1988-ci il fevralın 28-də Sumqayıt hadisələri baş verdi və bu 32 nəfərin – 26 erməni, 5 azərbaycanlı və 1 ləzginin ölümü ilə nəticələndi.[1] Erməni tərəfi “Sumqayıt” hadisəsini ermənilərə qarşı azərbaycanlılar tərəfindən törədilmiş qırğın kimi təqdim edərək, onu o vaxtkı Azərbaycan hökumətinin təşkilatçılığı ilə ölkədə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində baş verdiyini iddia edirdi. Digər tərəfdən, Azərbaycan “Sumqayıt hadisə”sinin DQMV-nin Ermənistana birləşməsinə haqq qazandırmaq üçün Moskva və Ermənistanın xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı ilə təşkil olunduğuna əmin idi.[2]
İlk növbədə qeyd etmək vacibdir ki, “Sumqayıt hadisə”ləri Dağlıq Qarabağ münaqişəsi kontekstində təhlil edilməlidir. Ona görə ki, Sumqayıtda baş verən hadisələr Qarabağ münaqişəsinin kəskinləşməsi prosesində baş vermişdi və azərbaycanlılarla ermənilər arasında icmalar-arası gərginliyin yeganə səbəbi idi. Həqiqətən, hadisələrə qədər ermənilər Dağlıq Qarabağla bağlı artıq öz tələblərini irəli sürmüşdülər. Xankəndində (Stepanakertdə) və İrəvanda erməni əhalinin böyük əksəriyyətinin iştirakı ilə siyasi nümayişlər davam etməkdə idi. Bu hadisələr nəticəsində yaranan icmalararası toqquşmalarda iki azərbaycanlı öldürülmüş, azərbaycanlıların Ermənistandan deportasiyasına başlanılmış və qaçqınların ilk dalğası Azərbaycana gəlmişdi. Əlbəttə, hökumətin ört-basdır etmə siyasətinə baxmayaraq, Azərbaycan cəmiyyəti və Ermənistandan deportasiya olunan zaman zorakılığa məruz qalaraq Sumqayıtda məskunlaşan qaçqınların ilk dalğası Dağlıq Qarabağdakı vəziyyətdən xəbərdar idi. Aydındır ki, bu, cəmiyyətdə gedən proseslərə qarşı mənfi münasibətin formalaşmasını gözləmək olardı.
Həqiqətən, Ermənistandan gələn həmin qaçqınların əksəriyyəti 1950-ci ildə salınmış, Sovet İttifaqının kimya sənaye mərkəzlərindən biri olan, xeyli erməni əhalinin yaşadığı Sumqayıt şəhərində yerləşdirilmişdi. Bundan başqa, şəhərin digər xarakterik xüsusiyyəti o idi ki, o zamana kimi şəhər “sovet cəmiyyətinin ən aşağı təbəqəsi” – cinayətkarlar və keçmiş məhbuslarla doldurulmuşdu.[3] Nəticədə, məhz bu faktlar bu şəhərdə hadisələrin başlanmasının mühüm elementləri hesab edilirdi.
Hadisə 1988-ci il fevralın 26-da Ermənistanda azərbaycanlılara qarşı zorakılığa və ermənilərin Dağlıq Qarabağ iddialarına etiraz əlaməti olaraq şəhərin mərkəzi meydanında nümayiş ilə başlamışdır. Fevralın 28-də provokasiya nəticəsində bu proses yalnız ermənilərin deyil, həm də azərbaycanlıların ölümünə səbəb olan zorakılıqla davam etmişdir. Olduqca maraqlı faktdır ki, hadisələr zamanı polis və digər təhlükəsizlik qüvvələri zorakılığı dayandırmaq üçün nəinki heç bir səy göstərmir, əksinə onun daha da artmasına imkan verirdilər. Bu hadisələrdən sonra icmalar arasında münasibətlər bir də normallaşa bilmədi.
Sonralar, hadisələri təşkil edən qrup həbs olunan zaman əksəriyyətinin keçmiş məhbuslar olduğu, hadisələr zamanı beş ermənini öldürən qrup başçısı Eduard Qriqoryanın isə məhz erməni olması aşkara çıxdı.[4] Sumqayıt hadisələri ilə bağlı Azərbaycan tərəfi isə belə bir versiya üzərində israrlı idi ki, bu hadisələri Ermənistan təşkil edib və Eduard Qriqoryan bu sui-qəsdin parlaq sübutudur.[5] Azərbaycan tərəfi şübhələndirən digər bir fakt da hadisələr haqqında məlumatların çox sürətlə yayılması idi. Ən maraqlısı da o idi ki, necə olmuşdusa, bütün xəbər agentlikləri, xüsusilə, xarici agentliklər SSRİ-dən, “Aşkarlıq” siyasəti yeritməsinə baxmayaraq hələ də KİV-ə nəzarət edən bir ölkədən belə tezliklə məlumat əldə edə bilmişdilər.
Qeyd etmək lazımdır ki, hadisələrdən sonra bu iş üçün məsuliyyət daşıyan şəxslər həbs olunaraq Sovet məhkəməsi tərəfindən mühakimə edilmişdilər. Məhkəmə prosesi səksən (80) adamın cinayətə cəlb olunması və bir nəfərin, Əhməd Əhmədovun edam edilməsi ilə bitdi. Lakin, Sumqayıt hadisələrinin hüquqi qiyməti verilsə də, Ermənistan “Sumqayıt hadisə”lərindən ermənilərin azərbaycanlılar tərəfindən təmizləmə faktı kimi istifadə edərək hələ də Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaqda davam edir.
[1] “The start of Garabagh war”, ARRA; (http://www.arra.az/index.php?type=content&cid=24&subid=53). Accessed on November 30, 2013.
[2] “The Beginning of the Conflict”, Ministry of Foreign Affairs of Azerbaijan; (http://www.mfa.gov.az/?la nguage=en&options=content&id=813). Accessed on November 30, 2013.
[3] a.k.ə. De Wall, Thomas (2003), p. 31.
[4] a.k.ə. De Wall, Thomas (2003), p. 42.
[5] Tuncerli, “Dağlık Karabağ Sorunu Kapsamında 1988 Sumgayıt Olayları,” p. 139.