Lissabon prinsipləri 1996-cı il dekabrın 2–3-də Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş ATƏT sammitində qəbul edilmişdir. Sammit zamanı Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç prinsip vurğulanırdı: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarəetmə hüququnun verilməsi; Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təhlükəsizliyin təminatı.[1]
Ermənistan Lissabon prinsiplərinə etiraz edərək onları qəbuledilməz olduğunu bildirmişdir. “Ermənilərə zərbə olsa da, Lissabon prinsipləri ATƏT-in etnik-ərazi mübahisələrinin həllini tələb edən gecikmiş təməl şərtlərini təmin edirdi”.[2]
Lissabon prinsiplərinə veto qoyarkən Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyan onun Dağlıq Qarabağın statusunu əvvəlcədən müəyyən etdiyini vurğulayaraq, statusun sonradan Minsk konfransında müəyyən olunmalı olduğunu iddia edirdi.[3] Lissabon zirvə görüşündə Ermənistan nümayəndə heyəti də Lissabon prinsiplərinin qəbulu ilə bağlı öz narazılığını ifadə etmiş və bildirmişdir ki, “problemin həlli beynəlxalq hüquq əsasında və Helsinki Yekun Aktında təsbit edildiyi kimi öz müqəddəratını təyinetmə prinsipi əsasında müəyyən edilməlidir”.[4]
Ermənistan isə ATƏT-in Minsk Qrupunu tərəfkeşlikdə və Azərbaycanın maraqlarını müdafiə etməkdə ittiham edirdi.[5] Bununla belə, Ermənistanın Lissabon prinsiplərini əngəlləmək üçün bütün cəhdlərinə baxmayaraq, prinsiplər Dağlıq Qarabağın statusu haqqında danışıqlar üzrə əsas kimi ABŞ daxil olmaqla, bütün 53 iştirakçı dövlət tərəfindən təsdiq edilmişdir.
[1] “Statement of the OSCE Chairman-in-Office”, Annex 1 to the Declaration of the OSCE Lisbon Summit. – 3 dekabr 1996-cı il. – s. 15.
[2] Laitin, David D., & Grigor Suny, Ronald. – 1999. – s. 164.
[3] Nishimura, Megumi, “National Self-determination and the International Community in the Transcaucasus: Inconsistency and Domestic Response”, Central Asia and the Caucasus, No. 5 (11), – 2001.
[4] “Statement of the Delegation of Armenia”, Annex 2 to the Declaration of the OSCE Lisbon Summit, 3 dekabr 1996-cı il. – s. 16.
[5] Walker, Christopher J., Armenia and Karabakh: The Struggle for Unity (Minority Rights Publications, 1991), p. 71.