Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini tam dəstəkləyən və münaqişəni dövlətlərarası münaqişə, Ermənistanı isə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 20 faiz ərazisini zəbt etmiş işğalçı dövlət kimi tanıyan ölkələrdən biridir.[1] Beynəlxalq aləmdə Türkiyənin rəsmiləri tez-tez münaqişə ilə bağlı Azərbaycanın mövqeyini ifadə və müdafiə edərək beynəlxalq ictimaiyyəti mübahisənin həllinə yardımçı olmağa çağırır.[2] Bundan başqa, Azərbaycanla birlikdə Türkiyə də Ermənistana embarqo tətbiq edərək Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik münasibətlər qurmamışdır.[3]
Münaqişənin əvvəlində Türkiyə bitərəf siyasət yürüdərək məsələni ATƏT-in gündəminə gətirə bilmişdi.[4] Ermənistanla normal münasibətlər quran qonşu kimi Türkiyə Ermənistanın müstəqilliyini bir sıra dövlətlərdən əvvəl tanıyan ölkələrdən biri idi. 1993-cü ildə Türkiyə Ermənistanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüyünə dəvət etmişdi. Bundan başqa, ölkə ciddi qıtlıqla qarşılaşdığı zaman Türkiyə Ermənistanı enerji və yüz tonlarla buğda ilə təmin etmişdi.[5]
Lakin Türkiyənin münaqişədəki neytrallıq siyasəti uzun sürmədi, çünki Xocalıda azərbaycanlı mülki şəxslərin qətliamı və Ermənistanın Azərbaycan ərazilərindəki hərbi irəliləyişi ona münaqişəyə münasibətini yenidən gözdən keçirməyə vadar etdi. Bundan əlavə, ictimai rəy və daxili təzyiq də Türkiyənin tərəfsizliyini qoruyub saxlamasına imkan verməyən digər amillər idi.[6] Həqiqətən də Türkiyə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədi bağlamaqla qonşusuna qarşı daha radikal qərarlar qəbul etdi.[7] Bundan əlavə, Türkiyə Azərbaycanla hərbi əlaqələr də daxil olmaqla, bütün sahələrdəki münasibətini gücləndirdi[8] və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü səbəbindən təməl ehtiyacların təmin edilməsi məqsədilə Ermənistanla imzalanmış bütün humanitar sazişləri ləğv etdi.[9] Ancaq, Türkiyə daim Azərbaycana dəstək olmasına baxmayaraq, münaqişəyə hərbi müdaxilə etmək niyyətini ifadə etməmişdir.[10] Azərbaycan da heç vaxt Türkiyədən rəsmi şəkildə müdaxilə etməyini xahiş etməmişdir.
Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olsa da, münaqişədə azərbaycanyönlü mövqeyi onun məsələnin həlli prosesində birbaşa iştirakını məhdudlaşdırıb. Bütün bunlara baxmayaraq, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Türkiyə Cənubi Qafqazda daha fəal olmağa çalışaraq “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması”nı təklif etmişdi. Sənədin məqsədi Türkiyə və Rusiya da daxil olmaqla üç Cənubi Qafqaz dövləti arasında sabitlik, sülh və əməkdaşlıq yaratmaq idi. Bu sazişin prinsipləri çərçivəsində, Türkiyə Ermənistanla yaxınlaşmağa başladı ki, bu da iki dövlət arasında münasibətlərinin normallaşması haqqında protokolların imzalanması ilə nəticələndi.[11] Türkiyə rəsmiləri Ermənistanla münasibətlərin normallaşdırılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyinə inanırdılar.[12] Lakin Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən protokolların ratifikasiyasının rədd edilməsi ölkələr arasında başlayan normallaşma prosesini iflasa uğratdı və dövlətlər arasında münasibətlər dəyişməz olaraq qaldı.[13]
Türkiyənin Qarabağ məsələsində mövqeyi həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonra ardıcıl olaraq qalmışdır. Azərbaycanın ən yaxın regional müttəfiqlərindən biri kimi, Türkiyə 2020-ci il müharibəsi boyunca Bakıya güclü siyasi, diplomatik və mənəvi dəstək göstərmişdi. Ankara dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini vurğulamış və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri almaq hüququnu açıq şəkildə dəstəkləmişdir. Müharibədən sonra da Türkiyə Cənubi Qafqazda uzunmüddətli sülhün qurulması və regional əməkdaşlığın təşviqi məqsədilə aparılan münaqişəsonrası bərpa və normallaşma səylərini dəstəkləməyə davam etmişdir.
[1] Shamkhal Abilov, “The Discourse “One Nation Two State”: The Position of Turkey in the Nagorno-Karabakh Conflict”, Journal of Caspian Affairs, Vol. 1, No. 2, 2015.
[2] a.k.ə. Cornell, S.E. – 1999. – s. 66.
[3] a.k.ə. Cornell, S.E. – 1998. – s. 51.
[4] a.k.ə. Cornell, S.E. – 1999. – s. 68.
[5] Gökçe, M. Yukarı Karabağ Sorunu ve Türkiye-Ermenistan Ilişkileri Üzerine bir Değerlendirme”, Turkish Studies International Periodical For The Languages, Literature and History of Turkish or Turkic, Vol. 6/1, Winter 2011. – s. 1119.
[6] a.k.ə. Cornell, S.E. – 1998. – s. 60–61
[7] a.k.ə. De Waal, T. – 2003. – s. 205.
[8] Abilov, The Discourse “One Nation Two State”.
[9] a.k.ə. Gökçe, M. – 2011. – s. 1120.
[10] a.k.ə. Cornell, S.E. – 1998. – s. 51.
[11] Welt, Cory, “Turkish-Armenian Normalisation and the Karabakh Conflict”, Perceptions, Vol. XVIII, No. 1, Spring 2013. – s. 208
[12] Ahmet, Davutoglu, “Turkey’s Zero-Problems Foreign Policy”, Foreign Policy, 20 may 2010-cu il; (http://foreignpolicy.com/articles/2010/05/20/turkeys_zero_problems_foreign_policy). İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[13] a.k.ə. Welt, Cory. – 2013. – s. 209.