1990-cı illərdə, münaqişənin erkən mərhələlərində, BMT, ATƏT-in Minsk qrupu və Rusiya kimi üçüncü tərəflərin vasitəçilik prosesinə cəlb olunduğu vaxtlarda Avropa İttifaqı yalnız Dağlıq Qarabağda deyil, eləcə də digər postsovet münaqişələrindən kənar duraraq heç bir sülh yaratma fəaliyyətinə qoşulmurdu. Lakin Avropa İttifaqı dövləti olan Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, vasitəçilik prosesində birliyi təmsil etmirdi. Hətta Fransaya həmsədr vəzifəsini Aİ-yə ötürmək barədə təkliflər olsa da, rəsmi Paris bunu rədd etmişdi.[1] Azərbaycan Fransanın ermənipərəst mövqe tutduğuna inanırdı. Buna görə də prosesdə təkcə Fransanın yox Aİ-nin iştirakını görmək istəyirdi. [2]
Xüsusilə 2003-cü ildən sonra, müxtəlif siyasətləri çərçivəsində Aİ siyasi və təşkilati islahatlar keçirmək, vətəndaş cəmiyyətini inkişaf etdirmək və əlverişli siyasi, iqtisadi və sosial mühit yaratmaq kimi struktur yanaşmalar təklif etməklə münaqişənin həllində öz təşəbbüslərini intensivləşdirmişdir.[3] Region dövlətləri – Azərbaycan, Ermənistan və Gürcüstanla əlaqələrin qurulması istiqamətində ilk təşəbbüs olaraq Avropa İttifaqı 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə (AQS) imza atdı.[4] Avropa İttifaqı AQS-nin müsbət iqlimin formalaşmasına kömək edə biləcəyinə və sonda münaqişənin həllinə gətirib çıxaracağına ümid edirdi.[5] Ancaq AQS-nin fəaliyyət planları münaqişənin həllindən daha çox, əsasən, iqtisadi və siyasi transformasiyaya doğru yönəldildiyindən gözlənilən nəticələri vermədi.[6]
Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməkdə Aİ-nin ikinci vasitəsi Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi (AİxN) olmuşdu. Aİ-nin ilk xüsusi nümayəndəsi 2003-cü ildə təyin edildi. 2006-cı ildə münaqişənin həllində iştirakının daha effektiv olması məqsədilə mandatın səlahiyyətləri daha da artırılmışdır. Təəssüf ki, AİxN-nin prioritetləri aydın olmadığından bu təşəbbüs də Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək digər vasitələr kimi səmərə verməmişdir.[7]
2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra, 2009-cu ildə Aİ regional inkişafın təmin edilməsi məqsədilə münaqişələrin həll olunmasının vacibliyini vurğulayan yeni – “Şərq tərəfdaşlığı” (ŞT) proqramını irəli sürdü. ŞT-nin əsas məqsədi Assosiasiya Sazişi çərçivəsində Aİ və Şərq ölkələri arasında inteqrasiyanın artmasına səbəb olacaq ikitərəfli münasibətlərin dərinləşdirilməsi idi. Assosiasiya Sazişi üzrə Azərbaycan və Ermənistanla danışıqlara 2010-cu ilin iyulunda başlandı. Danışıqlara siyasi dialoq, xarici və təhlükəsizlik siyasəti, ədalət, azadlıq və təhlükəsizlik, iqtisadi və sektoral əməkdaşlıq, Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) kimi sahələr daxil idi.[8] Uzunmüddətli perspektivdə dərin regional inteqrasiya nəticəsində münaqişə tərəfləri arasında qarşılıqlı asılılıq olacağı gözlənilirdi ki, bu da münaqişənin həlli üçün müsbət iqlimin formalaşmasına təsir edəcəkdi. Amma münaqişə tərəflərinə qoyulan tələblərin aydın olmaması üzündən Aİ-nin münaqişələrin həllinə kömək məqsədilə region ölkələri ilə bağlı əvvəlki layihələri kimi bu da uğursuzluqla nəticələndi. Yuxarıda göstərilən müqavilə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir müsbət nəticə əldə etmək üçün münaqişə tərəflərinin hər ikisinin üzərinə bəzi ilkin şərtlərin qoyulması vacibdir.[9]
Bundan əlavə, Aİ etimad yaratma prosesinə qeyri-hökumət təşkilatlarını cəlb etmək məqsədilə Dağlıq Qarabağ münaqişəsinin Sülh Yolu ilə Həlli üçün Avropa Tərəfdaşlığı (EPNK) adlı vətəndaş cəmiyyəti proqramını başlatdı. Proqramın başlıca məqsədi münaqişənin bütün tərəflərindən olan siyasətçilər, KİV və vətəndaş cəmiyyətləri arasında dialoqun təbliğ edilməsi idi. Güman edilirdi ki, EPNK münaqişədə iştirak edən icmalar tərəfindən effektiv vətəndaş iştirakına səbəb ola biləcək uyğun mühitin yaradılmasına kömək edəcək.[10]
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən əvvəl Aİ münaqişənin sülh yolu ilə həllini dəstəkləyərək Avropa İttifaqının Şərqə doğru genişlənməsindən sonra Cənubi Qafqazın birliyə coğrafi yaxınlaşması səbəbindən imkan daxilində bütün vasitələrdən istifadə edərək sülhyaratma prosesinə kömək etmək niyyətində olmuşdur. Məhz buna görə də Rusiyanın Ukraynada başının qarışdığı və Ukrayna müharibəsinə görə qlobal arenada siyasi etimadını itirdiyi bir zamanda, Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesində yeni vasitəçi olmağa cəhd etmişdir. Bununla əlaqədar olaraq Avropa İttifaqı münaqişə tərəfləri arasında yekun sülhə nail olmaq məqsədilə 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın bir neçə dəfə görüşməsi təşəbbüsü ilə çıxış etmişdir. Buna görə də qeyd edilir ki, “Avropa İttifaqı bir daha bölgədəki geosiyasi boşluğu doldurmaq üçün ən fəal tərəf kimi görünür, halbuki Rusiya rəhbərliyində olan KTMT-nin reaksiyası ən yaxşı halda zəif olmuşdur… [və] Aİ-nin bu prosesə cəlb olunması əvvəlkilərlə müqayisədə daha davamlı, güclü və qətiyyətli olmuşdur.”[11]
[1] Cristescu, Roxana & Paul, Amanda, “EU and Nagorno-Karabakh: A ‘Better Than Nothing’ Approach”, euobserver.com, 15 mart 2011-ci il
[2] Shiriyev, Zaur, “Challenges for the EU in the resolution of Nagorno Karbakh conflict: An Azerbaijani Perspective”, European Policy Center/Policy Brief, 17 iyun 2013-cü il.
[3] Simão, Licínia, “The problematic role of EU democracy promotion in Armenia, Azerbaijan and NagornoKarabakh”, Communist and Post-Communist Studies, Vol. 45, Issues 1–2, mart -iyun 2012-ci il. – s. 193–200.
[4] Wolff, Stefan, “The European Union and the Conflict over the Nagorno-Karabakh Territory”, Report prepared for the Committee on Member States’ Obligations Parliamentary Assembly of the Council of Europe, 4–5 noyabr 2007-ci il.l.
[5] Ferrero-Waldner, Benito, “The European Neighbourhood Policy: The EU’s Newest Foreign Policy Instrument”, European Foreign Affairs Review, 11 (2), 2006. – s. 139.
[6] a.k.ə. Shiriyev, Z. – 2013.
[7] a.k.ə. Wolff, Stefan. – 2007.
[8] a.k.ə. The EaP’s bilateral dimension”.
[9] a.k.ə. Shiriyev, Z. – 2013.
[10] “The European Union continues to support civil society peace building efforts over NagornoKarabakh”, Press release A 490/12, European Union, 6 noyabr 2012-ci il; (http://www.consilium.europa. eu/press/press-releases/latest-press-releases?lang=en). İstifadə tarixi: 5 dekabr 2022-ci il.
[11] Urciuolo, Luca, “Moscow’s involvement in Ukraine allows the European Union to accredit itself as a mediator between Armenia and Azerbaijan,” Geopolitical Report, ISSN 2785–2598, Vol. 25 Issue 3, 7 noyabr 2022-ci il. Götürülmüşdür; SpecialEuroasia; https://www.specialeurasia.com/2022/11/07/european-union-caucasus/. İstifadə tarixi: 5 dekabr 2024-cü il.