Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə 1990-cı il “Qanlı yanvar” qətliamı arasında nə kimi əlaqə var idi?

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. “Qara Yanvar” qətliamı olaraq tarixə keçən bu qırğın Sovet İttifaqının Azərbaycana qarşı 70 il ərzində yeritdiyi təcavüzkar və ikili siyasətin son nöqtəsi oldu. Həmin gecə 26,000 nəfərlik “Alfa” qrupu adlanan xüsusi Təyinatlı Sovet ordusu fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq günahsız Azərbaycan xalqına qarşı qəddarlıq törətmişdi. Gecə yarısı başlanan bu qətliamda əliyalın uşaqlar, qadınlar və yaşlılara belə aman verilmədi. Qətliamdan sonra Helsinki Human Rights Watch (Helsinki İnsan Hüquqları Komitəsi) Sovet ordusunun silahsız dinc əhalini qəsdən tankların altında necə əzdiyi barədə müraciət qəbul etdi. Komitənin verdiyi məlumatlara görə, “Bakı qırğını zamanı insan hüquqları ən dəhşətli şəkildə pozulmuş – tibbi personala, təcili yardım və hətta xəstəxanalara çoxsaylı hücumlar olunmuşdu”.[1]

Sovet qoşunlarının Bakıda və ölkənin digər bölgələrində qanunsuz hərəkətlərinin nəticəsində 133 nəfər öldürüldü, 611 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi, 5 nəfər isə itkin düşdü. Qeyri-qanuni aktın qurbanları arasında yeddi yaşlı oğlan, on altı yaşlı qız, səksən yaşlı kişi, başqa bir qurbana yardım etməyə tələsən təcili yardım maşınının vurulması nəticəsində öldürülən gənc həkim və bir çox günahsız Azərbaycan vətəndaşları var idi. O gecə görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində ümumi dəyəri təxminən 5637286 rubl olan 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak Sovet əsgərləri tərəfindən talan edildi və yandırıldı. 1990-cı il yanvarın 20-də günahsız Azərbaycan xalqına qarşı dövlət tərəfindən maliyyələşdirilən qanlı terror və cinayət aktları Sovet İttifaqı tərəfindən həyata keçirilmişdi. O zamandan bəri bu qırğın Azərbaycan xalqı tərəfindən “Qara Yanvar” kimi qeyd edilir.[2]

“Qara Yanvar” Azərbaycan xalqına qarşı qəsdən aparılan mərhələli hərbi əməliyyatların nəticəsi idi. Qətliam baş verməzdən əvvəl Azərbaycan Ali Soveti və digər siyasi təşkilatlar sovet rəhbərliyi tərəfindən iflic edilmiş, əhalinin tərksilah edilməsi bəhanəsi ilə bütün milis əməkdaşlarının silahları əlindən alınmış, yanvarın 19-da əhalini informasiyadan məhrum etmək məqsədilə Bakıda televiziya qülləsinin enerji bloku partladılaraq yayımı dayandırılmış, və əcnəbilərin şəhərə girməsinə qadağa qoyulmuşdu. Sovet hokumətinin rəsmiləri öz qanlı cinayətlərini gizlətmək üçün qərb jurnalistlərinin Bakıya gəlməsini qadağan etmişdilər. Lakin, həmin gecə Bakıda olan iki rus fotoqrafına istinad edən Washington Post 1990-cı il 22 yanvar tarixində yazırdı: “İşğalın ilk saatlarında Sovet əsgərləri demək olar ki, tərpənən hər bir şeyə atəş açırdılar”.[3] Düşünülmüş bu terror aktının həyata keçirilməsi üçün bir neçə gün əvvəl SSRİ Müdafiə və Daxili İşlər nazirləri və yüksək rütbəli hərbiçiləri Bakıya gəlmiş, xüsusi missiya üçün hazırlanmış Sovet reservisti döyüşmək üçün səfərbər olunaraq bölgəyə göndərilmişdi. Qətliamda iştirak edən Sovet əsgərlərinin əksəriyyəti xüsusi missiya üçün təlim verilmiş atasız-anasızlar idilər.[4]

Ermənistan tərəfi “Qanlı yanvar” faciəsindən öz xeyrinə istifadə etməyə çalışaraq Sovet Ordusunun Azərbaycana müdaxilə etməkdə əsas məqsədinin Bakıda azərbaycanlılar tərəfindən erməni əhaliyə qarşı aparılan uydurma “poqrom”u (qırğın) dayandırmaq olduğunu iddia edirlər.[5]

Lakin, həmin gecə Sovet hərbi qüvvələrinin Bakıya müdaxiləsinin əsas səbəbi tamamilə başqa idi. O zaman Azərbaycan Ermənistan SSR-in təcavüzünə məruz qalmışdı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışırdı. Lakin, Moskvada Mərkəzi Hökumət Azərbaycanın ərazi bütövlüyünü və müttəfiq respublikaların muxtar vilayətlərinin Respublika və Sovet İttifaqının Mərkəzi Hökümətinin razılığı olmadan ayrılmaq hüququna malik olmadığı ifadə olunmuş Sovet Konstitusiyasını pozan ermənilərə qarşı heç bir tədbir görmürdü.[6] Bundan əlavə, 1988-ci ildən başlayaraq, erməni hərbi birləşmələri Ermənistanda və Azərbaycanın qərb bölgələrində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirirdi. Ermənistanda yaşayan azərbaycanlılar görünməmiş qəddarlıqla öz evlərindən, doğma yurd-yuvalarından didərgin salınır, onların bir çoxu – qoca, qadın və uşaqlar da daxil olmaqla öldürüldü.

1989-cu ilin əvvəllərində SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Sovetinin xüsusi qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasından çıxarıldı və birbaşa Sovet İttifaqının sərəncamına verildi. SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Bu, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin nəzarətindən çıxarılmasında mühüm bir addım idi. Noyabrın 27-də mərkəzi hökumətin qərarı ilə Moskvanın birbaşa hakimiyyəti sona çatdı. Nəticədə Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasına qaytarıldı. Lakin Ermənistan SSR 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-lə Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” qərar qəbul etdi.[7]

Baş verən bütün bu hadisələrdən sonra sovet hökumətinin ikili siyasəti və azərbaycanlı əhalinin öz tarixi ərazilərindən çıxarılması fonunda Azərbaycanda milli azadlıq hərəkatı başladı. 1989-cu ilin sonunda, Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik etdiyi milli azadlıq hərəkatı Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara cavab olaraq müstəqillik və ərazi bütövlüyü idealları uğrunda nümayiş edən yüz minlərlə adamı ətrafında birləşdirərək inanılmaz dərəcədə genişlənmişdi. Belə ki, 1989-cu ilin sonunda Azərbaycanda hadisələrin gedişi ölkədə kommunist hökumətinə deyil, Azərbaycan Xalq Cəbhəsinə sədaqəti, inamı artırdı.[8]

Lakin, Sovet İttifaqı strateji əhəmiyyətli və zəngin enerji ehtiyatlarına malik Azərbaycanı itirə bilməzdi. Sovet hökuməti bu illərdə dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycanın təbii sərvətlərinin parçalanmanı yavaşıdacağını və İttifaqın iqtisadi süqutunun qarşısını almağa kömək edəcəyini düşünürdü. Digər tərəfdən, onlar Sovet İttifaqının müstəqillik iddiasında olan digər üzvlərinə, xüsusilə Baltikyanı ölkələr və Gürcüstana dərs vermək niyyətində idilər. Bu baxımdan, Moskva Azərbaycan Xalq Cəbhəsinə qarşı qəti tədbirlər görməli idi.

Buna görə də, DTK-nın başçısı Kryuçkova qarşıdan gələn seçkilərdə Xalq Cəbhəsinin qələbə qazanmasının qarşısını almaq üçün bir plan hazırlamaq tapşırıldı. Bu səbəbdən, Bakıya Sovet hərbi qüvvələrinin müdaxiləsinə haqq qazandırmaq üçün Sovet hökumətinə bəhanə lazım idi. Buna görə də, DTK tərəfindən Bakının erməni əhalisinə qarşı təşkil edilən talanlar Sovet İttifaqının mənafeyinə xidmət edirdi. Nəticədə, 1990-cı il yanvarın 13-dən 15-ə kimi zorakılıq davam etdi. Yanvarın 16-da zorakılıq dayandırıldı və Bakının erməni əhalisi əsasən Xalq Cəbhəsinin səyləri ilə xilas edildi.[9]

Lakin Sovet rəhbərliyi Azərbaycana müdaxiləsinə haqq qazandırmaq üçün bu zorakılıqdan arqument kimi istifadə etdi. “Qara Yanvar” qətliamı zamanı Bakıya daxil olan hərbi kontingentə məlumat verilmişdi ki, guya onlar rus və ermənilərin yerli əhali tərəfindən pozulmuş hüquqlarını qorumaq üçün gedirlər. Lakin, bu aşkar dezinformasiya idi. Sovet hücumunun real üzü tamamilə başqa idi. Aydın idi ki, Bakının Sovet Ordusu tərəfindən işğalı Azərbaycanda Kommunist rejimin dağılmasını dayandırmaq, Azərbaycanın müstəqilliyi üçün hər hansı bir müxalifət təklifini əzmək və status-kvonun qorunub saxlanması idi. Müsahibələrinin birində Dmitri Yazov o vaxt Bakıda olan bir qrup Sovet jurnalistinə bildirmişdi ki, Bakı hadisələri zamanı Kremlin əsas məqsədi bu cənub respublikasında Azərbaycan Xalq Cəbhəsi tərəfindən “bütün idarə və müəssisələr”də yaradılmış “güc strukturu”nu dağıtmaq idi. Onun sözlərinə görə: “ekstremistlər” “gizləniblər”, bu da “Azərbaycanda asayişin bərpa edilməsi üçün silahlı qüvvələrin öz vəzifəsini yerinə yetirməsini çox çətinləşdirmişdir”.[10] Bu barədə Human Rights Watch-ın hesabatında açıq-aydın deyilir:

Həqiqətdə, 19-20 yanvar gecəsi Sovet Ordusu tərəfindən törədilən zorakılıq həddini o qədər aşmışdı ki, bu azərbaycanlıların müqavimətinə qarşı həyata keçirilən kollektiv cəza idi. Sovet rəsmiləri sovet qoşunlarının müdaxilə etməsində məqsədin milliyyətçi, anti-kommunist müxalifətin Azərbaycan Respublikasının kommunist hökumətini devirməsinə maneçilik törətmək olduğunu açıq-aşkar bəyan etdiyi üçün Sovet əsgərləri tərəfindən Bakıda tətbiq olunan cəza təkcə Azərbaycanda deyil, həm Sovet İttifaqının digər respublikalarında millətçilərə xəbərdarlıq kimi nəzərdə tutulmuşdu.[11]

Bundan başqa, əgər həqiqətən, müdaxilədə məqsəd zorakılığın qarşısını almaq idisə, bəs nə üçün zorakılıq davam edən zaman Bakıda yerləşən 13.000 minlik Sovet hərbi qüvvəsi hadisələri səssizcə müşahidə etmiş və hətta xalq Cəbhəsinin rəhbərliyi sabitliyi və asayişi bərpa etmək üçün həmin qüvvələrin müdaxilə etməsi ilə bağlı daxili işlər nazirinə müraciət edəndə belə hər hansı bir tədbir görülməmiş və onlar müdaxilə etməmək barədə rəhbərliyin birbaşa əmri olduğunu bildirmişdilər.[12]

Bundan başqa, “Qara Yanvar” qətliamının günahsız qurbanlarının siyahısında həmçinin Azərbaycanın müxtəlif icmalarından insanların məs: ruslar, yəhudilər, eləcə də digərlərin olması barədə məlumat verilmişdi. Belə ki, sovetlərin sözdə rus qoşunlarını Azərbaycana Sovet vətəndaşlarına qarşı zorakılığı dayandırmaq məqsədilə yeridilməsi arqumenti onlara bəraət qazandırmır, çünki erməni qətliamı nəticəsində həlak olan azərbaycanlılar da Sovet vətəndaşı idilər və Sovet ordusu azərbaycanlılara qarşı qırğının dayandırılması üçün Ermənistana müdaxilə etmədi. Sovet kütləvi informasiya vasitələri o faciə haqqında heç nə yazmadı və cinayətin üstündən sükutla keçdi. Həmçinin, həmin hadisə Azərbaycanda baş verməmişdən əvvəl, Sovet qoşunlarının 1986-cı ildə Almatıya, 1989-cü ildə Tiflisə və bir qədər sonra 1991-ci ildə Litvanın paytaxtı Vilnüsə qəddarcasına hərbi hücümu Bakıdakı 20 yanvar hadisələrinin məhz siyasi səbəbdən baş verdiyini sübut etdi. Bu “Nəhəngin” son nəfəsi, Sovet İmperiyasının süqutu dövrü idi.


[1] Human Rights Watch/Helsinki, CONFLICT IN THE SOVIET UNION: Black January in Azerbaidzhan (Human Rights Watch, 1991), p. 23.

[2] Abilov, Shamkhal and Isayev, Ismayil, “The National Revival in Azerbaijan Prior to the Fall of the Soviet Union and “Black January,” in Mammadli, Aliaga, Braux, Adeline and Mahmudlu, Ceyhun (eds.), “AZERBAIJANI” AND BEYOND: Perspectives on the Construction of National Identity (Berlin: Verlag Dr. Köster, 2017), p. 112.

[3] Oberdorfer, Don, “Azerbaijani Capital Demands Withdrawal of Soviet Troops”, The Washington Post, 22 January 1990. Retrieved from; (http://files.preslib.az/projects/aggression/meqale_en.pdf). Accessed on January 05, 2014.

[4] Abilov and Isayev, “The National Revival in Azerbaijan Prior to the Fall of the Soviet Union and “Black January,” p. 113.

[5] Miller, Donald E., “The Role of Historical Memory in Interpreting Events in the Republic of Armenia”, in Hovannisian, Richard G., ed., Remembrance and Denial: The Case of the Armenian Genocide (Wayne State University Press, 1994), p. 194.

[6] Mammadov, Mushfig, “Legal Aspects of the Nagorno-Garabagh Conflict”, Caucasian Review of International Affairs, Vol. 1 (1), Winter 2006, p. 16.

[7] a.k.ə. Avakian, Shahen (2010), p. 16

[8] a.k.ə. Cornell, Svante E. (2011), p. 53.

[9] Seyidov, Vugar, “Soviet Army in “Black January”: To Save or Kill?”, AzerTAc, 22 January 2010, p. 24. Retrieved from; (http://files.preslib.az/projects/aggression/meqale_en.pdf). Accessed on December 2, 2022.

[10] Dobbs, Michael, “Soviets Say Troops Used To Avert Coup in Baku; Nationalists Said to Plan Seizure of Power”, The Washington Post, 27 January 1990, p. 13.

[11] Human Rights Watch/Helsinki, (1991), p. 4.

[12] a.k.ə. Seyidov, Vugar, p. 24. Həmçinin bax; a.k.ə. Altstadt, Audrey (1992), p. 213.