Ədirnə müqaviləsi nə zaman və hansı şərtlərlə imzalandı? Bağlanmış müqavilə Qarabağın demoqrafik vəziyyətinə necə təsir göstərdi?

İranı məğlub edib Türkmənçay müqaviləsini bağladıqdan sonra Rusiya Osmanlı dövləti ilə bəzi məsələləri görüşməyə başladı. Rusiya, təqribən 350 ilə yaxın Osmanlı hakimiyyətində qalan Şərqi Avropadakı slavyan xalqlarını və bu ərəfədə baş verən “yunan üsyanını” açıq şəkildə dəstəklədiyi üçün Osmanlı dövləti ilə münasibətləri kəskinləşmişdi. Qarşılıqlı yazışmalardan sonra, razılaşma əldə edilmədiyi üçün rus çarı I Nikolay 1828-ci il 26 aprel tarixində Osmanlı dölətinə rəsmən müharibə elan etdi. 1828-1829-cu illərdə sürən bu müharibədə Osmanlı dövlətinə qalib gələn Rusiya, sentyabrın 14-də Ədirnə sülh müqaviləsini bağlamağa nail oldu.[1]

Türkmənçay müqaviləsini xatırladan Ədirnə müqaviləsi də 16 maddədən ibarət olmuşdur. Müqavilənin I maddəsi iki tərəf arasında müharibəyə son qoymağı, II və III maddələr Rumeli bölgəsində, IV maddə isə Anadoludakı Osmanlı-Rusiya yeni sərhədlərini müəyyən edirdi. Osmanlı dövləti bu maddəyə əsasən Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsini tanıyır, Axalsıq paşalığının bir hissəsinin Rusiya ərazisinə qatılmasını qəbul edirdi. V və VI maddələr Şərqi Avropada indiki Rumuniya və Serbiyaya müəyyən şərtlərlə muxtariyyat verilməsinə, VII maddə isə rus tacirlərinin Qara dəniz və Aralıq dənizində və eləcə də Osmanlı ərazisində güzəştli ticarətlə məşğul olmasına icazə verirdi. VIII, IX, X, XI və XII maddələr isə, ardıcıl olaraq, veriləcək təzminatın ödəniş qaydalarını, diplomatik əlaqələr və bağlanılan müqavilənin şərtlərinə riayət etməklə bağlı idi. Ədirnə sülh müqaviləsinin Türkmənçay müqaviləsindəki XV maddəsiylə eyni olan maddəsi XIII maddədir. Bu maddəyə əsasən tərəflər, yəni Osmanlı və Rusiya dövlətləri müharibənin gedişində hər iki ölkənin ərazisində rəqibinin tərəfini tutan xalqların bağışlanmasına və 18 ay müddətində qarşılıqlı olaraq onların köçürülməsinə təminat verirdilər.[2] Beləliklə, Türkmənçay müqaviləsində olduğu kimi, Ədirnə müqaviləsi də Osmanlı dövlətindən ermənilərin Azərbaycana köçürülməsinə icazə verirdi. Rus tədqiqatçısı N.Şavrov yazırdı ki, İrandan sonra 1829-1830-cu illərdə Azərbaycana Osmanlı dövlətindən təqribən 85 minədək erməni köçürüldü. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə torpağı ayrıldı və yerli müsəlman mülkədarlardan o dövrkü pulla 2 milyon manatlıq yerlər satın alındı.[3]

Beləliklə, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra əsasən qonşu İran və Osmanlı dövlətlərindən köçürülən ermənilərin hesabına Azərbaycanda ictimai-siyasi-demoqrafik dəyişikliklər ortaya çıxdı. Köçürmələr daha çox Qarabağ və ətraf regionlarda aparıldığı üçün ən ciddi demoqrafik problemlər də buralarda yaşandı. 1823-cü ildə rusların apardıqları siyahıyaalmada Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdi. 1832-ci il kameral sayımına görə isə, Qarabağ əyalətində əhalinin 64,8% azərbaycanlı, 34,8% erməni təşkil etmişdir.[4]

Göründüyü kimi, köçürmələrdən sonra Qarabağdakı azərbaycanlıların sayında azalma olsa da, ermənilərin sayı 4 dəfə artmışdır. Rusiyanın bu köçürmə siyasəti Cənubi Qafqazda Rusiyanın mövqeyinin möhkəmləndirilməsi üçün dayaq yaratmaq, xristian əhalinin sayını artırmaq və yerli müsəlmanların asanlıqla idarə edilməsini təmin etmək məqsədi daşıyırdı.


[1] Turan, Şerafeddin, “1829 Edirne Andlaşması”, Ankara Dil-Tarih-Coğrafya Fakültesi Dergisi, Cilt 9, Sayı 1-2 (1951), ss. 114-116-135.

[2] “Rusiya-Osmanlı Ədirnə müqaviləsi. 2 sentyabr 1829-cu il”, T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov, red., Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə, (Üç cilddə), C. I., (Bakı, “Elm” nəşriyyatı, 2010), ss. 177-186. Həmçinin bax; a.k.ə. Turan, Şerafeddin (1951), ss. 136-142.

[3] a.k.ə. Шавров, Н.Н. (1990), cc. 59-64

[4] a.k.ə. Кавказский календарь Российской империи 1897, с. 3. Həmçinin bax; a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), s. 52. Həmçinin bax; Seyidova, Sevinc, “Ermənilərin Qafqaza köçürülməsi siyasəti “erməni məsələsi”nin tərkib hissəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən biri kimi”, Pedaqoji Universitet xəbərləri-humanitar elmlər bölməsi (2013), № 1, s. 79.