Erkən orta əsrlər dövründə Qarabağda yaşayan əhalinin etnik tərkibi necə idi?

Erkən orta əsrlərin başlanğıcında, siyasi-inzibati cəhətdən 4 böyük əyalətə bölünən sağ sahil Albaniyasında müxtəlif yerli türk və fars mənşəli tayfalar yaşamışdır. Tədqiqatlar nəticəsində bu əyalətlərdə əhalinin etnik tərkibi aşağıdaki kimi olduğu məlumdur:

  1. Kaspiana-Paytakaran əyalətində kaspilər, balasiçlər, balaslar, hunlar, xəzərlər, akasirlər, ayninlər yaşamışlar. Tədqiqatçılar kaspiləri dil cəhətdən Ön Asiya tayfalarına qohum hesab etsələr də, digərlərini Dağıstan tayfalarına aid edirlər.
  2. 2. Uti əyaləti inzibati cəhətdən Sakasena və Girdiman (Qardman) vilayətlərinə bölünürdü. Burada əsasən türk dilli utilər, qarqarlar, savdeylər və saklar, V əsrdən sonra isə kəngərlər və savirlər məskunlaşmışdı.
  3. Arsax (Artsax) əyaləti 12 kiçik inzibati vahidə bölünürdü. Bu əyalətin etnik tərkibinə nəzər salsaq, burada əsasən albanlar, qarqarlar, hunlar, xəzərlər və barsillərin yaşadığını görürük.
  4. Sunik (Sisakan) əyalətinin əhalisi əsassən avtoxton olmuş, V əsrdən sonra kəngərlər də buralara məskunlaşmışdır.[1]

Göründüyü kimi, eramızın ilk əsrlərində Qarabağın əhalisinin əksəriyyətini təşkil edən, hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları Azərbaycan xalqının təşəkkülü prosesində mühüm rol oynayırdılar. Bu amil həm də Ermənistanın Dağlıq Qarabağla bağlı tələblərinin tarixi yalan olduğunu və reallığı əks etdirmədiyini göstərdiyi üçün çox önəmlidir.

Qarabağı öz torpaqları hesab edən ermənilərin ilk vətənləri məsələsi XX əsrin ortalarına qədər dəqiqlik qazanmamışdı. Əksər tədqiqatçıların Hind-Avropa mənşəli hesab etdiyi ermənilərin əslən qafqazlı deyil, təxminən e.ə. VIII-VII əsrlərdən başlayaraq Balkandan – Frakya bölgəsindən Yuxarı Dəclə Fərat hövzəsinə köçdüklərini və tədricən Van gölü ətrafına yerləşdiklərini tarixi faktlar sübut edir.[2] Rus tarixçisi V.L.Veliçkonun qeyd etdiyinə görə, ermənilərin bir hissəsi Qüdsün dağılmasından sonra yəhudilərlə qarışmışdı (e.ə. VI əsrdə Babil dövləti Qüdsü ələ keçirərək şəhərdəki müqəddəs məbədi dağıtmış və yəhudiləri köç etməyə məcbur etmişdir).[3] 1785-ci ildə Venesiyada çap olunan və e.ə. IV əsrin sonlarında Makedonyalı İsgəndərin imperiyasının (e. ə. 336-323) sərhədlərini əks etdirən xəritədə də ermənilərin Assuriya və Mesopotamiya ərazilərində, yəni Kiçik Asiyanın cənubi-şərq torpaqlarında yaşadıqları göstərilmişdir.[4] Vaxt keçdikcə Şərqi Anadolu və İran sərhədləri boyunca yayılan ermənilər, bundan sonraki tarixlərdə ayrı-ayrı dövlətlərin hakimiyyətini qəbul edərək müxtəlif xalqlarla qaynayıb-qarışdılar.

Ərəb xilafəti dövründə Azərbaycanda İslam dini qəbul edilməyə başlandı. Yeni din atəşpərəstliyin və bütpərəstliyin üstün olunduğu Cənubi Azərbaycanda, Muğanda, Mildə, Xəzər sahillərində, Kür və Araz çayları boyunda, xüsusilə şəhərlərdə nisbətən sürətlə yayılırdı. İslam dininin əxlaqitərbiyəvi üstünlüklərini düzgün başa düşən təbəqə bu dini  tərəddüdsüz qəbul edirdi. Beləliklə, İslam Azərbaycanda, eləcə də Qarabağda sürətlə yayıldı. Bəzi dağlıq və dağətəyi yerlərdə İslam dininin az və gec yayıldığı nəzərə çarpır. Bu da çöl şəraitində yaşayan ərəblərin dağlıq bölgəyə uyğunlaşa bilməmələrindən qaynaqlanırdı. Beləliklə, İslamın yayılma müddəti ərzində Azərbaycanın bəzi dağlıq bölgələrində xristian və yəhudilər öz dinlərini saxlaya bilmişdilər.[5]

Zaman keçdikcə, Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşmağa və erməniləşməyə başladı. Beləliklə, dağlıq bölgədəki albanlar cizyə adlanan can vergisini verərək xristian dinində sərbəstcə həyatlarını yaşamışlar.[6]

VIII əsrin əvvəllərində erməni katolikosu İlyanın xəlifə Əbdülməlikə (685-705) Albaniyada xilafət əleyhinə üsyan başladığı barədə xəbər verməsi nizami Ərəb ordusunun Albaniyaya göndərilməsi ilə nəticələndi. Ərəblər Bərdəni ələ keçirərək üsyanı yatırdıqdan sonra Albaniyada çar hakimiyyətinə son qoydular. Beləliklə, 705-ci ildə Albaniya dövlətinə son qoyuldu. Albanların dini inanclarına görə Bizansa yaxınlaşması bəhanə edilərək Alban kilsəsi erməni katolikosluğunun təsiri altına alındı. Bu tarixdən etibarən din işlərində Alban kilsəsi erməni əsilli keşişlərə əmanət edildi. Erməni kilsəsinin təzyiqi nəticəsində Qarabağın xristian əhalisi mədəni və ideoloji asimiliyasiyaya və qriqoriyanlaşmağa məruz qaldı.[7]


[1] a.k.ə. Azərbaycan tarixi, C. II (2007), ss.16-17.

[2] Barthold, W., “Azerbaycan ve Ermenistan”, Ankara Üniversitesi Dil ve tarih Coğrafiya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi, Cilt. 8-12, sayı: 14-23, ss. 84-85. Həmçinin bax; Sakarya, İhsan, Belgelerle Ermeni Sorunu (Ankara, T.C. Genel Kurmay ATASE Yayıları, 1984), ss. 3-7. Həmçinin bax; Saray, Mehmet, “Ermenistan Yol Ayrımında”, Kafkas Araştırmaları, Sayı 2, 1996, s. 3. Həmçinin bax; Seyidova, Sevinc, “Ermənilərin mənşəyi və tarixinə dair”, Bakı Universitetinin xəbərləri: Humanitar elmlər seriyası, №3, s. 167.

[3] Veliçko, Vasil Lvoviç, Qafqaz: Rus işi və tayfalar arası məsələlər (Tərcümə edən: Vasif Quliyev) (Bakı, Azərbaycan nəşriyyatı, 1995), ss. 46-47.

[4] “Old maps confirm Azerbaijani territory”, NEWS.AZ, 26 January 2010; (http://news.az/articles/ society/7485). Accessed on December 27, 2013.

[5] a.k.ə. Azərbaycan tarixi, C. II (2007), ss. 204-210.

[6] a.k.ə. , Qeybullayev, Qiyasəddin (1990), s.136.

[7] a.k.ə. Bünyadov, Ziya (2004), ss. 86-91.