Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra Qarabağın inzibati ərazi bölgüsündə hansı dəyişikliklər baş verdi?

Şimali Azərbaycan xanlıqları Rusiya işğalının gedişində və işğaldan sonrakı dövrdə tədricən ləğv edilərək əyalət və dairələrə çevrildi: 6 əyalət; Bakı (1808), Quba (1810), Şəki (1819), Şirvan (1820), Qarabağ (1822) və Talış (1826), 2 dairə; Yelizavetpol (1804) və Car-Balakən və 2 distansiya; Qazax (1812) və Şəmsədil (1812) təşkil olundu. Əyalət və dairələrin başında komendant-rus zabiti dururdu. Buna görə də 1841-ci ilə qədər tədbiq edilən bu idarə şəkli tarixə komendant idarə üsulu kimi daxil olmuşdur. Rusiya bu idarə sistemini yaratmaqla Azərbaycanda əvvəllər mövcud olmuş dövlətçilik ənənələrini ləğv etməyə çalışırdı.

XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən üsyanlar yatırılsa da, onları doğuran ictimai-iqtisadi və siyasi səbəblər qalmaqda idi. Çar I Nikolay uzun müzakirələrdən sonra Cənubi Qafqazda komendant idarə üsülunun ləğv edilməsi və inzibati-məhkəmə islahatı keçirilməsi ilə bağlı layihəni qəbul etdi. 1840-cı il 10 aprel qanununa görə ümumrusiya qanunları əsasında quberniya, vilayət və qəza məhkəmələri yaradıldı və 1841-ci il yanvarın 1-dən Cənubi Qafqazda komendant idarə üsülu ləğv olundu. Cənubi Qafqaz Gürcüstan-İmeretiya quberniyasına (mərkəzi Tiflis) və Xəzər vilayətinə (mərkəzi Şamaxı) bölündü. Bundan başqa, Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti qəza və dairələrə bölünürdü. Çar imperiyasının bu “islahatı” “Zaqafqaziya vilayətinin idarəsinin yaradılması” adlanırdı. O, quberniyalarda məhkəmələr, qəzalarda, dairələrdə, vilayətlərdə və quberniya mərkəzlərində isə magistratura məhkəmələri yaratmaqla və bölgəni ümumi mülki imperiya idarəsinə tabe etməklə komendant sisteminə son qoymağı qarşısına məqsəd qoymuşdu. Bundan başqa, Yelizavetpol (Gəncə) və Naxçıvanın Gürcüstan quberniyası tərkibinə daxil edilməsi ilə Gürcüstan-İmeretiya quberniyası ilə Xəzər vilayəti arasında sərhəd çəkilmiş oldu.

1846-cı ilin dekabrında Cənubi Qafqazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları təşkil edildikdən və yeni inzibati sərhədlər müəyyən edildikdən sonra Çar imperiyasının inzibati hüquq sistemində növbəti inzibati dəyişikliklər və təmərküzləşmə edilmiş oldu. Bu bölgülərə əsaslanaraq Gəncə və Naxçıvanın idarəsi Tiflis quberniyasına verildi. 1849-cu ildə Naxçıvanın da daxil olduğu yeni İrəvan quberniyası yaradıldı. 1859-cu ildə Şamaxı şəhəri zəlzələ nəticəsində dağıldı. Ona görə də Bakı quberniyanın yeni mərkəzi oldu və onun adı dəyişdirilərək Bakı quberniyası oldu. Cənubi Qafqazın bu yeni inzibati bölgülərinin heç biri nə tarixi presedentləri, nə etnik tərkibi, nə də bölgədə yaşayan insanların istəklərini nəzərə almırdı.[1] Bu dövrdə Şimali Azərbaycanın böyük hissəsi yeddi qəzadan, yəni Şirvan, Şuşa (Qarabağ), Şəki, Talış (Lənkəran), Bakı, Dərbənd və Qubadan ibarət Xəzər vilayətinin tabeliyinə keçdi.

1841-ci ildə təsis edilib Xəzər vilayətinin tərkibinə alınan və demək olar ki, əvvəlki Qarabağ xanlığının bütün torpaqlarını əhatə edən Şuşa qəzası, mərkəzi Şuşa olmaqla öz daxilində Cavanşir, Cəbrayıl və Zəngəzur nahiyələrinə bölünürdü. Şuşa qəzası 1846-cı ildən Şamaxı, 1859-cu ildən Bakı və 1868-ci ildən sonra isə, Yelizavetpol quberniyalarının tərkibində fəaliyyət göstərmişdir. Yelizavetpol guberniyasına daxil edildikdən sonra tarixi Qarabağ ərazisi olan Şuşa qəzası dörd qəzaya bölündü; Şuşa, 1874-də Zəngəzur, 1883-cü ildə isə Cavanşir və Cəbrayıl (sonralar Qaryagin). Bu inzibati bölgü erkən orta əsrlərdə Qafqaz Albaniyasının Kürdən cənubda yerləşən tarixi Qarabağ torpaqlarıyla demək olar ki, üstüstə düşürdü.[2] Belə ki, tarixi Qarabağ ərazisində Cavanşir-Uti vilayətini, Şuşa-Arsax vilayətini, Cəbrayıl-Paytakaranın bir hissəsini və Zəngəzur isə-Sunik vilayətini əvəz edirdi. Diqqəti çəkən məsələlərdən biri də, bundan sonra ermənilərin daha çox qədim Arsax ərazisini əhatə edən Şuşa qəzasına meyl etmələridir. Günümüz Dağlıq Qarabağ vilayətinin yerində qurulan, ərazisi 4.9 min km2 olan Şuşa qəzasında əvvəllər sayıları çox az olan ermənilər, planlı bir şəkildə köçərək 1886-cı ildə saylarını 58%-ə qədər çatdıra bilmişdilər.[3]


[1] Altstadt, Audrey, The Azerbaijani Turks: Power and Identity under the Russian Rule (Hoover Institution Press, 1992), p. 59.

[2] a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), ss. 118-126-211-212.

[3] a.k.ə. Mahmudov, Ceyhun (2010), s. 564.