Ermənistan Dağlıq Qarabağ münaqişəsini DQMV-də yaşayan ermənilərin Azərbaycan tərəfindən etnik ayrı-seçkiliyə məruz qalması nəticəsində ortaya çıxmış bir etnik münaqişə kimi təqdim etməyə çalışırdı. Bu mənada Ermənistan münaqişənin dövlətdaxili xarakter daşıdığını iddia edirdi.[1] Digər tərəfdən, Azərbaycan qonşu dövlətin (Ermənistan Respublikası) Azərbaycan Respublikasının tarixi və qanuni ərazisi olan Dağlıq Qarabağa ərazi iddiası irəli sürməyindən dolayı məsələni dövlətlərarası münaqişə olaraq qiymətləndirirdi.[2]
Ümumiyyətlə, dövlətlərarası münaqişə ərazi iddiaları kimi hər hansı bir mübahisəli məsələnin nəticəsində iki dövlət arasında baş verən münaqişədir. Dövlətdaxili münaqişə isə suveren bir dövlətin sərhədləri daxilində müəyyən bir zəmində baş verən münaqişə deməkdir.[3] Münaqişənin dövlətlərarası və ya dövlətdaxili olduğunu müəyyən etmək üçün münaqişənin tərəfləri və onların münaqişəyə cəlb olunması səviyyəsini aydınlaşdırmaq lazımdır. Əslində, sülh danışıqlarındakı dövlətlərin, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin əsas tərəfləri kimi tanınması münaqişənin dövlətlərarası xarakterini açıq-aşkar sübut edən bir dəlildir.[4] Bundan əlavə, elmi ədəbiyyatda Dağlıq Qarabağ münaqişəsi dövlətlərarası bir münaqişə kimi müəyyən edilmişdir. Həmçinin bu münaqişə Fələstin-İsrail, Kəşmir və Qərbi Saxara kimi münaqişələrin aid olduğu kateqoriyaya daxil idi.[5] Ermənistanın hüquqi cəhətdən münaqişənin əsas tərəfi kimi tanınması ilə yanaşı, qonşu dövlətin ərazilərini işğal etməsi onun münaqişədə birbaşa iştirakını sübut edən çoxsaylı faktlardandır.
İlk növbədə qeyd olunmalıdır ki, bu münaqişə Dağlıq Qarabağın erməni əhalisinin Sovet Azərbaycanının ərazisindən ayrılaraq Sovet Ermənistanının ərazisinə birləşmək tələbi nəticəsində başlamışdır.[6] Bu addım rəsmi İrəvan tərəfindən alqışlanmış və Ermənistan Parlamenti Dağlıq Qarabağ ərazisinin özünə birləşdirilməsi barədə qərar qəbul etmişdi.[7] Bundan əlavə, Ermənistan Respublikasının əhalisi də bu ideyanı dəstəkləyərək paytaxt şəhərində nümayişlər təşkil etməklə münaqişə tərəfi kimi mübahisəyə cəlb olunmaq arzularını ifadə etmişdilər.[8] Beləliklə, bu, Ermənistanın münaqişəyə yalnız üçüncü bir tərəf kimi cəlb olunduğunu deyil, əksinə münaqişəni başladan olaraq onun əsas tərəfi olaraq adlandırmağa imkan verir.
İkincisi, müharibə zamanı erməni qoşunları birbaşa döyüşlərdə iştirak etmişlər. Onlar yalnız Dağlıq Qarabağın deyil, Azərbaycanın digər 7 ətraf rayonunun da işğalında həlledici rol oynamışdır.[9] Üstəlik, atəşkəs razılaşmalarından sonra da İkinci Qarabağ müharibəsinə qədər Ermənistan qoşunları regionun təhlükəsizliyini təmin etmək bəhanəsi ilə işğal olunmuş ərazilərdə yerləşməkdə davam edirdi.[10] Lakin Ermənistana belə bir fəaliyyətlə məşğul olmağa icazə verən heç bir beynəlxalq mandat yox idi. Ermənistanın regionda mövcudluğunun yeganə səbəbi işğal olunmuş ərazilərin təhlükəsizliyini təmin etməklə öz milli maraqlarını müdafiə etmək idi. Üstəlik, aydındır ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan Respublikası ilə yüksək dərəcədə inteqrasiya olunmuşdu və onun birbaşa iqtisadi, sosial və siyasi dəstəyi olmadan bir inzibati qurum kimi yaşaya bilməzdi.[11] Bundan başqa, Dağlıq Qarabağ erməniləri Ermənistanın siyasi strukturunda dominant siyasi qrup olaraq dövlətin rəhbər vəzifələrində təmsil olunurdular.[12] Doğrudan da, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqil bir qurum kimi deyil, Ermənistan Respublikasının bir regionu kimi fəaliyyət göstərdiyini iddia etmək olar.
Elmi ədəbiyyatda etnik qrupların dövlətlərarası münaqişələrə cəlb olunması irredentist nəzəriyyənin köməyi ilə izah edilir.[13] Bu nəzəriyyəyə görə “irredentist hərəkatlar, adətən, başqa bir dövlətin ərazisinə, xüsusilə də öz milli qruplarının cəmləşdiyi, bəzən də çoxluq təşkil etdikləri ərazilərə iddia edirlər”.[14] Beləliklə, Dağlıq Qarabağ münaqişəsində etnik erməni problemlərinin olması onun dövlətlərarası xarakterini dəyişmir, belə ki, başqa ölkənin ərazisini ilhaq etmək istəyən dövlət öz təcavüzkar siyasətinə bəraət qazandırmaq üçün etnik qruplarından istifadə edir.[15]
[1] “Armenia”, USDP Conflict encyclopedia, Upsala University; (http://www.ucdp.uu.se/gpdatabase/ gpcountry.php?id=6). İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[2]Svensoon, Isak, “The Nagorno Karabakh Conflict, Lessons From The Mediation Effort”, Crises Management Initiatives, 2009. – s. 9.
[3] Açıkalın, Şuay Nihan, “Inter-state Conflicts as a Security Threat in a Globalized World with the Case of Cyprus”, Humanity and Social Sciences Journal, Vol. 6 (1), 2011. – s. 23.
[4] a.k.ə. Baguirov, A. – 2008. – s. 10.
[5] Crocker, Chester A., et all., “Introduction: Mapping the Nettle Field”, in Crocker, Chester A., et all., ed., Grasping the Nettle: Analyzing Cases of Intractable Conflict. – US Institute of Peace Press, 2007. – s. 13.
[6] a.k.ə. Cornell, S.E. – 1999. – s. 13.
[7] a.k.ə. Fraser, Niall M., et all. – 1990. – s. 659.
[8] a.k.ə. Cornell, S.E. – 1999. – s. 13
[9] Huseynov. Mountainous Karabakh.
[10] “Foreign Ministry: Armenian troops in occupied Azerbaijani territories biggest obstacle to settlement”, Trend; (http://en.trend.az/news/karabakh/2158538.html). İstifadə tarixi: 28 dekabr 2013-cü il.
[11] “Kocharyan: Armenia should not recognize NKR’s independence at this stage,” Panaroma | Armenian News, 12 noyabr 2013-cü il; https://www.panorama.am/en/news/2013/11/12/shavarsh-qocharyan/406743. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[12] De Waal, T. Nagorny Karbakh: Closer To War Than Peace. – Chatham House: Russia and Eurasia Summary. – 25 iyul 2013-cü il; https://www.chathamhouse.org/events/view/193195. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[13] Carment, D. James, P. “Internal Constraints and Interstate Ethnic Conflict: Toward a Crisis-Based Assessment of Irredentism,” The Journal of Conflict Resolution, Vol. 39, No. 1, 1995. – s. 84.
[14] Carment and James, “Internal Constraints and Interstate Ethnic Conflict. – s. 95.
[15] Weiner, M. The Macedonian Syndrome: An Historical Model of International Relations and Political Development,” World Politics, Vol. 23, No. 4, 1971. – s. 665–683.