Qarabağ məsələsində Rusiyanın mövqeyi necədir?

ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq, mübahisənin ilk alovlandığı anlardan etibarən Rusiya münaqişəyə rəsmən cəlb olunmuşdu. Sovet dövründə, xüsusilə 1990–1991-ci illərdə, Sovet İttifaqının status-kvo məsələləri ilə bağlı respublika rəsmilərinin mövqeyi mərkəzin mövqeyi ilə üst-üstə düşdüyündən Moskva Azərbaycanın mövqeyini nisbətən dəstəkləyirdi. Sonralar, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya münaqişə tərəfləri arasında tarazlığı saxlamağa çalışmışdı. Lakin Rusiyanın müharibə zamanı Ermənistanı birbaşa dəstəkləməsi, hətta qoşunlarının Azərbaycan torpaqlarının işğalında iştirakı barədə faktlar var idi. Əslində, Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyaraq münaqişənin sülh yolu ilə həll olunmasını fəal “dəstəkləyib”. O həmçinin tərəflər arasında birtərəfli və çoxtərəfli formada vasitəçilik etməklə də prosesə kömək edib.

Sovet İttifaqının dağılmasından sonra atəşkəsin əldə olunması və qaçqınların öz evlərinə qaytarılması, yerli seçkilərin keçirilməsi, habelə konstitusion idarəçiliyin bərqərar olunması kimi məsələlərin həlli məqsədilə Rusiya və Qazaxıstan tərəflər arasında danışıqlara vasitəçilik etmək təşəbbüsünü irəli sürdülər.[1] Buna baxmayaraq, müharibənin artıq geniş vüsət alması fonunda, tərəflərin danışıqlarda üstün mövqe əldə etməyə çalışması Rusiya və Qazaxıstanın birgə səylərinin nəticə verməməsi ilə nəticələndi. 1992-ci ildə İranın uğursuz vasitəçilik cəhdindən sonra ATƏM-in (ATƏT) Minsk qrupu münaqişənin əsas vasitəçisi oldu. Bu qrupun üzvü olmasına baxmayaraq, Rusiya münaqişənin həlli üçün birtərəfli vasitəçilik cəhdlərini davam etdirirdi. Faktiki olaraq Rusiyanın göstərdiyi səylər nəticəsində 1994-cü ildə münaqişə tərəfləri arasında zorakılığa son qoyan atəşkəs sazişi imzalandı. 1994-cü ildə ATƏT-in Budapeşt görüşündə, Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün həmsədrlik formatı irəli sürüldü və Rusiya həmsədrlərdən biri təyin olundu. Fransa və ABŞ-nin qrupun digər həmsədrləri təyin olunmasından sonra Rusiyanın məsələnin həlli prosesindəki səyləri çoxtərəfli vasitəçilik formatı kontekstində olmuşdu. Beləliklə, Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həlli ilə bağlı müxtəlif planların təşəbbüskarı olsa da bütün planları uğursuzluqla nəticələnmişdi. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Cənubi Qafqaz münaqişələrinin həll edilməsində xoşməramlı olduğunu göstərmək üçün Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında bir neçə görüş təşkil etmişdi. Bu görüşlər nəticəsində münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinin iki ölkə arasında əməkdaşlığın inkişafına təsir edəcəyi vurğulanan Moskva bəyannaməsi qəbul edildi.[2] Moskva bəyannaməsi imzalandıqdan sonra danışıqların davam etdirilməsi və bu prosesin gedişində irəliləyişin əldə olunması məqsədilə 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə prezidentlərin Kazan görüşü təşkil olundu.

Faktiki olaraq belə bir fikir mövcuddur ki, Rusiya özünün geostrateji maraqlarını həyata keçirmək üçün danışıqlar prosesinə mənfi təsir göstərir.[3] Cənubi Qafqaz iki əsrdən artıqdır ki, bir qayda olaraq bu ölkənin təsir dairəsindədir və onun cənub sərhədlərində bufer zonası rolunu oynadığından Rusiya bu regionu üzərində nəzarəti hətta Sovet İttifaqı dağıldıqdan sonra belə itirmək niyyətində deyil.[4] Buna görə də güman edilirdi ki, regionda münaqişələrin həll olunması Rusiyanın maraqlarına təhlükə yaradır. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi və Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə Gürcüstanın ərazi bütövlüyünün pozulması bu ehtimalı sübut etmişdi.[5] Həqiqətən də, Effektiv Vasitəçilik üzrə BMT Təlimatına əsasən münaqişələrin həllində maraqları olan dövlətlərə vasitəçilik prosesinə birbaşa cəlb olunmağa icazə verilə bilməz, çünki vasitəçilik prosesinə cəlb olunmuş maraqlı dövlətlər danışıqların gedişində müxtəlif spekulasiyalar edə bilərlər ki, bu da sonda prosesi çıxılmaz vəziyyətə gətirib çıxara bilər. Üstəlik, vasitəçilər qərəzsiz olmalı, münaqişə tərəfləri ilə bərabər və ədalətli davranmalı, onlar arasında tarazlığı saxlamalıdırlar.[6] Bu baxımdan Rusiya ilə Ermənistan arasında münasibətlər İkinci Qarabağ müharibəsinə qədər bütün sahələrdə, o cümlədən hərbi sahədə strateji tərəfdaşlıq səviyyəsində idi. Bundan əlavə, Ermənistan Rusiyanın rəhbərliyi ilə yaradılmış və “kollektiv müdafiə” prinsiplərinə əsaslanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Beləliklə, Rusiya münaqişənin həll prosesinə daha effektiv şəkildə təsir göstərmək üçün siyasi rıçaqlara malik idi. Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqla yanaşı, münaqişə tərəfləri arasında balansı qorumaq siyasətini davam etdirsə də, Ermənistanla münasibətlərinin daha çox hərbi əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq xarakteri daşıması 2018-ci ilə qədər onun münaqişədə neytral vasitəçi kimi qəbul olunmasına mane olurdu.

2018-ci il inqilabı nəticəsində Ermənistanda hakimiyyətin dəyişməsi ilə Rusiyanın Ermənistana dair münasibəti də dəyişdi. Bu baxımdan, Rusiyanın İkinci Qarabağ müharibəsi zamanı “passiv mövqeyi” Ermənistanın yeni rəhbərliyinin Avropaya inteqrasiya cəhd­lərinə cavab idi. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasındakı münaqişə Rusiya üçün bu dövlətləri öz təsir dairəsində saxlamaq və onları Qərbin təsirindən qorumaq üçün mühüm amil olub. Lakin Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsi və Rusiyanın Ukraynadakı müharibəsi Rusiyanın regiona münasibətini dəyişərək Cənubi Qafqazda təsirini zəiflədib. Bu baxımdan, ABŞ-nin Alman Marşal Fondunun baş elmi işçisi Conatan Katz Ukrayna müharibəsinə toxunaraq vurğulayır ki, “təkcə hərbi itkilərin deyil, həm də sanksiyalar nəticəsində iqtisadi itkilərin təsirindən Rusiya bu gün daha zəif ölkəyə çevrilib və 24 fevral öncəsində olduğundan daha az gücə sahibdir”.[7] Bununla belə, Rusiya əsrlər boyu regionun geosiyasi oyunçularından biri olaraq regionda mövcud­luğunu mümkün qədər saxlamağa çalışır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın ilkin şərti kimi İkinci Qarabağ müharibəsindən sonra bölgəyə yerləşdirilmiş Rusiyanın “sülhməramlı” qüvvələri də Rusiyanın bu planının tərkib hissəsi idi. Bu baxımdan, Ermə­nistan və Azərbaycan arasında hər iki ölkəni Qərbə doğru sövq edə biləcək yekun sülhün əldə olunmasından daha çox Qarabağ məsələsi ilə bağlı tərəflər arasında mövcud status-kvo Rusiyanın regionda oyunçu kimi qalması üçün daha sərfəlidir.

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra Prezident İlham Əliyev Rusiyanın sülhməramlı kontingentinin bölgədəki missiyasını vaxtından əvvəl dayandırmaq haqqında qəti qərar qəbul etdi. Prezident İlham Əliyev bununla bağlı verdiyi bəyanatda sülhməramlıların səylərini yüksək qiymətləndirərək qeyd etmişdir: “Bugünkü tədbir sizin sülhməramlı missiyanızın başa çatmasına həsr olunub. Bu münasibətlə sizi təbrik edir və Qarabağ iqtisadi rayonunda sülh və sabitliyin rifahı naminə göstərdiyiniz cəsarətli xidmətə görə minnətdarlığımı bildirirəm”.[8] Bu qərar Azərbaycanın öz əraziləri üzərində tam suverenliyinin bərpasına və uzun müddətli regional sabitliyin təmin edilməsinə sadiqliyini vurğulayır.


[1] a.k.ə. Başer, B. – 2008. – s. 90.

[2] Pashayeva, G. The Nagorno Karabakh Conflict In The Aftermath Of The Russia-Georgia War, Turkish Policy Quarterly, Vol. 8, No. 4. – s. 62–63.

[3] Mahmudlu, C., Əhmədov, A. Beş günlük müharibənin Cənubi Qafqaz dövlətlərinə təsiri”, Journal of Qafqaz University, No. 29, 2010. – s. 47.

[4] Dekanozishvili, M. The EU in the South Caucasus: By What means, to What Ends?” Georgian Foundation for Strategic and International Studies, Occasion Paper #2, yanvar 2004-cü il. – s. 7.

[5] a.k.ə. Ceyhun M., Əhmədov, A. – 2010. – s. 49.

[6] “UN Guidance for Effective Mediation”, United Nations Department of Political Affairs, sentyabr 2012-ci il. – s. 10.

[7] Wilson, Audrey, “Is Moscow Being Tested in Nagorno-Karabakh?” Foreign Policy, 14 sentyabr 2022-ci il; https://foreignpolicy.com/2022/09/14/nagorno-karabakh-violence-armenia-azerbaijan-russia/. İstifadə tarixi: 5 dekabr 2024-cü il.

[8] Eruygur, Burc, “Azerbaijan holds ceremony on completion of Russia’s peacekeeping contingent in Karabakh”, Anadolu Agency, 15 May 2024-cü il; https://www.aa.com.tr/en/politics/azerbaijan-holds-ceremony-on-completion-of-russia-s-peacekeeping-contingent-in-karabakh/3220660. İstifadə tarixi: 5 avqust 2024-cü il.