Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb hüquqi aspektlərindən biri “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunudur ki, öz separatçı fəaliyyətini əsaslandırmaq üçün erməni tərəfi bu addımın hüquqi əsası qismində ona istinad edir. Ermənistan əmindir ki, 3 aprel 1990-cı il Sovet Qanunu, xüsusilə də, onun “1, 3, 4, 6, 7, 8, 12 və 19-cu maddələri hər hansı Sovet Respublikasının SSRİ-dən ayrılmasını, həmin respublikanın ərazisində muxtar vilayətə öz müstəqillik prosesinə başlamasını” nəzərdə tuturdu.[1]
Əslində isə, bu qanun İttifaq respublikaları ilə müzakirə olunmadan hazırlanaraq qəbul edilmişdi və Sovet İttifaqının çökməsi ərəfəsində dağılmaqda olan dövlətin rəhbərləri imperiyanın parçalanmasının qarşısını almaq məqsədilə strategiya tapmağa çalışaraq ayrılmağa imkan verməmək üçün bu qanunu təklif etmişdilər.[2] Bundan əlavə, Qanun o zaman hələ də ölkənin ali qanunu olan 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının 72 və 78-ci maddələrinə zidd olduğu üçün qeyri-qanuni hesab edilməlidir. 78-ci maddəyə görə, İttifaq respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikaları arasında sərhədlər respublikaların qarşılıqlı razılığı ilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən baxıldıqdan və ratifikasiya edildikdən sonra dəyişdirilə bilər.[3] Buradan aydın görünür ki, 1990-cı il 3 aprel Sovet Qanunu birbaşa Konstitusiyanın 78-ci maddəsinə ziddir. Ona görə ki, qanunda muxtar vilayətin ayrılması ilə bağlı müttəfiq respublikanın razılığı barədə heç nə deyilməmişdir.
Bundan əlavə, DQMV erməniləri müstəqilliklərini elan etməklə 1990-cı il 3 aprel Sovet Qanunun əhalinin 2/3 hissəsinin iştirakı ilə referendum keçirilməli, referendumdan sonra nəticələr İttifaq dövləti tərəfindən təsdiq olunaraq müzakirə edilmək üçün Moskvaya göndərilməli olması qeyd edilən 6 və 7-ci maddələrini pozmuşdur.[4] Əslində, DQMV-nin Azərbaycan əhalisi referendumda iştirak etməmiş və nəticələri isə təsdiqlənməsi üçün Azərbaycana göndərilməmişdir.
Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, belə nəticəyə gəlinir ki, “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu Konstitusiyaya zidd idi və qanunsuz hesab olunmalıdır. Buna görə də, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etməsi qeyri-qanunidir.
[1] a.k.ə. Avakian, Shahen (2010), p. 33.
[2] a.k.ə. Baguirov, Adil (2008), p. 10
[3] “Article 78”, The Constitution of USSR, 1977.
[4] Закон СССР, “О порядке решения вопросов, связанных с выходом союзной республики из СССР”, № 1409-1 от 3 апреля 1990 года, Стати: 6 и 7