Sovet İttifaqının ilk illərində Dağlıq Qarabağın statusu Azərbaycan SSR ilə Ermənistan SSR arasında ən mübahisəli məsələlərdən biri olmuşdur. Dağlıq Qarabağın statusu ilə bağlı ən mühüm sənəd onun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməli, yaxud Azərbaycanın tərkibində saxlanılması barədə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi (RK(b)P MK) Qafqaz Bürosu plenumunun 5 iyul 1921-ci il tarixli qərarıdır. RK(b)P MK Qafqaz Bürosunun plenar iclasında RKP MK üzvü Stalin Qafqaz Bürosunun 8 üzvü – Serqo Orconikidze, Filipp Maxaradze, Sergey Kirov, Amayak Nazaretyan, Mamiya Oraxelaşvili, Yuri Fiqatner, Nəriman Nərimanov, Aleksandr Myasnikov, eləcə də Azərbaycan SSR xalq xarici işlər komissarı Mirzə Davud Hüseynov ilə birlikdə Qarabağa vilayət kimi geniş muxtariyyət verilməklə Dağlıq Qarabağı Azərbaycan ərazisində saxlamaq qərarına gəldi. Sənədin birinci bəndində qeyd edilir ki,
Müsəlmanlar və ermənilər arasında milli sülhün qorunması naminə, eləcə də Yuxarı və Aşağı Qarabağ arasındakı iqtisadi bağlar və onun Azərbaycanla davamlı əlaqələrinə görə ona vilayət kimi geniş muxtariyyət verilir və inzibati mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılır.[1]
Fərmanda həmçinin Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə (Azərbaycan K(b)P MK) təlimat verilirdi ki, muxtar vilayətin sərhədlərini müəyyənləşdirərək təsdiq olunması üçün Qafqaz Bürosuna təqdim etsin. Lakin bu prosesin tamamlanmasına daha iki il vaxt sərf olundu. 1922-ci ildə Zaqafqaziya Federasiyasının yaradıldığı ərəfədə keçirilən Zaqafqaziya Kommunist Təşkilatlarının 1-ci qurultayında RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin sədri seçilən Orconikidze Dağlıq Qarabağda muxtar vilayətin yaradılması məqsədilə Komitənin inzibati resurslarından istifadə etməyə başladı. Bu baxımdan, Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan K(b)P MK-dan 5 iyul qərarının həyata keçirilməsi tələb edildi.[2]
Buna görə də Azərbaycan K(b)P MK-nın Rəyasət Heyəti 15 dekabr iclasında Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra etmək üçün Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ İşləri üzrə 3 üzvdən: Kirov (etnik rus), Mirzəbekyan (etnik erməni) və Karakozovdan (çox güman ki etnik erməni) ibarət Mərkəzi Komissiya yaratdı. Bundan başqa, AKP(b) MK Rəyasət Heyəti Dağlıq Qarabağda muxtar vilayət yaratmaq məqsədilə Azərbaycan Xalq Komissarları Soveti nəzdində 1923-cü il iyulun 24-dək fəaliyyət göstərən, Karakozovun başçılıq etdiyi və yeddi nəfərdən ibarət Dağlıq Qarabağ üzrə komitə də yaratdı. Komitə iki azərbaycanlı, dörd erməni və Karakozovdan ibarət idi. Zəngəzur partiya katibi və Ermənistan SSR Xalq Komissarları Soveti üzvü də komitəyə daxil edilmişdi. Odri Altştadtın sözlərinə görə “qızğın mübahisəli ərazini idarə edəcək komissiyaya iddiaçılardan birinin təmsilçisi daxil edilməmişdi. Ayrı-ayrı administrasiyaların bərabər mübahisəli məsələ ilə bağlı yaradılan komissiyası elə təşkil olunmuşdu ki, bir iddiaçı millətdən olan nümayəndələrin sayı digərindən iki dəfə çox idi.”[3]
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı və 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. Daha sonra Azərbaycan K(b)P MK 1923-cü il iyunun 1-də keçirilən plenar iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə sərəncam vermək qərarına gəldi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenar iclasında üç ay müddətində Dağlıq Qarabağ muxtar vilayətinin yaradılmasını təmin etmək barədə qərar qəbul edildi. Növbəti ay Azərbaycan K(b)P MK-nın Rəyasət Heyəti Qarabağ məsələsi ilə bağlı müzakirələr apararaq iyulun 1-də Dağlıq Qarabağa muxtariyyət verilməsi tövsiyə olunan 6 bənddən (maddədən) ibarət qərar qəbul etdi.[4]
Buna əsasən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret qəbul etdi, həmin dekretdə qeyd edilirdi: “Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi, mərkəzi Xankəndi olmaqla muxtar vilayət yaradılsın”.[5] İki ay sonra, 1923-cü ilin sentyabrında Xankəndi 1918-ci ilin mart qırğını zamanı minlərlə azərbaycanlının qətlə yetirilməsinə rəhbərlik etmiş Bakı kommunasının erməni bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.[6]
Çox daha sonra, 1924-cü ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) rəsmi olaraq Azərbaycanın tərkib hissəsi elan edildi.[7] DQMV yaradılandan sonra onun ərazisi rayon-volost-kәnd pillәlәri әsasında inzibati baxımdan aşağıdakı kimi bölünmüşdü:
1. Dizaq rayonu. Tәrkibinә 5 volost: Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edili vә 48 kәnd daxil idi,
2. Vәrәndә rayonu. Tәrkibinә 5 volost: Tağaverd, Sus, Çartaz, Noraşen vә 46 kәnd daxil idi,
3. Şuşa rayonu. Tәrkibinә Şuşa şәhәri vә Malıbәyli volostu vә 12 kәnd daxil idi,
4. Xaçın rayonu. Tәrkibinә 4 volost (Daşbulaq, Әsgәran, Krasnoselsk, Qala dәrәsi) vә 53 kәnd daxil idi,
5. Ceraberd rayonu. Tәrkibinә 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) vә 53 kәnd daxil idi.
Buna baxmayaraq, sonrakı illәrdә yeni inzibati-әrazi bölgüsü hәyata keçirilәrkәn Dağlıq Qarabağ Muxtar Vilayәtinin inzibati-әrazi bölgüsündә bir sıra dәyişikliklәr hәyata keçirilmişdi. Belә ki, 1930-cu ilin avqustunda DQMV әrazisi Ceraberd, Martuni, Stepanakert, Dizaq vә Şuşa olmaqla yenә dә 5 rayona bölündü. Bu bölgüyә әsasәn Xaçının әrazisi Stepanakert rayonuna tabe edilmiş, Vәrәndә isə Martuni adlandırılmışdır. 1939-cu il avqust ayının 17-dә Ceraberd vә Dizaq rayonlarının adları isə müvafiq olaraq Mardakert vә Hadrut adı ilә əvəz edilmişdi. 1963-cü il yanvarın 4-də Şuşa rayonu lәğv edilәrәk әrazisi Stepanakert rayonuna verildi. Lakin iki il sonra, 1965-ci ilin yanvar ayının 6-da Şuşa rayonun statusu yenidәn bәrpa edilmişdi. 15 may 1978-ci ildә isə Stepanakert rayonu әsasında Әsgәran rayonu tәşkil edilmişdi. DQMV-nin bu inzibati-әrazi bölgüsü Sovet İmperiyası dağılanadәk öz mövcudluğunu davam etdirmişdir.[8]
[1] RK(b)P MK Qafqaz Bürosunun (Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu) 5 iyul 1921-ci il tarixli plenumunun dekreti.
[2] Shukiurov, K. On Autonomy for Nagorno-Karabakh: Lessons of History // The Caucasus & Globalization: Journal of Social, Political and Economic Studies. – vol. 2, Issue 2. – 2008. – s. 148.
[3] a.k.ə. Altstadt, A. The Azerbaijani Turks: Power and Identity under the Russian Rule. – s. 125–126.
[4] a.k.ə. Shukiurov, K. On Autonomy for Nagorno-Karabakh: Lessons of History. – s. 148–149.
[5] The decree “On establishment of the Nagorno Karabakh Autonomous Oblast” of the Azerbaijan Central Executive Soviet Committee, 7 iyul 1923-cü il.
[6] Gazıyev, Y. Karabakh in 1920–1980 / Virtual Karabakh. – 2009.
URL: http://www.virtualkarabakh.az/en/post-item/22/36/karabakh-in-1920-1980.html (İstifadə tarixi: 1 dekabr 2024).
[7] a.k.ə. Altstadt, A. The Azerbaijani Turks: Power and Identity under the Russian Rule. – s. 126. Həmçinin bax: Cornell, S.E. Undeclared War: The Nagorno-Karabakh Conflict Reconsidered // Journal of South Asian and Middle East Studies. – vol. 20, № 4. – 1997. – s. 4.
[8] Administrative territorial division / Garabagh.net. URL: http://garabagh.net/content_70_en.html (İstifadə tarixi: 2 dekabr 2024)