24 mart 1992-ci ildə ATƏM Şurasının Helsinki Əlavə İclasında qəbul edilmiş sənəddə Dağlıq Qarabağın Azərbaycanlı İcması (DQAİ) bir qurum kimi rəsmi olaraq 9-cu maddə ilə tanınıb. Sənədə əsasən DQAİ Dağlıq Qarabağ erməniləri ilə yanaşı, münaqişənin “maraqlı” tərəflərindən biri kimi qəbul edilmişdi.[1]
Beləliklə, 1992-ci ildən bəri sözügedən icma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT tərəfindən təşkil edilən bir neçə görüşdə iştirak edərək danışıqlar prosesində Azərbaycan Respublikası ilə birlikdə Dağlıq Qarabağın azərbaycanlı icmasının maraqlarını təmsil etmişdir.[2]
İcma 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınmış və “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi kimi tanınmağa başlanmışdır. Cəmiyyətin 2009-cu ildə keçirilmiş I qurultayının qərarı ilə yenidən təşkilatlanma nəticəsində ictimai birliyin adı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”na dəyişdirilmişdir.
İctimai birlik könüllülərin üzvlüyünə əsaslanan qeyri-kommersiya təşkilatı idi. İcma yalnız keçmiş DQMV-nin Azərbaycan icmasını deyil, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən bütün məcburi köçkünləri təmsil edirdi. Onun fəaliyyəti ölkənin bütün ərazisini əhatə edirdi. Birliyin təşkilati və inzibati strukturunun əsas orqanları icmanın qurultayı, icra (inzibati) şurası və əlaqələndirmə şurası idi. İcmanın əsas məqsədləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, məcburi köçkünləri öz torpaqlarına qaytarmaq və məcburi köçkünlərin mədəni irsini və hüquqlarını qorumaq idi. Bundan əlavə, İcmanın vəzifələrinə həmçinin İcma üzvlərini fəal olmağa həvəsləndirmək məqsədilə Dağlıq Qarabağ məsələlərinə aid müxtəlif tədbirlərin, görüşlərin və digər fəaliyyətlərin təşkili daxil idi.[3]
Azərbaycan hökuməti DQAİ-nin fəaliyyətini gücləndirməklə yanaşı, münaqişənin həllində tutduğu mövqeyə görə İcmanın danışıqlar prosesində iştirakını dəstəkləməmişdir. Azərbaycan belə hesab edirdi ki, Azərbaycan və erməni icmalarının o mərhələdə danışıqlara cəlb olunması nizamlanma prosesinin formatını pozacaq. Lakin Azərbaycan sülh yaratma prosesinin sonrakı mərhələlərində, xüsusilə də “Əsas prinsiplər” üzrə razılıq əldə olunduqdan sonra Dağlıq Qarabağın hər iki icmasının iştirakının mümkünlüyünü də istisna etməmişdir.[4]
İkinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ inzibati-ərazi vahidi kimi, bölgənin azərbaycanlı və erməni icmaları da öz aktuallığını itirmiş, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti dayandırılmışdır. 30 aprel 2021-ci il tarixində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri toplantı keçirərək, təşkilatın ləğvi və Qarabağ bölgəsində quruculuq işlərinin aparılması, eləcə də vətəndaşların öz doğma yurdlarına qayıtmasına dəstək verən “Qarabağa Qayıdış” İctimai Birliyinin yaradılması barədə qərar qəbul etmişlər. [5]
[1] “Final Document of the Additional Meeting of the CSCE Council,” Organization for Security and Co-operation in Europe, 24 mart 1992-ci il, Article 9; https://www.osce.org/mc/29121. İstifadə tarixi: 3 dekabr 2024-cü il
[2] Huseynbala, A., “Leadership of Nagorno-Karabakh’s Azerbaijani community meets with OSCE chairman,” Trend, 2 iyul 2009-cu il, https://en.trend.az/azerbaijan/karabakh/1497604.html. İstifadə tarixi: 3 dekabr 2024-cü il
[3] “Article 2,6”, The Charter of Public Union of Azerbaijani Community of the Nagorno-Karabakh region of Azerbaijan Republic.
[4] a.k.ə. Pashayeva, G., Göksel, N. – 2011. – s. 23.
[5] Mehman, Asif, “Nagorno-Karabakh” separate administrative-territorial unit no longer exists – Azerbaijani MP, Trend News Agency, 30 aprel 2021-ci il; https://en.trend.az/azerbaijan/politics/3417497.html. İstifadə tarixi: 3 dekabr 2024-cü il.