BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi Təhlükəsizlik Şurasının 3292-ci iclasında 1993-cü il oktyabrın 14-da yekdilliklə qəbul edilmişdi. Bu qətnamə ATƏM-in Minsk qrupu sədrinin Dağlıq Qarabağ məsələsi barədə Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı (S/26522) 1 oktyabr 1993-cü il tarixli məktubuna əsaslanırdı. Təhlükəsizlik Şurasının bu qətnaməsində də 30 aprel 1993-cü il tarixli 822 saylı qətnamə və 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrində nəzərdə tutulmuş mesajlar öz əksini tapırdı. 822 və 853 saylı qətnamələrin təsdiqindən sonra, 874 saylı qətnamədə də Təhlükəsizlik Şurası regionda sülh və təhlükəsizliyi, habelə beynəlxalq sərhədlərin toxunulmazlığını sarsıdacaq, qüvvələrdən istifadə etməklə ərazi əldə edilməsinin qəbuledilməzliyini təhlükə altına atacaq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin inkişafı ilə bağlı öz narahatçılığını ifadə edirdi. Qətnamədə həmçinin münaqişə tərəfləri ATƏM-in Minsk Qrupuna dəstək məqsədilə Rusiya Federasiyası Hökumətinin köməyi ilə həyata keçirilən birbaşa təmaslar nəticəsində əldə edilmiş atəşkəs rejiminə riayət etməyə çağırırdı. Şura Baş katibdən, ATƏM-in sədrindən və ATƏM-in Minsk konfransının sədrindən “Minsk prosesinin gedişatı, regiondakı vəziyyət haqqında və bu baxımdan ATƏM-in BMT ilə hazırkı və gələcək əməkdaşlığı haqqında məlumat vermələrini” xahiş edirdi.[1] Qeyd etmək lazımdır ki, 874 saylı qətnaməni qəbul edərkən Təhlükəsizlik Şurası regionda sülh və təhlükəsizliyi təmin etmək haqqında BMT Nizamnaməsinin 6-cı fəslinin 34-cü maddəsinə əsasən öz səlahiyyətindən istifadə edirdi.[2]
Sülh prosesini dəstəklədiyini bir daha bildirərək Təhlükəsizlik Şurası “tez bir zamanda qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını, eləcə də rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun yenilənmiş qrafikində nəzərdə tutulmuş qarşılıqlı və təcili tədbirlərin dərhal həyata keçirilməsini” tələb edirdi.[3] “Human Rights Watch”a görə Ermənistan təkliflə razılaşmış, Qarabağ rəsmiləri isə cavabı yubandırmışdırlar. Azərbaycan tərəfi isə Minsk qrupu tərəfindən hazırlanmış və “Azərbaycanın işğal olunmuş ərazilərindən Qarabağ erməni silahlı qüvvələrinin çıxarılmasını Azərbaycanın Ermənistan üzərində embarqosunun aradan qaldırılması ilə əlaqələndirən” “Yenilənmiş qrafiki” rədd etmişdi. Azərbaycan hökuməti “məğlub tərəf” kimi davranılması ilə bağlı öz narahatlığını bildirirdi”.[4]
Əvvəldə qeyd edildiyi kimi, 874 saylı qətnamənin konteksti Azərbaycanın Kəlbəcər və Ağdam rayonlarının işğalından sonra qəbul edilmiş əvvəlki qətnamələrlə eynidir. Qətnamə problemi hələ də Azərbaycan və Dağlıq Qarabağ arasında baş verən münaqişə kimi işıqlandırır və Ermənistan Respublikasını təcavüzkar dövlət kimi tanımırdı. Digər tərəfdən, mübahisəli haldır ki, coğrafi cəhətdən DQMV-nin hüdudlarından kənarda yerləşən Azərbaycanın iki müxtəlif rayonu Kəlbəcər və Ağdamın işğalından dərhal sonra qəbul edilmiş əvvəlki qətnamələrdən fərqli olaraq 874 saylı qətnamədə 1993-cü ilin avqust–oktyabr aylarında Azərbaycanın digər işğal edilmiş üç rayonu haqqında heç bir söhbət açılmırdı. Bununla belə, işğal olunmuş rayonların adı 822 və 852 saylı qətnamələrdə də qeyd edilmişdi.
BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Kəlbəcər və Ağdam rayonlarından dərhal çıxarılmasını tələb edən 822 və 853 saylı qətnamələrinə baxmayaraq, erməni silahlı qüvvələri Dağlıq Qarabağın cənubunda yerləşən Azərbaycanın digər üç rayonunu 1993-cü ilin avqust-oktyabr aylarında işğal etmişdi.[5] 1993-cü il iyulun 23-də Ağdamın işğalından dərhal sonra erməni silahlı qüvvələri Azərbaycanın cənub-qərb rayonlarına, yəni Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına keçidi təmin edən geosiyasi yerinə görə hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən Füzuli rayonuna hücum etdi. Əgər bu quru zolaq Azərbaycanın əlində olsaydı, Ermənistan iki cəbhədə mübarizə aparmalı olacaqdı.[6] Buna görə də Ermənistan bütün gücünü bu bölgədə səfərbər etmişdi. Nəticədə, 1993-cü il avqust ayının 23-də erməni silahlı qüvvələri Füzuli və Cəbrayılı, avqustun 31-də isə Qubadlını işğal etdi.[7] DQMV-nin hüdudlarından kənarda yerləşən böyük bir ərazisini işğal etdiyinə görə Azərbaycanın Ermənistanı ittiham etməsinə baxmayaraq, Ermənistan tərəfi bu rayonların Ermənistan silahlı qüvvələri tərəfindən deyil, Dağlıq Qarabağ erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu iddia edirdi.[8] Lakin “Human Rights Watch”a görə “1993-cü ilin avqust ayında Qarabağ ermənilərinin hücumu zamanı Ermənistan Respublikası qoşunlarının da bu hücuma cəlb edildiyi haqqında bir sıra hesabatlar var. Bu silahlı qüvvələrin insan haqlarını ciddi şəkildə pozmasına dair məruzələr edilmişdir”.[9]
Ermənistan tərəfi bu rayonların işğalına bu regionlarda düşmən tərəfindən onlara qarşı yönəlmiş top atəşindən özlərini müdafiə etmək bəhanəsi ilə bəraət qazandırırdılar. Bununla belə, onlar bu geniş strateji əhəmiyyətli əraziləri demək olar ki, heç bir müqavimət olmadan ələ keçirmişdilər. Bununla əlaqədar olaraq Tomas de Vaal yazırdı: “Ermənilər bütün hücumlarından öncə ciddi təbliğat kampaniyası apararaq, güclü müdafiə olunan mövqelərə qarşı özlərini müdafiə etdiklərini iddia edirdilər. Əslində, əksər hallarda azərbaycanlılar qaçdıqdan sonra onlar boş şəhər və kəndlərə girirdilər.”[10] Hücumlar zamanı regiona səfər edən qərb diplomatları Azərbaycanın müdafiəsini “sıfır” adlandırmışdı: “ermənilərin regionu necə işğal etməsi deyil, nə zaman işğal etməsi əsas məsələ idi”.[11]
Bu üç rayonun işğalı zamanı erməni silahlı qüvvələri məcburi köçkünlük, fərq qoyulmadan atəş açılması, girovların götürülməsi, yanğınların törədilməsi və talanların edilməsi də daxil olmaqla sistematik şəkildə bir sıra qanun pozuntusuna yol vermişdilər.[12] İşğal nəticəsində Laçın, Kəlbəcər və Ağdam rayonlarından mülki əhali axınından sonra Azərbaycanda növbəti böyük qaçqın böhranı yarandı. Füzulidən 133.725 nəfər, Cəbrayıldan 58.834 nəfər, Qubadlıdan 31.276 nəfər olmaqla on minlərlə mülki vətəndaş köçkün düşdü.[13]
Azərbaycanın cənub rayonlarının işğalından sonra İran erməni təcavüzünü pisləyib onların işğal olunmuş rayonlardan dərhal çıxarılmasını tələb etmişdi. İranın xarici işlər naziri isə vurğulamışdı ki, Tehran “İran sərhədləri boyunca artan iğtişaşlar qarşısında səssiz qalmayacaqdır”.[14] Türkiyə də Azərbaycana qarşı Ermənistanın təcavüzünə reaksiya göstərdi. “New York Times” Türkiyənin Baş naziri Tansu Çillərin ermənilərin türklərin etnik qardaşı olan azərbaycanlılara qarşı “təcavüzlərini” davam etdirəcəkləri təqdirdə Türkiyənin “qolu bağlı oturmayacağını” deyərək Ermənistana xəbərdarlıq etdiyini bildirmişdi. [15] Rusiya da “Azərbaycanın artıq təhlükə olmadığını və zorakılığa daha ehtiyac qalmadığını bildirərək” hərbi əməliyyatların dayandırılmasını tələb etmişdi.[16] Rusiya hökuməti 31 avqust tarixində münaqişə tərəfləri arasında atəşkəs sazişinin imzalanmasına vasitəçilik etmişdi.[17]
Üç cənub rayonun işğalı ilə bağlı Azərbaycan da BMT-yə məktub göndərmiş və nəticədə Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də regiondakı vəziyyətə dair ümumi fikirləri ifadə edən 874 saylı qətnaməni qəbul etmişdi. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün bu cəhdləri yenidən “boş” hesab edərək, Azərbaycanın Zəngilan rayonu istiqamətində hücumunu gücləndirdi. Əvvəlki iki qətnamədə olduğu kimi, “Təhlükəsizlik Şurasının çağırışı qısa müddət sonra, oktyabrın sonlarında Azərbaycan-İran sərhədi boyunca döyüşlərin yeni raundu başlayanda sınaqdan keçirildi.”[18]
[1] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, “874 saylı Qətnamə”, s/RES/874, 14 oktyabr 1993-cü il.
[2] a.k.ə. Sadigbeyli, R. – 2009. – s. 366.
[3] a.k.ə. 874 saylı Qətnamə.
[4] a.k.ə. Human Rights Watch. – 1994. – s. 39. Həmçinin bax: Mamedov, Sokhbet, “Azerbaijan does not Consider Itself the Defeated Side”, Izvestiya, Moscow, 20 oktyabr 1993-cü il. – s. 2.
[5] Babanly, Yusif, “Fizuli, Jabrayil and Qubadli, the Unfortunate History of War”, The Journal of Turkish Weekly, 27 avqust 2011-ci il; (http://www.turkishweekly.net/op-ed/2866/fizuli-jabrayil-and-qubadli-the-unfortunate-history-of-war.html). İstifadə tarixi: 3 dekabr 2022-ci il.
[6] a.k.ə. Cornell, S.E. (2001. – s. 90–91.
[7] a.k.ə. Babanly, Yusif. – 2011.
[8] “U.N. Demands Armenians Give Up Conquests,” The New York Times, 19 avqust 1993-cü il; http://www.nytimes.com/1993/08/19/world/un-demands-armenians-give-up-conquests.html. İstifadə tarixi: 3 dekabr 2022-ci il.
[9] a.k.ə. Human Rights Watch. – 1994. – s. 30.
[10] a.k.ə. De Waal, T. – 2003. – s. 215.
[11] “Caucasus City Falls to Armenian Forces”, The New York Times, 24 avqust 1993-cü il; (http://www.nytimes. com/1993/08/24/world/caucasus-city-falls-to-armenian-forces.html). İstifadə tarixi: 10 noyabr 2013-cü il.
[12] a.k.ə. Human Rights Watch. – 1994. – s. 29.
[13] “Profile of International Displacement: Azerbaijan” Global IDP Database of the Norwegian Refugee Council, 25 fevral 2005-ci il. – s. 29.
[14] “Iran Warns Armenians Over Azerbaijan Issue”, The New York Times, 8 sentyabr 1993-cü il.
[15] “Turkey Holds Talks on Caucasus War”, The New York Times, 10 sentyabr 1993-cü il; (http://www. nytimes.com/1993/09/10/world/turkey-holds-talks-on-caucasus-war.html). İstifadə tarixi: 10 noyabr 2013-cü il.
[16] a.k.ə. Migdalovitz, Carol. – 2003. – s. 4.
[17] a.k.ə. Babanly, Yusif. – 2011.
[18] a.k.ə. Croissant, M.P. – 1998. – s. 94.