ABŞ Münaqişənin ilkin mərhələlərində Konqresdəki güclü erməni lobbisinin təsiri altında daha çox ermənipərəst siyasət formalaşdırmışdı.[1] ABŞ Ermənistanın müstəqilliyini Azərbaycandan əvvəl tanımış və Ermənistan ABŞ səfirliyinin açıldığı ilk beş keçmiş sovet respublikalarından biri idi.[2] Onu da vurğulamaq lazımdır ki, erməni lobbisinin Konqresə göstərdiyi təzyiqlər nəticəsində Ermənistan 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən sonra sovet dövründə ABŞ-dan yardım alan yeganə sovet respublikası idi.[3] Bundan əlavə, 1992-ci ilin oktyabrda erməni lobbisinin səyləri ilə ABŞ Konqresi Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa qarşı “təcavüzkar siyasət”ini dəyişməyincə və mühasirəni aradan qaldırmayanadək ona birbaşa hökumət dəstəyini məhdudlaşdıran “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul etmişdi.[4] Bu düzəlişin nəticəsində Azərbaycan uzun müddət ABŞ-nin hökumət yardımından məhrum qalan yeganə post sovet ölkəsi, Ermənistan isə adambaşına ən yüksək yardım alan dövlət idi.[5] 907-ci düzəliş Konqres qətnaməsindən çıxarıldı və yalnız 2001-ci il sentyabrın 11-dən sonra, qlobal antiterror səylərinə təhdid yarandığı bir vaxtda Prezident tərəfindən təsdiqləndi.[6] Həmin vaxtadək ABŞ-nin Azərbaycana göstərdiyi yardım yalnız humanitar sahə ilə məhdudlaşmış və əsasən, qaçqınlar və məcburi köçkünlərə yönəlmişdi.[7]
ABŞ Dağlıq Qarabağ münaqişəsinə dair iki zidd siyasət yürüdürdü – Konqresin və Dövlət Departamentinin yürütdüyü siyasət.[8] Konqreslə müqayisədə Dövlət Departamenti münaqişə tərəfləri arasında bitərəfliyi gözləməyə və münaqişənin həllinə kömək etməyə üstünlük verirdi.[9] Əslində, münaqişənin ATƏT-in gündəliyinə çıxarılmasında Dövlət Departamenti mühüm rol oynamışdı və danışıqların formatı Dövlət katibi Beykerin təklif etdiyi prinsiplər əsasında formalaşdırılmışdı.[10] Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionu ABŞ-nin strateji maraq dairəsindən kənar olduğundan 1990-cı illərin ortalarına kimi danışıqlar prosesinə az qatılırdı. Lakin Azərbaycanın zəngin karbohidrogen yataqları və əhəmiyyətli geosiyasi mövqeyinə görə ABŞ-nin regionda maraqları artdı. Bu amillər ABŞ-nin Azərbaycanla bağlı siyasətini yenidən formalaşdırmağa və Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə yenidən baxmağa zəmin yaratdı. [11] Bu nəticə xüsusilə 1994-cü ildən sonra, ABŞ şirkətlərinin ümumi səhmlərin 40%-nə sahib olduğu “Əsrin müqaviləsi” adlanan enerji sazişinin imzalanmasından sonra özünü göstərdi. Məhz bu amillərə görə, hətta Konqresdə belə, Azərbaycana və Ermənistana olan münasibət dəyişdi və ABŞ münaqişədə neytral siyasət yürütməyə başladı.[12] Bundan əlavə, enerji şirkətlərinin təhlükəsiz fəaliyyəti üçün bölgədə sabitlik tələb olunurdu ki, bu da vasitəçilik prosesində ABŞ-ni daha fəal olmağa təşviq edirdi. 1997-ci ilin yanvarında ABŞ ATƏT-in Minsk qrupunun üçüncü həmsədri oldu. Bu da ona prosesdə birbaşa iştirak etməyə və məsələnin sülh yolu ilə həlli üçün təşəbbüs irəli sürməyə imkan yaratdı.[13] 2001-ci ilin aprelində ABŞ Ki-Vestdə münaqişə tərəflərinin prezidentlərinin görüşünü təşkil etdi.[14] Təəssüf ki, sülhün əldə edilməsində gözlənilən irəliləyiş olmadı.
Bundan sonra ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, təşkilat tərəfindən başladılmış danışıqlarda səylərini davam etdirmiş, lakin bu danışıqlar 2020-ci ildə müharibəyə cəlb olunan münaqişə tərəfləri arasında yekun sülhün əldə olunmasına gətirib çıxarmamışdı. İkinci Qarabağ müharibəsi və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra tərəflərin apardığı sülh danışıqları zamanı ABŞ neytral ölkə kimi davranaraq tərəfləri hər hansı hərbi təxribatdan çəkinməyə çağırırdı. Lakin onun müharibədən sonrakı ritorikası göstərir ki, ABŞ Qarabağ məsələsində tərəfləri yekun sülhə sövq etmək üçün tərəflər arasında neytral rol oynamaqdansa, prosesdə daha çox erməni tərəfini tutur. Bu baxımdan, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və onun Azərbaycana qarşı təxribat xarakterli ritorikası ABŞ-nin Ermənistana dəstəyinin əyani sübutu kimi qiymətləndirilir.
[1] King, David, & Pomper, Miles, “The U.S. Congress and the Contingent Influence of Diaspora Lobbies: Lessons from U.S. Policy Toward Armenia and Azerbaijan”, Journal of Armenian Studies, Vol. VIII, No. 1, Summer 2004. – s. 8–10.
[2] “U.S. Relations with Armenia”, Department of State, Bureau Of European And Eurasian Affairs, 12 fevral 2013-cü il; (http://www.state.gov/r/pa/ei/bgn/5275.htm). İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[3] a.k.ə. Brill Olcott, M. – 2002. – s. 65.
[4] a.k.ə. King, D., & Pomper, M. – 2004. – s. 10.
[5] Cornell, S.E. Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance”, Middle Eastern Studies, Vol. 34, No. 1, yanvar 1998-ci il. – s. 58.
[6] Kotanjian, Hayk, “Armenian Security and U.S. Foreign Policy in the South Caucasus”, The Quarterly Journal, Vol. 3, No. 2, iyun 2004-cü il. – s. 16.
[7] Nichol, Jim, “Azerbaijan: Recent Developments and U.S. Interests”, Congressional Research Service, 22 fevral 2013-cü il. – s. 28.
[8] a.k.ə. Cornell, S.E. – 1998. – s. 57.
[9] a.k.ə. Brill Olcott, M. – 2002. – s. 63.
[10] a.k.ə. Baguirov, A. – 2008. – s. 9–10.
[11] a.k.ə. Brill Olcott, M. – 2002. – s. 64.
[12] a.k.ə. Human Rights Watch. – 1994. – s. 136.
[13] McDougall. A New Stage in US Caspian Sea Basin Relations.
[14] a.k.ə. Brill Olcott, M. – 2002. – s. 66.