Erməni diasporu keçmiş Dağlıq Qarabağ münaqişəsində hansı rolu oynamışdır?

Erməni diasporunun dünyada təxminən yeddi milyon nəfər olduğu və 100-dən çox ölkədə yaşadığı təxmin edilir. Lakin siyasi və ictimai baxımdan daha fəal qrupları ABŞ və Fransadadır. [1] Bu qruplar münaqişə başlayandan bəri prosesdə fəal iştirak etmiş və qondarma “erməni soyqırımı” ilə birlikdə lobbiçilik fəaliyyətinin əsasına Qarabağ məsələsini də daxil etmişlər. [2]

Hazırda ABŞ-də, əsasən, Kaliforniya və Massaçusetsdə bir milyondan çox erməni yaşayır. Bu diaspor qrupu ölkənin siyasi mühitindən səmərəli imkanlar əldə edir. Amerikadakı digər etnik qrupların diasporları, məsələn, yəhudi, irland və yunanlar kimi erməni diasporu da maraq qruplarının xeyrinə lobbiçilik fəaliyyətinə imkan verən qanunvericilikdən faydalanır.[3] ABŞ-də fəaliyyət göstərən bir sıra erməni diaspor təşkilatları var. Onlar Vaşinqtonda, xüsusilə Kapitolidə lobbiçilik fəaliyyəti göstərərək həm qondarma “erməni soyqırımı”nın tanıdılmasına, həm də Azərbaycanla münaqişədə Ermənistanın üstün mövqe qazanmasına çalışırlar. Bu erməni diaspor təşkilatlarının ən güclüsü Amerika Erməni Assambleyasıdır. Bir qayda olaraq, tarixi vətən münaqişəyə cəlb olunanda diasporun dəstəyi dövlətin yaşaması üçün həlledici əhəmiyyətə malik olması elmi ədəbiyyatda qəbul edilmiş bir anlayışdır. Belə ki, bu baxımdan erməni diasporu əlavə mənbələr cəlb etməklə, təbliğat platforması kimi fəaliyyət göstərməklə, ev sahibi olan ölkələrin hökumətlərinə və beynəlxalq təşkilatlara lobbiçilik etməklə Ermənistan dövlətini münaqişədə maliyyə və silah yardımı ilə dəstəkləmişdir.[4] ABŞ-dəki erməni diasporunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistana maliyyə yardımı göstərən əsas mənbə olduğu bir faktdır.[5] Bundan başqa, erməni diasporu lobbiçilik fəaliyyəti vasitəsilə demokratik təsisatların qurulması üçün keçmiş Sovet İttifaqının yeni müstəqil dövlətlərə maliyyə yardımı göstərən “Azadlığa Dəstək Aktı” vasitəsilə ABŞ hökuməti tərəfindən ən böyük yardım büdcəsinin ayrılmasına nail olmuşdir.[6]

Bundan əlavə, müharibənin davam etdirilməsi üçün erməni diasporu münaqişə zamanı Ermənistanı silahla, həmçinin döyüşçülərlə təmin etmişdir.[7] Diasporun lobbiçilik fəaliyyətinin əsas nailiyyəti “Azadlığa Dəstək Aktı” proqramı vasitəsilə Azərbaycanı ABŞ-nin birbaşa dövlət dəstəyindən məhrum edən 907-ci düzəlişin qəbul edilməsi olmuşdur.[8] Həqiqətən də, Azərbaycan yeganə keçmiş Sovet respublikası idi ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanı “təcrid etdiyi” üçün 2002-ci ilə qədər ABŞ hökumətindən birbaşa maliyyə yardımı almamışdır.

Erməni diasporu həmçinin Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyini təbliğ edən əsas mənbə olmuşdur. O, öz fəaliyyətini yalnız ev sahibi ölkə ilə məhdudlaşdırmamış, müstəqillik əldə etdiyi vaxtdan etibarən Ermənistanın siyasi strukturuna təsir göstərərək münaqişə ilə bağlı qərarların qəbulu prosesində həlledici rol oynamışdır. Belə ki, münaqişənin həllində diasporun mövqeyi Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın mövqeyi ilə uyğun gəlməyəndə, o prezident vəzifəsindən istefa verməyə məcbur edilmişdi.[9]

1900-cü ilin əvvəllərində, xüsusilə Birinci Dünya müharibəsindən sonra Türkiyə və Yaxın Şərq ölkələrindən ABŞ-yə köçmüş erməni diasporu ilə müqayisədə Fransadakı erməni diasporunun orada məskunlaşmasının daha qədim tarixi var. Fransadakı erməni diasporu öz etnik mənsubiyyətini qorumaqla fransız cəmiyyətinə həddindən artıq inteqrasiya olunub. Onlar Ermənistan dövlətinin xeyrinə Fransanın xarici siyasətinə təsir etmək iqtidarında olan fəal etnik qruplarından biri kimi qəbul edilirlər. 1988-ci ildə Sovet Ermənistanında zəlzələdən sonra Fransadakı erməni diasporu ona yardım və pul göndərmək üçün səfərbər olmuşdu. Sovet İttifaqı dağıldıqdan sonra onlar səylərini daha da səfərbər edərək və yalnız maliyyə yardımı ilə məhdudlaşmayaraq, həm də Dağlıq Qarabağ münaqişəsində Fransa hökumətinin Ermənistana siyasi dəstək verməsinə çalışmışdılar. [10] Həqiqətən də, NATO-da Fransanın partnyoru olan Türkiyənin etirazına baxmayaraq Fransa Parlamenti tərəfindən qondarma erməni soyqırımının tanınması açıq-aydın bu ölkədə erməni diasporunun lobbiçilik səyləri ilə həyata keçirilmişdir.[11]

Ümumiyyətlə, erməni diasporu proseslərin inkişafına təsir göstərə bildiyi üçün Dağlıq Qarabağ münaqişəsində mühüm rol oynamışdır. Diaspor təşkilatlarının, xüsusən də ABŞ-də fəaliyyət göstərən Amerika Erməni Assambleyasının Ermənistan cəmiyyətində iqtisadi və siyasi rolu onlara sülhməramlı qərarların qəbulu prosesində bilavasitə iştirak etmək imkanı vermişdi ki, bununla da onlar münaqişənin həllində mümkün “müstəqillik” məsələsi ilə bağlı heç bir güzəştə getməməyə təzyiq göstərirdilər.


[1] Cohen, Robin, Global Diasporas: An Introduction. – Rutledge, 2008. – s. 53.

[2] Shain, Yossi, & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International Organization, Vol. 57, No. 3, Summer 2003. – s. 468–471.

[3] a.k.ə. Shain, Yossi, & Barth, Aharon. – 2003. – s. 455–457.

[4] Shain, Yossi, “The Role of Diasporas in Conflict Perpetuation or Resolution”, SAIS Review, Vol. 22, No. 2, Summer-Fall 2002. – s. 109.

[5] a.k.ə. Cohen, Robin. – 2008. – s. 57.

[6] a.k.ə. Heather, Gregg. – 2002. – s. 36.

[7] a.k.ə. De Waal, T. – 2003. – s. 207.

[8] a.k.ə. Heather, G. – 2002. – s. 27.

[9] a.k.ə. Shain, Y., Barth, A. – 2003. – s. 470.

[10] a.k.ə. Cohen, R. – 2008. – s. 55.

[11] “How will Armenian genocide bill affect France-Turkey relations?”, CNN, 24 yanvar 2012-ci il; (http:// edition.cnn.com/2012/01/23/world/europe/turkey-france-genocide-bill-q-and-a/). İstifadə tarixi: 5 dekabr 2022-ci il.