Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci il 25 yanvar tarixli 1416 saylı Qətnaməsi nəyi nəzərdə tuturdu?

Avropa Şurası Parlament Assambleyası 25 yanvar 2005-ci il tarixində keçirilən ikinci iclasında Dağlıq Qarabağ münaqişəsi haqqında Assambleyanın 1416 saylı qətnaməsini qəbul etdi. AŞPA qətnaməni qəbul edərkən yüz minlərlə məcburi köçkünün yaşadığı acınacaqlı şəraitdən və iyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll olunmamış vəziyyətdən təəssüfləndiyini bildirmişdir. Qətnamə həmçinin tərəflər arasında kütləvi etnik düşmənçiliyin yayılmasına gətirib çıxaran və genişmiqyaslı etnik köçürmələrə səbəb olan hərbi əməliyyatlarla bağlı öz ciddi narahatlığını ifadə edirdi. Qətnaməni qəbul edərək AŞPA təsdiq edirdi ki, ərazinin müstəqilliyinin tanınması və əsas dövlətdən ayrılması silahlı hərbi qüvvələrin köməyi ilə yerli xalqı yurdundan qovmaqla və ya ərazinin de-fakto digər dövlətə birləşdirilməsi ilə deyil, yalnız qanuni və danışıqlar yolu ilə əldə edilə bilər.

Bundan əlavə, qətnamədə “bir üzv dövlətin digər dövlətin ərazisini işğal etməsi həmin dövlətin Avropa Şurasının üzvü kimi öhdəliklərini ciddi şəkildə pozması olduğunu və münaqişə zonasından köçkün düşmüş insanların öz yurdlarına təhlükəsiz və sərbəst qayıtma hüququna malik olduğunu” üzv dövlətlərin diqqətinə çatdırılırdı. Əsas ehtimal ondan ibarət idi ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlar prosesi uğursuz olarsa, münaqişə tərəfləri BMT Nizamnaməsini imzalayan ölkələr kimi Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət etmək hüququndan istifadə edə bilərlər. Həmçinin BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrini təsdiq edən AŞPA-nın 1416 saylı qətnaməsi münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə və gələcək hərbi əməliyyatlardan çəkinməyə çağırdı. AŞPA-nın 1416 saylı qətnaməsinin “Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər” şərhinə xüsusi diqqət yetirmək lazımdır.[1] Bu o deməkdir ki, Parlament Assambleyası Ermənistanı Azərbaycan ərazisində silahlı hərbi əməliyyatlarda iştirak etmiş bir münaqişə tərəfi kimi tanıyırdı.


[1] Avropa Şurası – Parlament Assambleyasının 1416 saylı qətnaməsi, 25 yanvar 2005-ci il // Krüger, Heiko, The Nagorno-Karabakh Conflict: A Legal Analysis. – Springer, 2010. – s. 140–142