İkinci Qarabağ müharibəsinədək Ermənistan və Dağlıq Qarabağ erməniləri hesab edirdilər ki, münaqişənin həlli insanların öz müqəddəratını təyinetmə hüququ prinsipinə əsaslanmalıdır və bu prinsip tam müstəqillik formasında olmalıdır. Bundan əlavə, onlar təkidlə bildirirdilər ki, “Azərbaycanın Dağlıq Qarabağ üzərində nə hüquqi, nə siyasi, nə də mənəvi iddia irəli sürməyə əsası yoxdur”.[1] Digər tərəfdən, Azərbaycan iddia edirdi ki, problem Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. O, Dağlıq Qarabağa öz suverenliyi altında beynəlxalq təcrübədə tanınan ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan edirdi.[2]
Münaqişə tərəfləri arasında fikir ayrılığı münaqişənin həllində əsas maneə idi. Hər iki tərəf problemin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan beynəlxalq hüquq prinsipləri əsasında həllini iddia edirdilər. Qeyd etmək lazımdır ki, “öz müqəddəratını təyinetmə” hüququ və “ərazi bütövlüyünə” hörmət bütün sülhsevər dövlətlərin əməl etməli olduğu beynəlxalq hüququn iki əsas prinsipidir. Dağlıq Qarabağın statusu ilə bağlı tərəflərin mövqeyini anlamaq üçün “öz müqəddəratını təyinetmə” prinsipinin tarixi, hüquqi və praktiki baxımdan həyata keçirilməsini təhlil etmək lazımdır.
Tarixdə xalqların öz müqəddəratını təyin etməsi ideyası, xüsusilə Fransa burjua inqilabından sonra “milliyyətçilik” ideologiyası üzərində formalaşmışdır.[3] Bu, ilk dəfə ABŞ prezidenti Vudro Vilson tərəfindən təklif edilmiş[4] və Birinci Dünya Müharibəsinin bitməsindən sonra mübahisəli məsələləri həll etmək üçün təşkil edilən Paris Sülh Konfransında müzakirə edilmişdir. Birinci Dünya Müharibəsindən sonra Çar Rusiyası, Osmanlı, Alman və Avstriya-Macarıstan kimi Avropa imperiyaları dağılmış və Avropanın bir sıra xalqları öz müqəddəratını təyinetmə prinsipinə əsaslanaraq öz müstəqilliyini elan etmişlər.
Öz müqəddəratını təyinetmənin və onun beynəlxalq hüquq normalarına daxil edilməsinin leqallaşdırılması İkinci Dünya müharibəsindən sonra BMT-nin yaradılması ilə mümkün oldu. BMT-nin Nizamnaməsində “öz müqəddəratını təyinetmə”[5] prinsipi ilə bağlı məsələlər ətraflı olaraq qeyd edilməsə də, bu prinsipin əsas anlayışlarını müəyyən edən maddələr Baş Assambleya tərəfindən hazırlanaraq 1966-cı ildə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta daxil edilmişdir.[6] İkinci Dünya müharibəsindən sonra müstəmləkə sisteminin dağılması prosesinin tənzimlənməsi üçün 1960-cı ildə BMT-nin Baş Assambleyası “öz müqəddaratını təyinetmə” hüququnun dərk edilməsi və həyata keçirilməsi ilə bağlı məsələləri də özündə əks etdirən müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni qəbul etmişdi. [7] “Öz müqəddəratını təyinetmə” prinsipinin həyata keçirilməsi təcrübəsi baxımdan, bu ifadənin çox mənaları olduğunu qeyd etmək lazımdır. Həqiqətən, öz müqəddəratını təyinetmə, həmçinin “daxildə müqəddəratın təyin edilməsi”, “asılı ərazilərin xalqlarının öz müqəddəratını təyinetməsi” və “azlıqların öz müqəddəratını təyinetməsi” kimi təsnifatlaşdırılırdı. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqa görə “öz müqəddəratını təyinetmə” ayrılmaq hüququ demək deyil.[8]
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın sovet qanunvericiliyi və mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq öz müstəqilliyini elan etməsini və mövcud beynəlxalq hüquq normalarının Dağlıq Qarabağa tam müstəqillik şəklində öz müqəddəratını təyinetmə imkanı verdiyini iddia edirdi.[9] 1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi Azərbaycandan ayrılmaq üçün referendum keçirərək bunun nəticəsi olaraq 1992-ci ildə öz müstəqilliyini elan etmişdi. Heç bir müstəqil dövlət, hətta Ermənistan tərəfindən de-yure tanınmasa da, İkinci Qarabağ müharibəsinə qədər de-fakto müstəqil dövlət kimi mövcud olmuşdur. Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” öz mövqelərinə haqq qazandırmaq üçün Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmadığını iddia edirdilər. Amma bu, bir faktdır ki, Müttəfiq Dövlətləri təmsil edən general V. Tomson 1918-ci ildə Bakıya daxil olarkən Qarabağ və Zəngəzuru Azərbaycanın inzibati-idarəçilik strukturuna daxil olan ərazilər kimi tanımışdı.[10] Bundan başqa, 1919-cu ildə Qarabağın Erməni Assambleyası da Azərbaycanın hakimiyyətini rəsmən tanımışdı.[11]
Ermənistanın digər bir arqumenti DQMV-nin erməni əhalisinin öz müstəqilliyini elan etməsinə imkan verən “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunudur.[12] Lakin Sovet Konstitusiyasının 78 maddəsində göstərilir ki, müttəfiq respublikaların sərhədləri yalnız ittifaq dövlətlərinin qarşılıqlı razılığı əsasında SSRİ hökumətinin bunu qəbul etməsindən sonra dəyişdirilə bilər.[13] Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya onun Azərbaycanın tərkibindən çıxmasına dair Azərbaycan tərəfindən hər hansı bir razılıq olmadığından erməni iddialarının heç bir hüquqi əsası yoxdur.
Mövcud beynəlxalq hüquq normaları da erməni əhalisinin Azərbaycandan ayrılmaqla tam müstəqil olaraq öz müqəddəratını müəyyən etməsinə imkan vermir. Yuxarıda qeyd olunduğu kimi, müstəqillik hüququ müstəmləkə altında olan xalqlara öz müqəddəratını təyin etmək üçün verilib. Bundan başqa, təcrübədən məlumdur ki, müstəqilliklə öz müqəddəratını təyinetmə hüququ ayrı-seçkiliyə məruz qalmış etnik qruplara verilə bilər. Amma Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın müstəmləkə hakimiyyəti altında yox, Azərbaycan SSR daxilində muxtariyyət statusuna malik olan etnik azlıqlardan biri olması fakt idi. [14] Bununla bağlı erməni tərəfi DQMV-də yaşayan etnik ermənilərin ayrı-seçkiliyə məruz qaldığını iddia edirdi. Lakin ayrı-seçkilik faktlarını sübut edən heç bir real dəlil yox idi. Bundan əlavə, Azərbaycan insan hüquqları və azlıqların hüquqlarının qorunması üzrə beynəlxalq konvensiyalara qoşulduğundan bu normalar 1995-ci ildə qəbul edilmiş konstitusiyasına da daxil edilmişdi. Azərbaycan Respublikasının konstitusiyası öz vətəndaşlarının bərabərliyini tanıyır. Konstitusiyada qeyd edilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq vətəndaşı olan şəxsin hüquq və azadlıqları məhdudlaşdırıla bilməz.[15] Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin bu prinsipin daxili ölçülərinə əsaslanaraq öz müqəddəratını təyin etmək hüququnu qəbul etmişdi. Bununla bağlı rəsmi Azərbaycan regiona beynəlxalq təcrübədə mövcud olan ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan etmişdi. [16]
Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqa əsasən “öz müqəddəratını təyinetmə” ayrılmaq hüququ demək deyil. Üstəlik, BMT Təhlükəsizlik Şurası da “öz müqəddəratını təyinetmə” hüququnu ayrılma hüququ olmadığını qəbul edir.[17] Beynəlxalq hüquq dövlətlərin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü müdafiə etdiyindən etnik qrupların öz müqəddəratını təyinetmə iddiaları dövlətlərin sərhədləri daxilində həyata keçirilməlidir. Əslində, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri daxilində tanınıb. Bundan başqa, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və bir sıra digər beynəlxalq sənədlər də Azərbaycanın ərazi bütövlüyünü təsdiq edib. Buna görə də Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ yalnız Azərbaycanın sərhədləri çərçivəsində mümkün idi. Lakin Ermənistanın münaqişənin sülh yolu ilə həllinə destruktiv yanaşmasının bilavasitə nəticəsi olan İkinci Qarabağ müharibəsinin başlaması ilə bu məfhum öz etibarını itirdi.
[1] “Azerbaijan has neither legal, nor political, nor moral grounds for its claims over NK,” Panaroma | Armenian News, 2 dekabr 2010-cu il; https://www.panorama.am/en/news/2010/12/02/sargsyan-speech-astana/1021098. İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[2] Izzet, “Head of State Committee”.
[3] Hroch, Miroslav, “National Self-Determination from a Historical Perspective”, Canadian Slavonic Papers/ Revue Canadienne des Slavistes, Vol. 37, No. 3–4, sentyabr–dekabr 1995-ci il. – s. 283.
[4] Van Dyke, Vernon, “Self-Determination and Minority Rights,” International Studies Quarterly, Vol. 13, No. 3, 1969. – s. 223.
[5] Van Dyke, Vernon, “Self-Determination and Minority Rights”, International Studies Quarterly, Vol. 13, No. 3, sentyabr 1969-cu il. – s. 223.
[6] “Article 1”, International Covenant on Civil and Political Rights, 1966.
[7] “Declaration on the Granting of Independence to Colonial Countries and Peoples”, The United Nations and Decolonization, 14 dekabr 1960-cı il; (http://www.un.org/en/decolonization/declaration.shtml). İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[8] Borgen, C.J., “Is Kosovo a precedent? Secession, Self-determination, and Conflict Resolution, Wilson Center; (http://www.wilsoncenter.org/publication/350-kosovo-precedent-secessionself-determination-and-conflict-resolution). İstifadə tarixi: 5 dekabr 2022-ci il.
[9] a.k.ə. Avakian S. – 2010. – s. 25.
[10] “Cornell. Azerbaijan Since Independence. – s. 27.
[11]Swietochowski, T. Russia and Azerbaijan: A Borderland in Transition. – Columbia University Press. – 1995. – s. 75–76.
[12] “Law on Procedures for Resolving Questions Related to the Secession of Union Republics from the USSR (3 aprel 1990-cı il)”, in Hurst Hannum ed., Basic Documents on Autonomy and Minority Rights (Martinus Nijhoff Press, 1993. – s. 753–760.
[13] Maddə 78, SSRİ Konstitusiyası, 1977.
[14] Borgen. Is Kosovo a precedent?.
[15] Maddə 24, Azərbaycan Respublikasının Konstitusiyası.
[16] Tchilingirian, H. Nagorno Karabakh: transition and the elite”, Central Asian Survey, 1999, Vol. 18 (4). – s. 448.
[17] a.k.ə. Van Dyke, V. – 1969. – s. 236.