Dağlıq Qarabağ münaqişəsində Qorbaçovun “yenidənqurma” (perestroyka) və “aşkarlıq” (qlasnost) siyasətinin rolu nədən ibarət idi?

1985-ci ildə Mixail Qorbaçov SSRİ-də hakimiyyətə gələndə o, problemlərin ittifaq daxilində həllini təmin etməyi qarşısına məqsəd qoyan “yenidənqurma” və “aşkarlıq” adlı yeni siyasət həyata keçirməyə başladı.[1] O zaman SSRİ və ABŞ hələ dünyanın ən böyük dövlətlərindən biri olaraq qalırdı, amma bu bir fakt idi ki, hərbi xərclərin yüksək olması səbəbiylə ölkənin iqtisadi vəziyyəti get-gedə kəskin dərəcədə pisləşirdi.[2] Qorbaçovun əsas məqsədi iqtisadi məsələləri həll etmək idi. Buna görə də iqtisadi layihələrin həyata keçirilməsi üçün Sovet cəmiyyətində islahatların qaçılmaz olduğunu başa düşürdü. Bu fikirlə də o, demokratikləşmə olmadan “aşkarlıq” və “yenidənqurma”nı həyata keçirməyin çətin olacağını qeyd etdi. Xüsusilə də “aşkarlıq” ölkədə söz azadlığı və çoxpartiyalı sistem təmin olunmaqla demokratiyanı inkişaf etdirmək istəyirdi.

SSRİ-nin demokratikləşmə səylərindən sonra milliyətçi ideologiyalar olduqca fəallaşdı. Beissingerin fikrincə, “aşkarlıq” və “yenidənqurma” illərində milliyətçilik Sovet cəmiyyətində hər hansı digər məsələlərlə müqayisə edilməyəcək qeyri-adi cazibə qüvvəsi hiss edirdi.[3] Lakin, “aşkarlıq” özünün ilkin mərhələlərində güclü milliyətçi komponentləri ehtiva etməmişdi. Sonralar, 1988-ci ildə Ermənistan Qarabağa görə etiraz qaldıranda hökumət ona nəzarət edə bilmədi. Baltikyanı ölkələr, Zaqafqaziya, Ukrayna və Moldovada etnik qrupların səfərbər olunması genişlənmişdi.[4] “Aşkarlığ”a qədər SSRİ-də etnik qruplar arasında gərginliyin olduğu rədd edilirdi. Buna baxmayaraq, “aşkarlıq” siyasəti milliyətçiliyin oyanması üçün motivasiya faktoru idi ki, sonda ölkədəki etnik qruplar arasında uzun müddət dondurulmuş gizli münaqişələri aşkara çıxardı.[5]

Xatırladaq ki, ermənilərin Dağlıq Qarabağ iddiası əslində yeni məsələ deyildi, hətta sovet dövründə də bu bölgədən olan ermənilər vaxtaşırı mərkəzi hökumətdən onları Ermənistana birləşməyi xahiş edirdilər.[6] Qorbaçovun “aşkarlıq” siyasəti isə məqsədlərini həyata keçirmək üçün ermənilərə əlverişli imkan yaratmışdı.

İlk növbədə, SSRİ və Qərb ölkələri arasında münasibətlərin normallaşması erməni diasporaları ilə Ermənistan arasında birbaşa əlaqəyə imkan verdi ki, bu da beynəlxalq aləmdə bu ölkənin mövqeyinin möhkəmlənməsinə səbəb oldu.[7] Bundan əlavə, məsələ ilə bağlı Ermənistanın xeyrinə, lakin Azərbaycan əleyhinə informasiya təbliğatında erməni diasporası çox mühüm rol oynadı.[8] Deyilənlərdən əlavə, münaqişə intensivləşdirildikdən sonra, diaspora Ermənistana yalnız maddi yardım etməklə kifayətlənməyərək həm də onu hərbi silah-sursat və döyüşçülərlə də təchiz etməyə başladı.[9]

SSRİ-də gedən demokratikləşmə prosesi erməni kütləvi informasiya vasitələrinə Dağlıq Qarabağ məsələsinə dair ermənilərin mövqeyini sərbəst ifadə etməyə şərait yaratdı. Bundan əlavə, Qarabağ hərəkatının əsas hərəkətverici amili olan erməni ziyalıları həm yerli, həm də beynəlxalq mətbuatdakı müsahibələrində “tarixi ədaləti” bərpa etmək naminə Qarabağın Ermənistana verilməsinin zəruriliyini vurğulayırdılar. Demokratikləşmədən “ruhlanan” ermənilər ölkə əhalisinin 1/3 hissəsini özündə birləşdirən ekoloji nümayişləri sonra siyasi hərəkata çevirməyə başladılar.[10] Ermənilərin siyasi səfərbərliyi “Qarabağ Komitəsi”, “Krunk”[11] kimi təşkilatların və sonralar Ermənistanın ilk prezidenti olmuş və Qarabağ hərəkatında aparıcı rol oynamış Levon Ter-Petrosyanın təsis etdiyi plan – erməni Ümummilli Hərəkatı kimi siyasi partiyanın yaradılması ilə nəticələndi. Bununla da Qorbaçovun “aşkarlıq” və “yenidənqurma” siyasəti əvvəllər planlaşdırılmış layihələrin həyata keçirilməsində separatçı ermənilər üçün əlverişli şəraitin formalaşmasında həlledici rol oynadı.


[1] Siegelbaum, Lewis, “Perestroika and Glasnost”, Seventeen Moments in Soviet History; (http://www. soviethistory.org/index.php?page=subject&SubjectID=1985perestroika&Year=1985.        are). Accessed on November 29, 2013

[2] Gitomirski, Sasha, “Glasnost And Perestroika”, The Cold War Museum; (http://www.coldwar.org/ articles/80s/glasnostandperestroika.asp). Accessed on November 29, 2013.

[3] Beissinger, Mark R., “Nationalism and the Collapse of the Soviet Communism”, Contemporary European History, Vol. 18 (03), 2009, p. 336.

[4] a.k.ə. Beissinger, Mark R., p. 338.

[5] Horowitz, Shale, “Identities Unbound Escalating Ethnic Conflicts in Post-Soviet Azerbaijan, Georgia, Moldova, and Tajikistan”, in Lobell, L., & Maucery, Philip, ed., Ethnic Conflicts and International Politics in edition of Steven (Palgrave Mac Millan, 2004), p. 54

[6] De Wall, Thomas, Black Garden: Armenia and Azerbaijan Through Peace and War (New York University Press, 2003), p. 16.

[7] Shain, Yossi & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International Organization, Vol. 57, No. 3, Summer, 2003, pp. 468-471

[8] a.k.ə. Shain, Yossi & Barth, Aharon, p. 109.

[9] a.k.ə. De Wall, Thomas, (2003), p. 16.

[10] a.k.ə. De Wall, Thomas (2003), p. 16.

[11] Grigor Suny, Ronald, “Soviet Armenia, 1921-91”, in Herzig, Edmund & Kukchiyan, Marina, ed., The Armenians: Past and Present in the Making of National Identity (Rutledge Curson, 2005), p. 122.