçın, Şuşa və Şaumyan kənd rayonlarının məsələsi üçün danışıqlara davam etdirəcəklər. Təklifdə göstərilir: “Bu saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra qüvvəyə minəcək və hərtərəfli həlldə nəzərdə tutulan şərtlər istisna olmaqla qüvvədə qalacaqdır”.[1]
“Mərhələli həll” variantı təklif edildikdə onun qonşu xalqlar arasında etnik nifrətin qarşısını alacağına, bir parça torpaq üstündə dava əvəzinə sülhə nail olmaq üçün bu iki dövləti regional çərçivə və ərazi sərhədlərinə gətirəcəyinə, uydurmalar və mənfi rəylərə son qoyacağına, Ermənistan və Azərbaycan, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında birgə yaşama və əməkdaşlığa gətirib çıxaracağına ümid edilirdi.[2] Buna görə də Azərbaycan və Ermənistan bu təklifi prinsipcə qəbul etmişdi. İlk dəfə idi ki, ATƏT-in Minsk qrupunun sülh təklifini münaqişənin hər iki tərəfi dəstəkləyirdi. Bundan başqa, Ermənistan Prezidenti Ter-Petrosyan real qiymətləndirilmə apararaq bildirmişdi ki, bu və ya digər yolla Ermənistan tezliklə varlı və güclü Azərbaycanla üzləşəcəkdir. O, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəsinin iqtisadi blokadada olmasının Ermənistanın iqtisadiyyatına uzunmüddətli zərər yetirə biləcəyindən ehtiyat edirdi. Onun sözlərinə görə bu müqavilə Qarabağın təhlükəsizliyini və Ermənistanın siyasi və iqtisadi rifahını təmin etmək üçün bir imkan idi.[3] Bundan əlavə, münaqişə tərəfləri arasında mərhələli həll variantının ilkin mərhələsində razılığın əldə edilməsi Minsk qrupu üçün də sərfəli idi. Bu problemin həlli üçün ən yaxşı sülh təklifi hesab edilirdi. Əgər tərəflər bir nəticəyə gəlib təklifin ilk mərhələsini imzalasaydılar, Dağlıq Qarabağın hüdudları xaricində işğal olunmuş torpaqlar Azərbaycana geri veriləcəkdi; yekun status əldə edilənə qədər Dağlıq Qarabağın statusu eyni qalacaqdı, həmçinin Laçın və Şuşa olduğu kimi qalacaqdı və Dağlıq Qarabağın yekun statusu əldə edilənə qədər heç bir məcburi köçkün bu rayonlara qayıtmayacaqdı. Bundan əlavə, Dağlıq Qarabağ Azərbaycanın əvvəl işğal edilmiş ərazilərinin demilitarizasiyası ilə əlavə təhlükəsizlik əldə edəcəkdi. Bununla yanaşı, 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalından sonra həyata keçirilmiş bütün iqtisadi embarqo və blokada, habelə Türkiyə tərəfindən qoyulmuş embarqo aradan qaldırılacaqdı.[4]
Lakin “Dağlıq Qarabağın rəhbərliyi”, həmçinin Ermənistanın Baş naziri və qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş prezidenti olan Robert Koçaryan bu təklifi rədd etdilər. Onlar əvvəlki “paket həll” variantının tətbiq edilməsini, Minsk qrupu planının eyni zamanda həyata keçirilməsini və Dağlıq Qarabağın yekun statusunun işğalçı qüvvələrin regiondan çıxarılmasından əvvəl müəyyən edilməsini tələb edirdilər.[5]
Dağlıq Qarabağın bu təklifi rədd etməsi ilə əlaqədar bir sıra fərziyyələr var, bunlardan biri Dağlıq Qarabağ ermənilərinin bu təklifin qəbul ediləcəyi halda Dağlıq Qarabağın Azərbaycan sərhədləri daxilində qalacağından narahat olması idi. Həmçinin güman edilirdi ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş rayonlarından çıxarılması ilə Dağlıq Qarabağ öz sərfəli ticarət tərəfdaşı olan İranla birbaşa əlaqələrini itirəcək və Ermənistan hakimiyyətindən, xüsusilə də Dağlıq Qarabağ ermənilərinin gözündə şübhəli görünən Ermənistan Prezidenti Ter-Petrosyandan asılılıqları artacaqdı. Bundan əlavə, sülh təklifinin əleyhdarları hesab edirdilər ki, işğal olunmuş ərazilərdən çəkilmək Dağlıq Qarabağın status məsələlərində təsir rıçaqlarının itirilməsi ilə nəticələnəcəkdi.[6]
Belə ki, prezident Ter-Petrosyanın mərhələli həll variantını dəstəkləməsi sayəsində Ermənistan və Dağlıq Qarabağ arasında yaranmış siyasi böhran prezidentə qarşı Ermənistanda konstitusiya çevrilişi və 1998-ci il fevral 3-də Ter-Petrosyanın prezident vəzifəsindən istefa etməsi ilə nəticələndi. Baş nazir və Dağlıq Qarabağın sərt siyasət kursunun tərəfdarı və Minsk qrupunun “mərhələli həll” variantına qarşı çıxan Robert Koçaryan Ermənistan Prezidenti oldu.[7]
[1] OSCE Minsk Group Co-chairmanship, “Agreement on the Cessation of the Nagorno-Karabakh Armed Conflict”, (Step-by step), 19 sentyabr 1997-ci il.
[2] Shafiyev, Farid, “Ethnic Myths and Perceptions as Hurdle to Conflict Resolution: ArmenianAzerbaijani Case”, The Caucasus & Globalization: Journal of Social, Political and Economic Studies, Vol. 1(2), 2007. – s. 70.
[3] Carley, Patricia, “Nagorno-Karabakh: Searching for a Solution”, United States Institute for Peace, 1 dekabr 1998-ci il; (http://www.usip.org/publications/nagorno-karabakh-searching-solution-0). İstifadə tarixi: 20 noyabr 2013-cü il.
[4] a.k.ə. Laitin, David D., & Grigor Suny, Ronald. – 1999. – s. 165.
[5] Malysheva, Dina, “The Conflict in Nagorno-Karabakh: Its Impact on Security in the Caspian Region”, in Chufrin, Gennady ed., The Security of the Caspian Sea Region (Oxford University Press, 2001. – s. 274.
[6] a.k.ə. Laitin, David D., & Grigor Suny, Ronald. – 1999. – s. 165.
[7] Miller, Nicholas W., “NagornoKarabakh: A War without Peace”, in Eichensehr, Kristen & Reisman, W. Michael ed., Stopping Wars and Making Peace: Studies in International Intervention (Martinus Nijhoff Publishers, 2009. – s. 69