Rusiya imperiyası Qarabağı işğal etdikdən sonra onun inzibati-ərazi bölgüsünü yenidən necə qurdu?

Şimali Azərbaycan xanlıqları XIX əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirildikdən sonra tədricən ləğv edilərək əyalət və dairələrə çevrildi. Bu dövrdə Azərbaycanda 6 əyalət: Bakı (1808), Quba (1810), Şəki (1819), Şirvan (1820), Qarabağ (1822) və Lənkəran (1826), həmçinin Yelizavetpol dairəsi (1804), Car-Balakən vilayəti (1830), habelə Qazax (1812) və Şəmşəddil (1812) distansiyaları təşkil olundu.[1] Əyalət və dairələrin başında komendant dururdu. Bu vəzifəyə adətən mayor və daha yüksəkrütbəli zabitlər təyin edilirdi. Buna görə də 1841-ci ilə qədər tətbiq edilən bu idarəetmə forması tarixə komendant idarə üsulu kimi daxil olmuşdur. Rusiya komendat idarə sistemini yaratmaqla Azərbaycanda əvvəllər mövcud olmuş dövlətçilik ənənələrini ləğv etməyə çalışırdı.

Qeyd edək ki, 1830-cu illərdə Azərbaycanda bu komendant quruluşuna qarşı çoxsaylı üsyanlar baş vermişdi ki, bu üsyanların əsas məqsədi Rusiya imperiyasının bölgədəki siyasətini dayandırmaq idi. Bu üsyanlar amansızlıqla yatırılsa da, onları doğuran ictimai-iqtisadi və siyasi səbəblər qalmaqda idi.[2] Buna görə də Rusiya imperiyası növbəti üsyanların qarşısını almaq üçün 1830-cu illərin sonunda komendant sistemini mülki idarə ilə əvəz etmək planı qəbul etdi. Beləliklə, 22 aprel (Y.T. 10 aprel) 1840-cı ildə çar I Nikolay Zaqafqaziya üçün 13 yanvar (Y.T. 1 yanvar) 1841-ci ildən qüvvəyə minəcək inzibati islahat qanununun qəbul edilməsinə razılıq verdi.[3] Nəticədə Cənubi Qafqaz mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şama­xı olan Xəzər vilayətinə bölündü.[4] Bundan başqa, Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti qəza və dairələrə bölünürdü. Çar imperiyasının bu “islahatı” “Zaqafqaziya vilayətinin idarəsinin yaradılması” adlanırdı. O, quberniyalarda məhkəmələr, qəzalarda, dairələrdə, vilayətlərdə və quberniya mərkəzlərində isə magistratura məhkəmələri yaratmaqla və bölgəni ümumi mülki imperiya idarəsinə tabe etməklə komendant sisteminə son qoymağı qarşısına məqsəd qoymuşdu. Bundan başqa, Yelizavetpol (Gəncə) və Naxçıvanın Gürcüstan quber­niyası tərkibinə daxil edilməsi ilə Gürcüstan-İmeretiya quberniyası ilə Xəzər vilayəti arasında sərhəd çəkilmiş oldu.

1846-cı ilin dekabrında Cənubi Qafqazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quber­niyaları təşkil edildikdən və yeni inzibati sərhədlər müəyyən edildikdən sonra Çar imperiyasının inzibati hüquq sistemində növbəti inzibati dəyişikliklər və təmərküzləşmə edilmiş oldu. Bu bölgülərə əsaslanaraq Gəncə və Naxçıvanın idarəsi Tiflis quberniyasına verildi. 1849-cu ildə Naxçıvanın da daxil olduğu yeni İrəvan quberniyası yaradıldı. 1859-cu ildə Şamaxı şəhəri zəlzələ nəticəsində dağıldı. Ona görə də Bakı quberniyanın yeni mərkəzi oldu və onun adı dəyişdirilərək Bakı quberniyası oldu. Cənubi Qafqazın bu yeni inzibati bölgülərinin heç biri nə tarixi presedentləri, nə etnik tərkibi, nə də bölgədə yaşayan insanların istəklərini nəzərə almırdı.[5] Bu dövrdə Şimali Azərbaycanın böyük hissəsi yeddi qəzadan, yəni Şirvan, Şuşa (Qarabağ), Şəki, Lənkəran, Bakı, Dərbənd və Qubadan ibarət Xəzər vilayətinin tabeliyinə keçdi.  

Artıq qeyd edildiyi kimi, yeni inzibati bölgüyə görə əvvəlki Qarabağ xanlığının bütün torpaqlarını əhatə edən Şuşa qəzası 1841-ci ildə Xəzər vilayətinin tərkibində ayrıca inzibati vahid kimi yaradılmışdır. Şuşa şəhəri qəza mərkəzi idi. Şuşa qəzası Cavanşir, Cəbrayıl və Zəngəzur nahiyələrinə bölünürdü. 1846-cı ildə Şuşa qəzası Şamaxı quberniyasının tərkibinə daxil oldu. 1859-cu il zəlzələsindən sonra Şamaxı quberniyası Bakıya köçəndə Şuşa qəzası Bakı quberniyası, 1868-ci ildə isə Gəncə quberniyası tərkibinə daxil edilmişdir. Qarabağın tarixi ərazisini əhatə edən Şuşa qəzası ərazisində dörd qəza yarandı: Şuşa, 1874-də Zəngəzur, 1883-cü ildə isə Cavanşir və Cəbrayıl (sonralar Qaryagin).[6] Bu inzibati bölgü erkən orta əsrlərdə Qafqaz Albaniyasının Kürdən cənubda yerləşən tarixi Qarabağ torpaqlarıyla demək olar ki, üstüstə düşürdü. Belə ki, tarixi Qarabağ ərazisində Cavanşir-Uti vilayətini, Şuşa-Artsax vilayətini, Cəbrayıl-Paytakaran vilayətini, Zəngəzur isə Sünik vilayətini əvəz edirdi. Diqqəti çəkən məsələlərdən biri də, ermənilərin daha çox Şuşa qəzasına meyil etmələridir. Keçmiş Dağlıq Qarabağ Vilayətinin ərazisində qurulan Şuşa qəzası 4,9 min km2 sahəni əhatə edirdi. 1886-cı ildə Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində Şuşa qəzası əhalisinin 58 faizini ermənilər təşkil edirdi, halbuki XIX əsrin əvvəllərində bu rəqəm Qarabağın bütün əhalisinin 10 faizindən də az idi.[7]


[1] a.k.ə. Azərbaycan tarixi. – c. 4. – 2007. – s. 78

[2] Məmmədov, İ. Azərbaycan tarixi. – Bakı: Adiloğlu. – 2005. – s. 313

[3] Полное собрание законов Российской империи. Собрание 2-е. – 1841. – т. XV. – с. 13368

[4] Məmmədov, İ. Azərbaycan tarixi. – s. 313

[5] Altstadt, A. The Azerbaijani Turks: Power and Identity under the Russian Rule. – Hoover Institution Press. – 1992. – s. 59.

[6] a.k.ə. Azərbaycan tarixi. – c. 4. – s. 118, 126, 211–212.

[7] a.k.ə. Mahmudov, C. Karabağ’ın Etnik Yapısının Oluşumuna Tarihsel ve Demografik Bakış. – s. 564.