Birinci Qarabağ müharibəsi başlayandan regionun qonşu ölkəsi olan İran münaqişənin sülh yolu ilə həllində maraqlı olub və buna nail olmaq üçün öz töhfəsini vermək niyyətində olduğunu bəyan edib.[1] Həqiqətən də, İran münaqişə tərəfləri arasında sülh danışıqları təşəbbüsü irəli sürən ilk ölkələrdən biri olmuşdur. Rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran münaqişənin bu prinsip çərçivəsində həllini dəstəkləyir.[2] Ümumiyyətlə, İran tarixi arqumentlər əsasında ərazi iddialarının legitimliyi tanımır, çünki bu dəlillər münaqişələrin sonsuz uzanmasına səbəb ola bilər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi lap başlanğıcdan İranın milli təhlükəsizliyi üçün təhlükə olduğundan bu ölkənin daxili və xarici siyasətinin əsas problemlərdən biri oldu.[3] Buna görə də, 1992-ci ilin martında İran Tehranda vasitəçilik etməyə başladı və Azərbaycan və Ermənistan nümayəndə heyətlərini aşağıdakı məsələlərin həlli barədə danışıqlar aparmağa dəvət etdi: müvəqqəti atəşkəs müqaviləsi; Ermənistan blokadasının aradan qaldırılması; əsirlərın dəyişdirilməsi və müşahidəçilərin yerləşdirilməsi. Görüşün nəticəsi olaraq, martın 15-də münaqişənin həlli ilə bağlı bəyannamə imzalandı və münaqişənin nizamlanması prosesində ilk addım kimi yeddi günlük atəşkəs barədə razılığa gəldilər.[4] Təəssüf ki, İranın başlatdığı vasitəçilik prosesi uğursuzluğa düçar oldu: müharibə dayanmadı, əksinə daha da gücləndi və 1992-ci il mayın 8-də, məhz münaqişə tərəflərinin müharibənin dayandırılmasına dair Tehran bəyannaməsini imzaladığı gün Dağlıq Qarabağın azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa şəhərinin işğalı ilə nəticələndi.
Əslində, Tehran bəyannaməsinə baxmayaraq Azərbaycan ərazilərinə erməni təcavüzünün davam etməsi İranın münaqişənin həllində vasitəçilik səylərinə maneçilik törədirdi. Bundan əlavə, 1992-ci ilin iyununda Azərbaycanda hakimiyyət dəyişiklikləri də İranı vasitəçilik prosesindən uzaqlaşmasına təsir etdi. Azərbaycanın yeni hökuməti münaqişənin həllində İranın hər hansı bir rolunu rədd etdi.[5] 1993-cü ilin yayında, Qarabağın cənub və şərq hissələrinin Ermənistan tərəfindən işğal olunması nəticəsində minlərlə azərbaycanlı qaçqın Araz çayını keçərək İrana gəldi. Lakin İran onları uzun müddət saxlamaq istəmədiyindən öz ərazilərində qaçqın düşərgəsi salmadı. Əksinə, qaçqın düşərgələri Azərbaycanlı qaçqınlar öz ölkələrinə geri qaytarıldıqdan sonra Azərbaycanda yaradıldı.[6]
1993-cü ilin sentyabrında Ermənistan Naxçıvana qarşı təcavüzkarlıq siyasəti yeridəndə İran Araz çayı üzərində “birgə idarə”olunan bəndlərin qorunmasını təmin etmək üçün qoşun göndərməklə sərhədi keçməsinin qarşısını almağa çalışdı.[7] İranın müdaxiləsi Naxçıvanda heç bir hərbi əməliyyat keçirilməyəcəyinə dair Ermənistan rəsmilərinin verdiyi zəmanəti ilə nəticələndi.[8]
Din, ümumi adət-ənənələr, tarix və hər iki ölkədə yaşayan etnik soydaşları kimi ortaq dəyərlərə sahib olduğu üçün gözləmək olardı ki, müharibə dövründə və atəşkəsdən sonra Türkiyə kimi İran da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyəcək. Lakin, İran Ermənistanla münasibətlərini yaxşılaşdıraraq bu ölkənin əsas ticarət tərəfdaşlarından biri oldu. Statistikaya görə, 2010-cu ildə İran Ermənistanın dördüncü ticarət tərəfdaşı olmuşdur.[9] Bundan əlavə, Qarabağ ermənilərinin əsas tələbatları da İran tərəfindən ödənilirdi. İranla strateji tərəfdaşlıq əslində Ermənistan üçün Azərbaycan və Türkiyənin tətbiq etdiyi iqtisadi embarqodan yan keçməyin bir yolu olmuşdu.
İran münaqişənin həllində maraqlı idi, çünki ölkənin milli təhlükəsizliyi qonşularında sabitlik olmasını tələb edir. Buna görə də, münaqişənin ilkin mərhələsində İran münaqişənin həllinə yardım etməyə çalışırdı. Bu ölkənin ilk vasitəçilik təşəbbüsünün uğursuz olmasına baxmayaraq, münaqişə tərəfləri arasında Atəşkəsə dair ilk saziş Tehran Bəyannaməsinin nəticəsində imzalanmışdı. Ermənistanla sıx əlaqələri olmasına baxmayaraq, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suveren dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında münaqişənin həllini dəstəkləyirdi.[10]
Lakin İkinci Qarabağ müharibəsi regiondakı geosiyasi vəziyyəti dəyişdi ki, bu da İranın regiondakı milli maraqları üçün birbaşa təhlükə hesab olunur. Azərbaycanın qələbəsi məcburi köçkün azərbaycanlılara tarixi ədaləti göstərdi və onların işğaldan azad edilmiş Qarabağ torpaqlarına “böyük qayıdışına” başlamasına imkan verdi. İndi Cənubi Qafqaz regionunda post-münaqişə gündəmi məsələsini aktuallaşıb. Aparıcı beynəlxalq aktorlar sözügedən regionda fəal şəkildə siyasi təsir rıçaqları əldə etməyə çalışırlar. İndiyədək məğlub və təslim olmuş Ermənistandan başqa, müharibədən heç bir qazanc əldə etməyən yeganə ölkə özünü Ermənistanın yaxın dostu və müttəfiqi, həmçinin təhlükəsizliyinin təminatçısı kimi təqdim edən İrandır. Regionun bu iki təklənmiş dövləti- sanksiyalar tətbiq edilən İran və sadəcə Azərbaycana deyil, həmçinin Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları olan Ermənistanın uzlaşma xronologiyası çoxtərəfli əməkdaşlığın qurulması yolunda uğursuz cəhdlərlə doludur.[11]
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Bakı İranla münasibətlərin normallaşdırılması siyasətinə sadiq qalaraq Tehrana “3+3” (3+2) formatında əməkdaşlıq təklif edib, həmçinin İranı Zəngəzur dəhlizi layihəsinə qoşulmağa dəvət edib. Lakin İran bu layihəni öz milli maraqlarına təhdid hesab edir və Qafqaz regionundan təcrid olunmaqdan ehtiyatlanır.[12] Bununla bağlı olaraq, İran ekspert icması və kütləvi mediası Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar yayaraq ikincinin ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılma prosesini sabotajlamağa çalışırlar.[13] İran öz marşrutlarından istifadə etmədən Azərbaycan ilə Türkiyə arasında yeni quru əlaqə quracaq Zəngəzur dəhlizindən dərin narahatdır. İran Qafanda konsulluq yaratmaqla Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyata nəzarət etməyə çalışır.[14]
Beləliklə mövcud geosiyasi oyunda Tehran Ermənistanı dəstəkləyərək regional gündəlikdəki ziddiyətləri qabartmağa çalışır, çünki siyasi dialoqun konstruktiv ab-havası və sağlam əməkdaşlıq beynəlxalq sanksiyaların təsiri ilə daha da ağırlaşan dövlətdaxili xaosda boğulan İran üçün tamamilə zidd bir mühitdir.[15]
[1] R. K., Ramazani, “Iran’s Foreign Policy: Both North and South”, Middle East Journal, Vol. 46, No. 3, Summer 1992, p. 404
[2] “Hafizoglu, R. and Jafarov, T., “Iranian Top Official: Talks on Nagorno-Karabakh Conflict Can Be Conducted More Effectively Inside Region,” Trend, June 28, 2011; https://en.trend.az/azerbaijan/politics/1897526.html. Accessed on December 5, 2022.
[3] Ramezanzadeh, “Iran’s Role as Mediator in the Nagorno-Karabakh Crisis”.
[4] Vaezi, “Karabakh’s Crisis: Iran’s Mediation and the Aftermath”.
[5] a.k.ə. Cornell, Svante E. (1999), p. 93.
[6] a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
[7] a.k.ə. Cornell, Svante E. (1999), p. 93.
[8] a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
[9] Moniquet, Claude & Racimore, William, “The Armenia Iranian Relationships: Strategic Implication for security in the South Caucasus Region”, European Strategic Intelligence and Security Center, 17 January 2013, p. 10.
[10] Mahmudlu, Ceyhun and Abilov, Shamkhal, “The peace-making process in the Nagorno-Karabakh conflict: why did Iran fail in its mediation effort?” Journal of Contemporary Central and Eastern Europe, Vol. 26, No. 1, 2017.
[11] Osmanli, Ceyhun, “Friends in misfortune. What will rapprochement with Armenia and Russia give Iran?” Modern Diplomacy, December 3, 2022; https://moderndiplomacy.eu/2022/12/03/friends-in-misfortune-what-will-rapprochement-with-armenia-and-russia-give-iran/. Accessed on December 5, 2022.
[12] “Iran To Open Consulate In Kapan,” Asbarez, December 29, 2021; https://asbarez.com/iran-to-open-consulate-in-strategic-armenian-region/. Accessed on December 5, 2022.
[13] Shokri, Umud, “Why Iran Opposes Azerbaijan’s Zangezur Corridor Project,” Gulf International Forum, September 28, 2022; https://gulfif.org/why-iran-opposes-azerbaijans-zangezur-corridor-project/. Accessed on December 5, 2022.
[14] Motamedi, Maziar, “Iran opens consulate in Armenia’s Kapan as it expands ties,” Al Jazeera, October 22, 2022; https://www.aljazeera.com/news/2022/10/22/iran-opens-consulate-in-armenias-kapan-to-deliver-a-message. Accessed on December 5, 2022.
[15] Osmanli, “Friends in misfortune”.