Mixail Qorbaçovun “yenidənqurma” və “aşkarlıq” siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına və gərginləşməsinə necə təsir edib?

1985-ci ildə Mixail Qorbaçov SSRİ-də hakimiyyətə gələndə o, problemlərin ittifaq daxilində həllini təmin etməyi qarşısına məqsəd qoyan “yenidənqurma” (perestroyka) və “aşkarlıq” (qlasnost) adlı yeni siyasət həyata keçirməyə başladı.[1] O zaman SSRİ və ABŞ hələ dünyanın ən böyük dövlətlərindən biri olaraq qalırdı. Lakin hərbi xərclərin yüksək olması səbəbiylə ölkənin iqtisadi vəziyyəti get-gedə kəskin dərəcədə pisləşirdi.[2] Qorbaçovun əsas məqsədi iqtisadi məsələləri həll etmək idi, buna görə də iqtisadi layihələrin həyata keçirilməsi üçün sovet cəmiyyətində islahatların qaçılmaz olduğunu başa düşürdü. Bu fikirlə də o, demokratikləşmə olmadan “aşkarlıq” və “yenidənqurma”nı həyata keçir­məyin çətin olacağını qeyd etdi. Xüsusilə də “aşkarlıq” siyasəti ölkədə söz azadlığı və çoxpartiyalı sistemi təmin etməklə demokratiyanı inkişaf etdirmək niyyətində idi.

SSRİ-nin demokratikləşmə səylərindən sonra milliyətçi ideologiyalar olduqca fəallaşdı. Mark Beissingerin fikrincə, “aşkarlıq” və “yenidənqurma” illərində milliyyətçilik sovet cəmiyyətində hər hansı digər məsələlərlə müqayisə edilməyəcək qeyri-adi cazibə qüvvəsi ilə hiss edilirdi.[3] Lakin “aşkarlıq” özünün ilkin mərhələlərində güclü milliyətçi komponentləri ehtiva etməmişdi. Lakin 1988-ci ildə Ermənistan Qarabağla bağlı etirazını qaldıranda bu proses yeni mərhələyə daxil olduğundan hökumət ona nəzarət edə bilmirdi. Bu səylər sayəsində Baltikyanı ölkələr, Zaqafqaziya, Ukrayna və Mol­dovada etnik qrupların səfərbər olunması genişlənmişdi.[4] “Aşkarlığ”a qədər SSRİ-də etnik qruplar arasında gərginliyin olduğu rədd edilirdi. Buna baxmayaraq, “aşkarlıq” siyasəti millətçiliyin artmasına gətirib çıxardı ki, bu da nəticədə etnik qruplar arasında uzun müddət dondurulmuş gizli mübahisələri üzə çıxarmağa başladı.[5]

Xatırladaq ki, ermənilərin Dağlıq Qarabağ iddiası əslində yeni məsələ deyildi. Hətta sovet dövründə də Dağlıq Qarabağ erməniləri vaxtaşırı mərkəzi hökumətdən Ermənistan SSR-ə birləşməyi xahiş edirdilər,[6] Qorbaçovun “aşkarlıq” siyasəti isə ermənilərə bu məqsədlərini həyata keçirmək üçün əlverişli imkan yaratmışdı.

İlk növbədə, SSRİ və Qərb ölkələri arasında münasibətlərin normallaşması erməni diasporları ilə Ermənistan arasında birbaşa əlaqənin yaranmasına imkan verdi ki, bu da beynəlxalq aləmdə bu ölkənin mövqeyinin möhkəmlənməsinə səbəb oldu.[7] Digər tərəfdən, erməni diasporu Ermənistanın mövqeyini təbliğ edən və münaqişə kontekstində Azərbaycanı mənfi şəkildə göstərən təbliğat yaymaqla beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rol oynadı.[8] Deyilənlərdən əlavə, münaqişə intensivləşdirildikdən sonra, diaspora Ermənistana yalnız maddi yardım etməklə kifayətlən­məyərək həm də onu hərbi silah-sursat və döyüşçülərlə də təchiz etməyə başladı.[9]

SSRİ-də gedən demokratikləşmə prosesi erməni kütləvi informasiya vasitələrinə Dağlıq Qarabağ məsələsinə dair ermənilərin mövqeyini sərbəst ifadə etməyə şərait yaratdı. Bundan əlavə, Qarabağ hərəkatının əsas hərəkətverici amili olan erməni ziyalıları həm yerli, həm də beynəlxalq mətbuatdakı müsahibələrində “tarixi ədaləti” bərpa etmək naminə Qarabağın Ermənistana verilməsinin zəruriliyini vurğulayırdılar. Demokratikləşmədən “ruhlanan” ermənilər ölkə əhalisinin 1/3 hissəsini özündə birləşdirən ekoloji nümayişləri sonradan siyasi hərəkata çevirməyə başladılar.[10] Ermənilərin siyasi səfərbərliyi “Qarabağ Komitəsi”, “Krunk”[11] kimi təşkilatların və sonralar Ermənistanın ilk prezidenti olmuş və Qarabağ hərəkatında aparıcı rol oynamış Levon Ter-Petrosyanın təsis etdiyi “Ümumerməni Milli Hərəkatı” siyasi partiyasının yaradılması ilə nəticələndi. Bununla da Qorbaçovun “aşkarlıq” və “yenidənqurma” siyasəti separatçı ermənilərin əvvəllər planlaşdırdıqları layihələri həyata keçirmələrində əlverişli şəraitin yaradılması baaxımından mühüm əhəmiyyət kəsb edirdi.


[1] Siegelbaum, L. Perestroika and Glasnost / Seventeen Moments in Soviet History: An on-line archive of primary source. URL: http://soviethistory.msu.edu/1985-2/perestroika-and-glasnost/ (İstifadə tarixi: 2 dekabr 2024)

[2] Gitomirski, S. Glasnost And Perestroika / The Cold War Museum. URL: http://www.coldwar.org/articles/80s/glasnostandperestroika.asp (İstifadə tarixi: 2 dekabr 2024)

[3] Beissinger, M.R. Nationalism and the Collapse of the Soviet Communism // Contemporary European History. – vol. 18, № 3. – 2009. – p. 336.

[4] Yenə orada, s. 338.

[5] Horowitz, S. Identities Unbound Escalating Ethnic Conflicts in Post-Soviet Azerbaijan, Georgia, Moldova, and Tajikistan // S.L.Lobell, M. Philip (red.). Ethnic Conflicts and International Politics: Explaining Diffusion and Escalation. – Palgrave MacMillan. – 2004. – s. 54

[6] De Waal, T. Black Garden: Armenia and Azerbaijan through Peace and War. – New York University Press. – 2003. – s. 16.

[7] Shain, Y., Barth, A. Diasporas and International Relations Theory // International Organization. – vol. 57, № 3. – 2003. – p. 468–471

[8] Yenə orada, s. 109.

[9] a.k.ə. De Waal, T. Black Garden. – p. 16.

[10] Yenə orada, s. 16.

[11] Suny, R.G. Soviet Armenia, 1921–91 // E.Herzig, M.Kurkchiyan (red.). The Armenians: Past and Present in the Making of National Identity. – New York: RoutledgeCurzon, 2005. – s. 122.