Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2008-ci il martın 14-də özünün 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 62/243 saylı Qətnaməsini qəbul etdi.[1] Qətnamə lehinə-39, əleyhinə-7 və 10 bitərəf səslə qəbul edildi.[2] Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Ağdam, Zəngilan rayonları və Horadiz şəhərini işğal etdikdən sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 20 aprel 1993-cü il tarixli 822 (1993) saylı, 29 iyul 1993-cü il tarixli 853 (1993) saylı, 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı və 12 noyabr 1993-cü il tarixli 884 (1993) saylı Qətnamələrinə istinad edərək, Baş Assambleya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində davamlı olaraq güclü dəstək verdiyini təsdiq edir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında gedən silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi sual altına atması ilə bağlı öz ciddi narahatlığını bildirir.
Baş Assambleya həmçinin bu qətnamə ilə işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz evlərinə qayıtmaq hüququna malik olduqlarını bir daha təsdiq edir və heç bir dövlətin Azərbaycan ərazilərinin işğalı nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyəti qanuni hesab etməməli və bu vəziyyəti belə saxlamaqda köməklik göstərməməli olduğunu vurğulayırdı.[3]
Qeyd etmək lazımdır ki, 62/243 saylı Qətnamə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin 5-ci sənədi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş ilk sənəddir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş əvvəlki 4 qətnamədə “Dağlıq Qarabağ ermənilərinin” hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş bölgələrindən çıxarılmasının göstərilməsinə baxmayaraq, burada Ermənistan Respublikasının hərbi qüvvələri qeyd edilməmişdir.[4]
Lakin, 62/243 saylı Qətnamə Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən erməni qüvvələrinin tamamilə çıxarılmasını tələb edir və Azərbaycan Respublikası daxilində səmərəli demokratik özünüidarə sistemi qura biləcək Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan erməni və azərbaycanlı icmaları üçün normal, təhlükəsiz və bərabər yaşam tərzinin təmin edilməsi zərurətini qəbul edirdi. Burada xüsusi diqqət “erməni qüvvələri” və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ rayonu” ifadələrinə verilməlidir, bununla BMT Baş Assambleyası Ermənistanı Azərbaycan ərazilərini işğal edən təcavüzkar dövlət kimi qəbul etdiyini və Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi qəbul etdiyini göstərir.
Nəhayət, BMT Baş Assambleyasının 62/243 saylı Qətnaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərən beynəlxalq vasitəçilərə, xüsusilə də, problemləri beynəlxalq qanunların norma və prinsiplərinə uyğun olaraq həll etməyə çalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə öz minnətdarlığını bildirir.[5]
[1] United Nations General Assembly, “Resolution 62/243”, 14 March 2008.
[2] General Assembly calls for removal of Armenian forces from Nagorno-Karabakh”, UN News Centre, 14 March 2008;http://www.un.org/apps/news/story.asp/html/story.asp?NewsID=25986&Cr=general&Cr1=assembly#.UrhwLbuxSRJ). Accessed on December 3, 2022.
[3] a.k.ə. “Resolution 62/243”
[4] UN Security Council, “Resolutions 822, 853, 874, & 884”.
[5] a.k.ə. “Resolution 62/243”