Dağlıq Qarabağ münaqişəsi etnik, yoxsa ərazi münaqişəsi idi?

Etnik qruplar, xüsusilə titul qrup ilə müəyyən ərazidə yaşayan etnik azlıqlar arasında düşmənçilik yarandığı zaman etnik münaqişə baş verə bilər və bir çox hallarda bu zorakılıqla müşahidə olunur. Birgəyaşayışın çətinliklərindən yaranan problem də etnik münaqişələrə səbəb ola bilər. Bu prosesin gedişində mütəşəkkil siyasi hərəkat, kütləvi həbslər, separatçı hərəkətlər və vətəndaş müharibəsi müşahidə olunur.[1] Etnik münaqişə kimi təsnif olunan münaqişələr daha mürəkkəb xarakter daşıyır. Etnik münaqişə olduğu hesab edilən çoxsaylı hallar da var ki, əslində, onlar etnikdən daha çox siyasi münaqişələrdir.[2] İnstitusional nəzəriyyəyə görə bu cür münaqişələrdə “öz hakimiyyətlərini gücləndirmək üçün siyasətçilər tarixən yaddaşlarda qalmış inciklikləri və nifrəti “qızışdırmaq”la etnik münaqişələrdən istifadə edirlər.”[3] Siyasi ambisiyalardan qaynaqlanmış bu münaqişələrin əslində etnik kimi pərdələndiyini də demək olar. Bir çox hallarda xarici amillərin iştirakı ilə resurslara, xüsusilə ərazilərə nəzarət etmək üçün etnik qrupların siyasi cəhətdən səfərbər olması “ərazi münaqişələri” kimi müəyyən edilə bilər.

Ümumiyyətlə, ərazi münaqişələri bir tərəfin digərinə ərazi iddiaları səbəbindən baş verən mübahisələr kimi qəbul edilir və əksər hallarda müharibə ilə müşayiət olunur. Ərazi münaqişələri, adətən, bir dövlətin müxtəlif səbəb və maraqlardan ilhamlanan hegemonluq ambisiyaları həddini aşdığı zaman baş verir və özgə torpaqlarının işğalı ilə nəticələnir. Bu baxımdan, beynəlxalq hüquq “təcavüz” və “bir millətin başqa birisinin ərazi bütövlüyünü təhdid etməsi”ni qadağan edir və bunu tənzimləyir.[4] Ümumiyyətlə, beynəlxalq ictimaiyyət bir millətin digərinə qarşı ərazi iddiaları səbə­bindən törənmiş münaqişələrə qarşı tolerant deyil. Aydındır ki, münaqişənin ərazi münaqişəsi kimi tanınması ərazi iddiası ilə güc tətbiq edən iddialı tərəfin maraqlarına toxunur. Məqsədləri naminə gücdən tətbiq edilməsi həmin dövlətin təcavüzkar kimi tanınmasına gətirib çıxarır. Təcavüzə haqq qazandırmaq üçün təcavüzkar dövlət münaqişənin xarakterini yanlış izah edir və bu mübahisənin real təbiətini pərdələmək üçün müxtəlif, məsələn, “etnik” kimi anlayışlardan istifadə edir.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin etnik deyil, ərazi münaqişəsi olduğu mövqeyindən çıxış edir. Bu baxımdan Ermənistan Respublikası Dağlıq Qarabağdakı erməni azlığının beynəlxalq hüququ pozan və Azərbaycan ərazilərinin 20 faizini işğal edən separatçılıq hərəkatını nəinki dəstəkləmiş, hətta təşəbbüskarı olmuşdur. Ermənistan bu ittihamları rədd edir və münaqişəyə müdaxiləsini Azərbaycanda “ayrı-seçkilik və zorakılıqla” üzləşən ermənilərin müdafiəsi ilə izah edir. Öz əsaslandırmasına görə Ermənistan Respublikasının Azərbaycana qarşı birbaşa ərazi tələbi olmayıb və onun iştirakı yalnız Dağlıq Qarabağdakı ermənilərin müdafiəsi ilə məhdudlaşıb. Amma məlumdur ki, Azərbaycan Sovet Sosialist Respublikasının tabeliyində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin ictimai vəziyyəti vilayətdə və onun hüdudlarından kənarda olan azərbaycanlılarınkından qat-qat yüksək idi.[5] Azərbaycan hökuməti tərəfindən DQMV-nin erməni əhalisinə qarşı ayrı-seçkilik edilməsi müzakirə mövzusu belə olmamışdı. Ermənilər DQMV-də əhalinin əksəriyyətini təşkil etmələrinə və mühüm siyasi və iqtisadi qurumlara nəzarət etmələrinə baxmayaraq, qeyd etmək lazımdır ki, Ermənistan Respublikası münaqişənin əvvəlindən Dağlıq Qarabağı öz ərazisinə birləşdirməyə yönəlmiş siyasəti həyata keçirmək üçün qondarma diskriminasiyadan bəhanə kimi istifadə etmişdir. Buna görə də Ermənistan Sovet Sosialist Respublikasının Parlamenti münaqişənin ilkin mərhələsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi.[6] Bununla belə, qeyd etmək lazımdır ki, Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç vaxt tanımamışdı. Ermənistan hökuməti bu vəziyyəti danışıqlar prosesinə xoşməramlı kömək məqsədilə edilmiş cəhd kimi izah etsə də, bunu Ermənistanın gələcəkdə işğal etdiyi əraziləri ilhaq etmək niyyəti kimi də şərh etmək olar.

Ermənistanın İkinci Qarabağ müharibəsinə qədərki Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi ən yaxşı şəkildə irredentizm nəzəriyyəsi ilə izah oluna bilər. Ümumi qəbul edilmiş tərifə görə “irredentizm bir etnik qrupun ərazisini öz qrupundan olan digərlərinin əraziləri ilə birləşdirmək üçün apardığı siyasi hərəkatdır”.[7] Dağlıq Qarabağ məsələsinə üçtərəfli irredentizm modeli kimi baxmaq münaqişəni daha yaxşı anlamağa imkan verə bilər. İrredentizmin üçtərəfli modelində münaqişənin üç tərəfi olur: irredentist dövlət, antiirredentist dövlət və antiirredentist dövlətin etnik azlığı.[8] Dağlıq Qarabağ məsələsində irredentist dövlət Ermənistan, antiirredentist dövlət Azərbaycan, antiirredentist dövlətdə yaşayan etnik azlıq isə Dağlıq Qarabağ erməniləri idi. Bununla belə, danışıqlar prosesinin təhlili göstərir ki, münaqişədə yalnız iki tərəf olub, Ermənistan Respublikası və Azərbaycan Respublikası. Dağlıq Qarabağ erməniləri heç vaxt danışıqlarda iştirak etməyiblər və görünür, bu vəziyyət erməni tərəfini narahat etməyib. Beləliklə, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar tərəflərin ərazi münaqişəsi ilə bağlı danışıqlar aparması demək idi. Bu nöqteyi-nəzərdən iddia etmək olar ki, Dağlıq Qarabağ münaqişəsi etnik deyil, ərazi münaqişəsi olub və təkcə Azərbaycan deyil, Ermənistan da bu konsepsiyanı qəbul edirdi. Bu vəziyyətdə irredentist hərəkatda iştirak edən etnik azlıq münaqişənin əsas təşəbbüskarı deyil, irredentist dövlət üçün dəstək mənbəyi idi.

Deməli, iki dövlət arasında mübahisə zəminində yaranan münaqişəni etnik zəmində təsvir etmək mümkün deyil. Bu baxımdan Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ərazi mübahisəsi zəminində baş vermiş dövlətlərarası mübahisə kimi müəy­yən edilməlidir. Bundan əlavə, Kroker, Hampson və Aall kimi alimlər Dağlıq Qara­bağ münaqişəsini dövlətlərarası, Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrini isə dövlətdaxili münaqişələr kimi müəyyən ediblər.[9]


[1] Tishkov, Valery, “Ethnic Conflict in the Context of Social Science Theories,” in Rupesinghe, Kumar and Tishkov, Valery (eds.), Ethnicity and power in the contemporary world. – Tokyo: United Nations University Press. – 1996.

[2] a.k.ə. Tishkov, Valery A.

[3] Blagojevic, Bojana, “Causes of Ethnic Conflicts: A Conceptual Framework”, Journal of Global Change and Governance, Vol. 3, N. 1, Winter 2009. – s. 3.

[4] Charter of UN, Chapter I, Article 2; (http://www.un.org/en/documents/charter/chapter1.shtml). İstifadə tarixi: 28 dekabr 2013-cü il.

[5] A., Yamskov, “Ethnic Conflict in Transcaucasus: The Case of Nagorno Karabakh”, Theory and Society, Vol. 20, No. 5, 1991.

[6] Keller, Bill, “Armenian Legislature Bakcs Calls For Annexing Disputed Territory”, New York Times, 16 iyun 1988-ci il; (http://www.nytimes.com/1988/06/16/world/armenian-legislature-bakcs-calls-for-annexing-disputed-territory.html?scp=15&sq=armenia&st=nyt). İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[7] Saideman, Stephen M. and Ayres, R. William, “Determining the Causes of Irredentism: Logit Analyses of Minorities at Risk Data from the1980s and 1990s,” The Journal of Politics, Vol. 62, No. 4, 2000.

[8] Weiner, “The Macedonian Syndrome,” s. 665–683

[9] Crocker, Hampson, and Aall, “Introduction: Mapping the Nettle Field,” 13.